Modern.az

Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı

Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı

17 Sentyabr 2019, 13:33

“Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib. Onun sözlərinə görə, televiziyalarda uşaqların zərərli informasiyalardan qorunması tənzimlənir:

“Amma qanunla qoruya bilmədəyimiz ayrı şəbəkə-internet də var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İntenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək də olur, amma digər tərəfdən onun təhlükələri də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

R.Hüseynov qeyd edib ki, mövcud mədəniyyət evləri şəbəkəsinin tamam yeni səviyyədə qurulması məsələsi qaldırılmalıdır:

“Çünki bu, Azərbaycanın milli təhlükəsizliyi məsələsidir. Sabah biz küçəyə çıxanda küçədə hansı səviyyədə olan insanı görəcəyik. Azərbaycan Bakıdan, Gəncədən deyil, ən ucqar dağ kəndindən başlayır. Onlar yüksəldikdə Azərbaycan da inkişaf edəcək”.

R.Hüseynov bildirib ki, dünya kinosu yaranandan bir necə il sonra Azərbaycanın özünün kinosu olub və bu, çox əlamətdar hadisə olub:

“Azərbaycanın ilk kinoları neftlə bağlı olub. Neft ölkəsində kinonun inkişafına diqqət artırılmalıdır. Ən müxtəlif sahələrdə filmlərə ehtiyacımız var, amma uşaq filmləri xüsusi qeyd edilməlidir”.

Komitə sədri əlavə edib ki, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi tam hazırdır. Milli Məclisin payız sessiyasında bu qanun layihəsinin plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.

 R.Hüseynovun sözlərinə görə, “Yazılı abidələr haqqında” qanun layihəsinin ilkin variantı hazırdır. Deputat qeyd edib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazır olsa da, orada iki müddəa ilə bağlı fikir ayrılığı var. Həmin məsələlər həll edildikdən sonra onun da müzakirəyə təqdim edilməsi mümkündür.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi