Modern.az

Ekstremal reportaj

Ekstremal reportaj

15 Fevral 2012, 11:14

İkinci «görüş»


Bu mənim Ekstremal və İdman Növləri Federasiyasıyla dağlara ikinci səfərim idi. Hər ikisi də eyni yerə - Şahdağa... Qusarın Dağıstanla sərhəddə yerləşən Ləzə kəndinə. Fərq ondaydı ki, birincidə yaz havasında, ikincidə qarlı, şaxtalı havada, hətta Bakıda belə insanların evdən bayıra çıxmağa risk eləmədiyi bir vaxtda Qusarın Ləzə kəndində keçirilən yarışları izləməliydim. Elə səfər heyətindən də əksər həmkarlarımızın hava şəraitini “nəzərə aldığı” hiss olunurdu.

Amma qarşıda bizi marağına, ekstremallığına görə keçirilən yarışdan heç də geri qalmayan bir yol gözləyir. Adi havada cəmi iki saatlıq yol olan Qusara səfərimiz başlayır...

Tanış olaq... Yol yoldaşlarım-sürücü Müseyib. Yaşıdımdır. Yolboyu həmyaşıdımın sözün əsl mənasında əla yol yoldaşı olduğunu hiss edirəm. Azad Azərbaycan telekanalının əməkdaşları reportyorlar Elvin Dəmirli, Fərid Rəsul və operator Ramin Şahbazov.

Gecədən dəfələrlə yola çıxıb-çıxmamaq barəsində o qədər götür-qoy elədim ki... Mən yatanda artıq saat 4 idi. İndi səhər saat 8-də yola çıxmaq... sizcə necə olar?

Bakıdan uzaqlaşdıqca, hava şəraiti daha da kəskinləşir, yol kənarındakı qar topaları “böyüməyə başlayır”. Amma insafən hələlik magistralda vəziyyət elə də pis deyil. Yəqin təmizləyiblər... Sürücümüz Müseyib də gənc olmasına rəğmən xeyli təcrübəlidir. Üstəgəl bizə yol yoldaşlığı edəcək avtomobilimiz...

...Hər kəs Facebook ünvanına daxil olub yol təəssüratlarını bölüşür. Hətta bir maşında yol gedən Ramin, Elvin və Rəsul “face”də məktublaşırlar. Heç şübhəsiz ki, bütün bunlar əylənməklə yolu “qısaltmaq” məqsədi daşıyır. Maşındakı hər kəslə ilk dəfədir yol yoldaşlığı edirəm. Bəlkə də nə vaxtsa tədbirlərdə, mərasimlərdə rastlaşmışıq. Amma beləsi olmayıb... Şəhərdən uzaqlaşdıqca ənənəvi “start həyəcanı” geridə qalır və hər kəs yumor boxçasının ağzını açır. Amma məni narahat edən bir məqam da var. Maşındakılardan heç kim siqaret çəkən deyil məndən başqa. Belədə etika xatirinə maşında siqaret çəkməməliyəm. Deməli, nikotinə olan tələbatımı ödəmək üçün hardasa dayanmalıyıq. Bu vəziyyətdə isə Şahdağa gedən digər iki maşından geri qala bilərik. Amma sən demə, qismətdən qaçmaq olmazmış.  Qubanın girişində dayanıb dükana girmək istəyəndə məlum olur ki, avtomobilin təkərində nasazlıq var. Yaxınlıqda isə təkər təmiri yeri... Digər maşındakı həmkarlarımız tez-tez zəng edib harda olduğumuzu soruşurlar... Təxminən yarım saat ərzində usta bizi yola salır. Yolüstü nahar edib tərpənirik. 

Ekstrim başlayır

Yollar və hava şəraiti getdikcə bizi qorxudur. Yavaş-yavaş ekstrim, adrenalin, əyləncə və etiraf etmək gərək ki, bir az da qorxu keçirdiyimiz hisslərin sırasına əlavə olunur. Hər vəchlə yolboyu maraqlı bir şeylər etməyə çalışırıq.

Yaxınlaşırıq... Bəmbəyaz dağlar...iyirmi dərəcəyə yaxın şaxta... Qəribə olan bilirsiniz nədir? Bakıdakından fərqli olaraq burda qar özüylə külək gətirmir və daha səliqəli yağır. Hətta böyük bir qar topasının içindən ayrı-ayrı qar dənəciklərinin formasını da görmək mümkündür. Deyəsən, məndən başqa kimsə Ləzədə olmayıb. Bu mənimçün həm yaxşı, həm də pisdir. Məsələ burasındadır ki, yolun bəzi hissələri sözün əsl mənasında həyati təhlükə daşıyır özündə. Azacıq naşılıq ... və hündürlüyü min metrdən artıq, bəlkə də daha çox olan dağın ətəyindəsən... Təbii ki, xırda-xırda tikələr formasında... Birtəhər gəlib çatırıq. Uzaqdan donmuş şəlalənin yaxınlığında bir çadır görünür. Hə çatmışıq... Yavaş-yavaş tanış olmaq məqamıdır. Çadıra girmədən birbaşa yarış iştirakçılarının yanına yollanırıq.  Mübaliğəsiz-sadəcə əsrarəngiz, sözlə ifadə olunması çətin olan mənzərədir. Hər halda cəhd edirəm... Təsəvvür edin, dağdan axan şəlalə tirakçılar bu şəlaləni fəth etməlidirlər. 

Buzadırmananlar

Yarışın baş hakimiylə  tanış olaq-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti Valeri Qədirov. Deyir ki, buzadırmanma qış idman növüdür: “Yarışımız buzadırmanma üzrə açıq respublika çempionatı adlanır. İlbəil içtirakçılarımızın sayı artır. Əgər əvvəlki illərdə 40 nəfər idmançı bu yarışlarda iştirak edirdisə, bu il 100-dən artıq yarışmaçımız var. Budəfəki yarışın daha bir özəlliyi də var. Belə ki, əvvəllər çempionatımızda ancaq Bakı təmsilçiləri mübarizə aparırdılar. İndi isə yarış beynəlxalq səviyyədə keçirilir, Rusiyadan, İrandan idmançılar iştirak edirlər”.

Valeri Qədirovun sözlərindən belə aydın olur ki,  digər ölkələrdən ən böyük heyətlə təmsil oluanı Dağıstandır-10 nəfər. İranınsa dörd buzadırmananı Ləzəyə təşrif buyurub. Qusar və İsmayıllı idmançılarının daha yaxşı təsir bağışladığını söyləyən mütəxəssis “Babadağ” və yerli ”Salavat” klubunun nəticələrinin ümidverici olduğunu deyir.

Hava və Ekstremal idman növləri fedarasiyasının vitse-prezidenti Sarvan Rəsulov isə bildirir ki, hava şəraitinə görə, yarış bir neçə dəfə təxirə salınıbmış: “Buzadırmanma üzrə açıq respublika çempionatı keçirilir. Artıq dördüncü ildir ki,  bu yarış beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq  təşkil olunur.  Yarışmanın marşrutu  Türkiyədən dəvət olunmuş beynəlxalq dərəcəli hakim Murad Salim tərəfindən müəyyən edilib. Keçirdiyimiz yarışların nəticəsi olaraq bu ildən Azərbaycan buzadırmanma üzrə dünya çempionatı və dünya kuboku yarışlarında , Asiya və Avropa birinciliklərində iştirak etmək üçün vəsiqə qazanıb. Artıq iyirmidən artıq idmançımız Koreyada. İsveçrədə Ruminiyada dünya kuboku və dünya çempionatı kimi mötəbər yarışlarda iştirak ediblər”.

İştirakçıların yaşına gəlincə, vitse-prezident bildirir ki, 15 yaşından yuxarı istənilən şəxs özünü bu yarışda sınaya bilər. Yəni yuxarı yaş həddi yoxdur. Öyrənirik ki, təsnifat yarışlarından sonra yüksək nəticə göstərənlər yarimfinal və final mərhələsinə vəsiqə qazanacaqlar. Maliyyə məsələsinə gəlincə:  “Əslində bu yarış Gənclər və İdman Nazirliyi tərəfindən keçirilməliydi. Ancaq nazirlik açıq çempionatı keçirməyi  bizim federasiyaya həvalə edib. Federasiyanın da əsas hamisi Qərb Universitetidir”.

Əgər söhbət yarışdan gedirsə, deməli yarışmaçılarla da danışmaq lazımdır. Bakının “Klaynber” klubunun təmsilçisi Qələndər Qələndərovun  21 yaşı var və cəmi 6 aydır ki, bu idman növüylə məşğul olur. Amma: “Gürcüstanda keçirilən beynəlxalq yarışda, İsveçrədə keçirilən Avropa çemppionatında iştirak eləmişəm”.

Söhbətin bu yerində federasiyanın vitse prezidenti Sarvan Rəsulov müdaxilə edir: “Qələndərovun nəticəsi ümidvericidir. Biz birinci dəfədir belə yarışda iştirak edirdik. Mükafatçılar sırasına düşməyəcəyimizi bilirdik. Ona görə də əsas məqsədimiz iştirak və gənc idmançılarımızın təcrübə toplamasıydı”.

Qələndər deyir ki, idmanın bu növünə marağı hələ uşaq yaşlarından ols da, məşğul olmağayer tapmırmş: “Həm buzadırmanma, həm də qayaydırmanma ilə məşğulam. Federasiya rəhbərliyi sağ olsun ki, yarışlara getməyimizə, səfər xərcələrimizi öz üzərinə götürür. Həmçinin bacardıqca digər xərclərimizi də qarşılamağa çalışırlar. Əslində məni maliyyə tərəflərindən daha çox bu idman növündəki qəribəliklər, həyəcan daha çox maraqlandırır”.

Artıq günortadan xeyli keçib. Bakıya qayıtmaq zamanıdır. Yarış iştirakçılarından ayrılıb yaxınlıqda qurulmuş çadırda qızınırıq. Elvin Dəmirlinin ayaqları donub. Elə mənim də vəziyyətim ondan geri qalmır... Nə qədər ki gec deyil... Bizə yaxşı yol!!!



İntiqam VALEHOĞLU
Bakı-Qusar-Ləzə-Bakı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü