Modern.az

Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ

Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ

17 Sentyabr 2019, 09:31

Bu gün - 17 sentyabr tarixi Milli Məclisinin deputatı, parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyevin doğum günüdür, onun 53 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Ülvi Quliyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində dünyaya gəlib. 1983-cü ildə Bakı şəhəri, Nəsimi rayonundakı 9 saylı orta məktəbi bitirib. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsində təhsil alıb. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirəndən sonra o, ikinci ali təhsilə yiyələnib. Belə ki, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Ü.Quliyev rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.


İctimai-siyasi və deputatlıq fəaliyyəti

Ülvi Quliyev əmək faəliyyətinə 1988-ci ildən əczaçılıq sahəsində başlayıb. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini (Gömrük xidməti, polkovnik-leytenantı) vəzifələrində çalışıb.


Ülvi Quliyev ilk dəfə 2005-ci ildə deputatlığa namizədliyini irəli sürüb və 21 saylı Nəsimi 1-ci seçki dairəsindən seçicilərin böyük etimadını qazanaraq, Milli Məclisə deputat seçilib. Həmin çağırış o, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi fəaliyyət göstərib.
2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən millət vəkili mandatı qazanmış Ü.Quliyev daha 5 il Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi qanunverici orqandakı fəaliyyətini davam etdirib.

2015-ci ildə isə o, 15 saylı Yasamal 1-ci seçki dairəsindən parlamentə deputat seçilib.

Ü.Quliyev hazırda Milli Məclisin Gənclər və İdman Komitəsinin sədridir. O, bu vəzifəyə 2018-ci ilin mayında seçilib. Buna qədər isə 2015-ci ildə yaradılan Gənclər və İdman komitəsinin sədr müavini olub. O, parlamentin bitərəf deputatlarındandır.


O, parlamentin komitə sədri olaraq, qanun yaradıcılığı sahəsində çalışmaqla yanaşı, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələrin qurulması, xalqlar, millətlər arasında münasibətlərin istiləşməsi, Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də müvafiq işlər görüb. Və seçicilərlə mütəmadi işləmək, onların qaldırdıqları məsələləri müvafiq qurumlara çatdırmaq, səlahiyyəti çərçivəsində həll etməyə çalışmaq... O, bu günə qədər belə işləyib...


İdman fəaliyyəti

Deputatın  Gənclər və İdman Komitəsinə sədr təyin edilməsi təsadüfi deyil. Belə ki, Ülvi Quliyevin  parlamentlə yanaşı, böyük idman təcrübəsi də var. O, 1992-ci ildən bu günə kimi Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Karate idman növü üzrə 7-ci dan qara kəmər sahibidir.

Ülvi Quliyevin Azərbaycanda karate məktəbinin yaranmasında xüsusi əməyi var. O, ölkəmizdə karate ənənəsinin formalaşmasında böyük rol oynayıb.  

Təsadüfi deyil ki, millət vəkili Ü.Quliyev ölkə Prezidentinin 2008-ci il 5 mart tarixli sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
O, eyni zamanda Əməkdar məşqçi, Əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. 

Azərbaycanı xaricdə təmsil edən kifayət qədər idmançının formalaşmasında Ülvi Quliyevin xidmətləri danılmazdır.


Az danışıb çox iş görmək...

Qeyd etdiyimiz kimi, Ülvi Quliyev ziyalı ailəsindən çıxıb, dilçilik elmləri doktoru, professor Zahid Quliyevin oğludur. O, həm Milli Məclisdəki deputatlıq fəaliyyəti dövründə, həm də idman sahəsində həmişə mənəviyyat, ədəb-ərkan sərgiləyib. Özünün də müsahibələrində qeyd etdiyi kimi, dövlət, dövlətçilik, milli-mənəvi dəyərlər, qanunun aliliyi, ölkə Prezidentinin həyata keçirdiyi siyasət onun üçün əsasdır.

Ülvi Quliyev deputat adını əməli ilə göstərib, seçicilərinə verdiyi sözə sadiq qalıb. Başqa sözlə, onun prinsipi az danışıb çox iş görməkdir. Bunu seçildiyi dairədə yaşayan insanlar yaxşı bilir.

Ülvi Quliyev deputat kimi, həmişə çalışıb ki, seçildiyi ərazidə aztəminatlı ailələrə diqqətini əsirgəməsin, onlara hansısa vasitələrlə köməklik etsin. O, fəaliyyəti dövründə aztəminatlı seçiciləri ilə diqqət çəkmədən  görüşməyə üstünlük verib, reklam olmasın deyə, bu cür işləri ictimailəşdirmədən həyata keçirib.

 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır