Modern.az

Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında  

Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında  

16 Sentyabr 2019, 14:06

Sentyabrın 16-da Təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və yerli sakinlər də iştirak ediblər.

 

Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov  və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Təhsil naziri Ceyhun Bayramov tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə iştirakçıları təbrik edib.

 

Təhsil infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğıdan danışan Ceyhun Bayramov  bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində görülmüş işlərə və bununla bağlı təhsildə müşahidə edilən müsbət irəliləyişlərə diqqət çəkən Təhsil naziri müəllim peşəsinin nüfuzunun, bu sahəyə marağın artırılması istiqamətində atılan addımlardan danışıb. Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixdən növbəti dəfə müəllimlərin əməkhaqqının artırıldığını diqqətə çatdırıb. Bu münasibətlə öz adı və 150 min müəllim adından ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edən Təhsil naziri müəllimlərin öz vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib.

 

Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəaritdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq bir daha onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

 

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də öz növbəsində rayonun təhsil uğurlarından söz açıb və yeni tədris ilində hər kəsə uğurlar arzulayıb.

 

Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

 

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. 3 mərtəbədən ibarət olan məktəb binasının birinci mərtəbəsində qarderob, 10 sinif otağı, müəllimlər otağı, 2 fizika laboratoriyası,120 nəfərlik yeməkxana, 540 m2-lik idman zalı, tibb otağı, 2 əmək təlimi otağı, ikinci mərtəbəsində 13  sinif otağı, kitabxana və oxu zalı,  2 kimya laboratoriyası, 450 yerlik akt zalı, informatika və hesablanma texnikası kabineti, linqafon otağı, üçüncü mərtəbədə isə 15  sinif otağı, arxiv, 2 biologiya laboratoriyası və hərbi hazırlıq otaqları yerləşir.

 

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi