Modern.az

Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var”

Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var”

14 Sentyabr 2019, 17:13

Prezident İlham Əliyev “Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə sənətkarın 100 illik yubileyi üçün tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq, onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş verib, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınıb. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.


Xalq artistinin 100 illiyi ilə əlaqədar Əminə Dilbazi və xalq artisti, tanınmış bəstəkar Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi Modern.az-a anasının xatirəsinin əbədiləşdirilməsindən danışıb:


- Pərvin xanım, Prezident İlham Əliyev "Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. Necə düşünürsünüz, gözlədiyiniz səviyyədə qeyd olunacaqmı?

- Mən Əminə Dilbazinin ailəsi adından Əminə xanımın yaradıcılıq irsinə verdiyi yüksək qiymətə və milli rəqs məktəbinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Övladları, nəvələri və nəticələri bu sevincli xəbəri böyük qürur hissi ilə qarşıladılar. Bu, təkcə bizim bayramımız deyil, bütün Azərbaycanın bayramıdır. O, uzaq və mühafizəkar dövrdə azərbaycanlılara müsbət bir nümunə qoydu. O sübut etdi ki, qadın seçimində sərbəst olmalıdır, insanların qınağından qorxmadan səhnəyə çıxa bilər. Yubiley tədbirlərinin yüksək səviyyədə, Azərbaycan xalqının ən yaxşı adət-ənənələri ilə baş tutacağına şübhə etmirik.

Hamı bunu gözləyir və hazırlaşır. Ailəmiz tədbirlərdə iştirak etmək üçün Bakıya gələcək.



- Əminə xanımın xatirəsinin əbədiləşdirilməsi üçün təklifləriniz nədir?

- Bu yubiley ilində onun adını ana vətənində, Qazaxda əbədiləşdirmək, xüsusən də görkəmli bir rəqqasə abidəsi ucaltmaq və yerli rəqs məktəbinə Əminə Dilbazinin adını vermək çox gözəl olardı.

Əminə Dilbazi Bakıda, 1959-cu ildə Dövlət Azərbaycan Tibb İnstitutunda, respublikada ilk qadın ansamblı olan “Çinar” ansamblını yaradıb. Əminə xanım Tibb İnstitutu tələbələrindən ibarət həvəskar bir ansamblı peşəkar, dövlət ansamblı səviyyəsinə qaldırdı. Hökumətin bütün konsertlərində gələcək həkimlərin çıxışları vacib idi, onların xalq rəqslərini  mahir ifa etməsi, texnikası hər zaman gurultulu alqışlara səbəb oldu. Onlar həm Azərbaycanda diqqət mərkəzində olublar, həm də xaricdə ölkəmizi təmsil ediblər.


İki yaradıcı insanın – ata və anamın bir zamanlar yaşadığı mənzildə muzey yaradılmasını istəyərdim. Və hər hansı bir küçəyə Əminə Dilbazinin adının verilməsini təklif edərdim.


Bir arzum var ki, anamın on illər boyu işlədiyi və atamla görüşdüyü filarmoniyada amerikalı bəstəkar Aleksandr Peskanov tərəfindən yazılmış və valideynlərimə həsr olunmuş Azərbaycan Rapsodiyası orkestri ilə fortepiano konserti edəcəklər. Bu konsertin premyerası Nyu-Yorkda, “Carnegie Hall”da, eləcə də İngiltərə, Avstriya, Almaniyada baş tutdu və indi İsraildə tamaşa üçün hazırlanır. Çox istərdim ki, bu tədbirin təşkilində iştirak edim.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?