Modern.az

“Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ

“Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ

Aktual

16 Sentyabr 2019, 14:01

“Bu il ötən illə müqayisədə Azərbaycanda üzümçülük sahəsində 15-20 faiz artım gözlənilir”.

Bu barədə Modern.az-a Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov məlumat verib.

T.Pənahov deyib ki, hazırda davam edən üzüm yığımının oktyabrın sonunada yekunlaşdırılması nəzərdə tutulub:

 “Üzüm Aran rayonlarında tez, dağlıq rayonlarda gec yetişir. Bu il üçün gözlənilən üzüm məhsulu 170 min tondan az olmayacaq. Ötən il 165 min ton məhsul yığılmışdı”.

Onun sözlərinə görə, üzüm, əsasən, Cəlilabadda, Şəmkir, Tovuz, Siyəzən, Dəvəçi, Ağsu, İsmayıllı, Qəbələ, Samux və Şamaxıda yetişdirilir:

“Ölkə üzrə süfrə üzümünə olan illik tələbat təqribən 180 min tondur. Üzümün 30 faizi (45 min ton) süfrə üzümü kimi istifadə olunur. Qalan 70 faizi texniki üzümdür. Texniki üzüm şərab istehsalına yönəldirilir. Amma son vaxtlar süfrə üzümlərinin sortlarının daha çox yetişdirilməsinə üstünlük verilir.  Üzüm  əkiləndən tam 4 il sonra bol məhsul verməyə başlayır”.

 

Direktor deyib ki, texniki üzümlərdən qırmızı sortlara üstünlük verilir:

“Hansı ki, ondan qırmızı şərab hazırlanır. Çünki bazarda onların rəqabət qabiliyyəti çox yüksəkdir. Son vaxtlar üzümçülük sahəsində ixrac xeyli artıb, həm meyvə, həm də şərab şəklində xarici ölkələrə satılır.

Üzüm meyvəsi, şərab və konyaklar, əsasən, Pribaltika ölkələrinə, Rusiya, Ukrayna, Qazaxıstana ixrac olunur. Bu il ənənəvi idxalçı ölkələr sırasına Çin də qoşulub. Çin Azərbaycan üçün çox böyük və yeni bazardır. Ümumiyyətlə, məhsulumuzun keyfiyyətinin yüksək olması ilə əlaqədar bu il üzümün qiyməti ötən illə müqayisədə az da olsa bahalaşıb”.


İnstitut direktoru qeyd edib ki, daha baha yox, daha çox satmaq prinsipi ilə işləmək lazımdır:


“Çünki biz xairici bazara tam hakim deyilik. Bu baxımdan qiymətləri çox yüksək etmək yersizdir. Onsuz da alıcı özünə lazım olanı tapıb alacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!