Modern.az

İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!”

İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!”

19 Sentyabr 2019, 14:27

Sentyabrın 17-də Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən növbəti tədbir keçirilib. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəyliyi yürüşü gerçəkləşib.

Tuzlucadan Təkaltı dağına uzanan yol Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Dəniz səviyyəsindən təqribən 2500 metr hündürlüyə qalxan yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Mübariz İbrahimovun adı verilən zirvəyə daşıyıblar.


Yürüşə qatılan “Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy təəssüratlarını Modern.az-la bölüşüb.

Eldaş Paşasoy  tədbirin onlara möhtəşəm hislər bəxş etməsini xüsusi vurğalıyıb:


“Çox möhtəşəm hisslər yaşadıq çünki aksiya gözəl təşkil olunmuşdu. Türkiyənin İğdır vilayətinin ikinci bir uca zirvəsində qalxmaq və oradan üzü Azərbaycanın tarixi torpaqlarına doğru, Araz çayının o tayına  Ermənistan adlanan Qərbi Azərbaycana doğru boylanmaq bizdə qəribə hisslər yaradırdı. İştirakçılar həm təsirlənmişdilər, həm də  möhtəşəm hislər keçirirdilər.
Bu, həm də tarixi Azərbaycan torpaqları bir gün türkün özünə qayıdacaq inamı ilə bağlı idi. 
Aksiya eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının simvolu olaraq dəyərləndirilməlidir. Orada Azərbaycanla yanaşı, Türkiyədən də çox dəyərli elm adamları iştirak edirdilər. Bu tədbirin ideya müəllifi Azərbaycanın və Türkiyənin səfiri adını qazanmış, Azərbaycan prezidenti tərəfindən “Dostluq” medalı ilə təltif edilmiş Hülusi  Kılıç idi. Bu tədbirin baş tutmasında həmçinin, İğdır valisinin  böyük əməyi vurğulandı, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin birbaşa iştirakı dəyərləndirildi. Oradan həmçinin Azərbaycanın dost-qardaş ölkələrinə birlik mesajı bildirildi ki, bizim dostluğumuz əbədidir və bu qardaşlıq öz sözünü bir gün deyəcək”.

Yürüş iştirakçısı bildirib ki, aksiya Bakı şəhərinin erməni-bolşevik daşnaqlarından azad olunmasını 101-ci ildönümü münasibəti ilə keçirilib:
 

“Aksiyanın yekununda mühüm bir hadisənin, binanın təməli qoyuldu. Belə ki, təklif edildi ki, hər il Azərbaycan və Türkiyədən olan iştirakçıların birgə təmsilçiliyi ilə Təkaltı dağına yürüş və ziyarət gerçəkləşdirilsin.  Ən mühümü də o idi  ki, zirvənin başında Milli Qəhrəman Mübariz İbrahimovun portreti qaldırıldı, şəhidlərimizin ruhuna dua oxundu.  Bununla da 101 il öncə qazanılan qələbənin təkrarlanacağına inam ifadə olundu. Aksiyadan bir gün sonra İğdırda Mədəniyyət Mərkəzində konfrans keçirildi. Azərbaycandan media nümayəndələri, Hülusi Kılıç ilə İğdır valisi Ənvər bəyin qonağı olduq, Azərbaycan-Türkiyə qardaşlığından danışdıq. Ənvər bəy özü də bir  neçə gün öncə Bakıda olub.  O, görüşdə  Bakı, Azərbaycan haqqında xoş təssüratlarından danışdı. Qazi övladı ilə ünsiyyətdə  olmasından, duyğularından o qədər gözəl bəhs etdi ki, hamımız təsirləndik.  Çox xoş oldu ki,  önəmli nöqtə olan İğdırda  iki ölkə arasındakı qardaşlıq uğrunda canını verməyə hazır olan belə bir şəxs var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir