Modern.az

“Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI

“Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI

17 Sentyabr 2019, 15:13

Azərbaycan tarixi-coğrafiyasının əsas tərkib hissəsini təşkil edən yer adlarının (toponimlərin) mənşəyi və yaranma qanunauyğunluğunun elmi-nəzəri əsaslarının izahı filoloji, tarixi, coğrafi məzmun kəsb etməklə yanaşı, həm də dövlətçiliymizin yaşanmasının əsaslarından birini təşkil edir. Yer adlarımızın tarixi yaşı dövlətçiliymizin və xalqımızın yaşı qədərdir. Tarixi-coğrafi sərhədlər daxilində yaranmış yer adlarımızın mənşəyində ictimai-siyasi, hərbi-dövlətçilik, sosial-iqtisadi, təbii... proseslərin təsiri daha böyük olduğundan tarixi keçmişimizin öyrənilməsində toponimika elminin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan  1905-1920-ci illər ərzində tarixi bölgələrimizdə - Cənubi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Borçalıda, Dərbənddə, Çar-Balakənddə... hay-daşnak və  şovinist rus silahlıları tərəfindən dinc müsəlman-türk əhalisinə qarşı törədilmiş soyqırım-qətliam faciələrini, olaylarını, qanlı qırğınları özündə yaşadan müxtəlif yer adlarımız  (toponimlərimiz) Azərbaycan coğrafiyasında xüsusi səhifə təşkil edir. Faciəvi hallardan biri də odur ki, milli tarixi-coğrafi  yer adlarımızın XVIII-XIX əsr “yaşlılarının” əksəriyyəti məhz hay kilsə və daşnak quldurlarının xalqımıza yaşatdığı faciələrdən doğmuşdur.


Bu cür səhifələrdən biri  də o dövrdə Şamaxı qəzasının  (indiki Ağsu rayonunun) Nuran kəndində  “yazılmışdır”. 


Bu kənd  Şamaxı-İsmayıllı avtomobil yolundan 6 km cənub-qərb istiqamətində yerləşir, keçən əsrin əvvəllərində orada yüzə qədər ev olub. “ Nuran” sözü  “nurlu, bərəkətli yer” mənasındadır, torpağının bərəkətli olmasını bildirir. Həqiqətən,  1920-ci illərdə və  1941-1945-ci il müharibə dövründə  bu kəndin əkin yerlərinin bərəkəti bölgənin  bir çox kəndlərinin əhalisini amansız aclıq təhlükəsindən xilas etmişdir. 1984-1985-ci illərdə bu kəndin yerində sürüşmə baş vermiş, əhali 5-6 km aralıdakı Şandılan meşəliyi ətrafına köçürülmüşdür. Bu  ərazidə 8-10  qədim yurd yerdləri qalmaqda idi, 1920-ci ilədək düşmən quldur dəstələrinin qanlı hücumunadək burada yaşayış olmuşdur.


1918-ci ildə bu meşə sahəsindən keçən qonşu  Zarqava (bu kənd Nuran kəndindən 7-8 km cənub-qərb tərəfdədir)  kənd sakni  23 yaşlı  Həzrət 18 yaşlı qardaşı Xancan Qüdrətqulu oğlunun  yaxınlığdakı  Gürcüvan kəndində məskunlaşan və bu hissədə müsəlman-türk əsilli kəndlərə (Suraxanı, Kalva, Dilman, Hacıman, Nuran, Xatman...) basqın edən haylar  tərəfindən yaşı 100 ilə yaxın olan bir palıd ağacından asıldığını görür. Hönkür-hönkür ağlayan Həzrəti də quldurlar tutub həmin ağacda, qardaşının yanından asırlar... Şəhidləri camaat Zarqava kənd qəbirstanlığında dəfn ediblər.

Sonralar o  ağac  el arasında  “Qanlı palıd” adlanmışdır. İndi, aradan yüz ildən çox  vaxt keçsə də,  düşmən qansızlığına şahid olan və iki gəncin Şəhidliyinə qoynunda yer verən həmin  ağac qurusu da, dibindən pöhrələr böyümüşdür.

 Bu ağac hazırda Nuran kənd sakini Hüseyn Əjdər oğlu Babayevin (1956) həyətyanı sahəsinin yaxınlığındadır. Bu qanlı hadisə barədə Nuran kənd sakini Yəmən Qüdrətqulu  qızı (1925-2011) danışmışdır.

(Yazının hazırlanmasında   Ağsu rayonunun  Nuran  kənd sakini  Ehtiram Osman oğlu Osmanovun (1969) məlumatından istifadə edilib.)


Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir