Modern.az

Respublika Uşaq Konsultasiya Mərkəzinin açılış mərasimi olub

Respublika Uşaq Konsultasiya Mərkəzinin açılış mərasimi olub

24 Dekabr 2009, 17:21

Dekabrın 24-də 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində yaradılmış yeni tipli müəssisələrdən biri olan Respublika Uşaq Konsultasiya Mərkəzinin açılış mərasimi olub. Modern.az bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mərkəzin yaradılmasında əsas məqsəd diaqnostik çətinlikləri olan, müxtəlif patologiyalı xəstə uşaqların Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Elmi-tədqiqat institutlarının və aparıcı tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən birgə konsultasiyalarla təmin etməkdir. Mərkəzdə xəstələrin dəqiq diaqnozu müəyyən edildikdən sonra onların müalicə taktikası seçiləcək və müvafiq müalicə-profilaktika tədbirləri həyata keçiriləcəkdir.
Ən vacib çəhətlərdən biri odur ki, konsultasiya mərkəzində həyata keçirilən bütün müayinə-məsləhət və tibbi yardım dövlət hesabına tam pulsuz həyata keçiriləcək.

Anoloji mərasim Bakı şəhər 3 nömrəli poliklinikasında da olub. Bakı şəhərinin ən iri poliklinikalarından biri olan tibb müəssisəsində şəhərin Yasamal və Nəsimi rayonlarının 60 minə yaxın əhalisinə tibbi xidmət göstərəcək. Poliklinikada müxtəlif ixtisasdan olan 88 həkim, 86 orta tibb işçisi və 27 digər işçilər çalışır.

Poliklinika eyni zamanda Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının klinik bazasıdır.

Poliklinikanın nəzdində eyni zamanda yeni aptek yaradılıb ki, bu da Bakı şəhəri üzrə imtiyazlı qrup əhalini pulsuz dərman preparatları ilə təmin edən 28 aptekdən biridir.

Növbəti mərasim Xroniki Böyrək Çatışmazlığına dair dövlət proqramı çərçivəsində həyata keçirilən Klinik Tibbi Mərkəzdə yaradılmış 30 “süni böyrək” aparatı ilə təchiz olunmuş şöbənin açılışı olub. Mərkəzdə quraşdırılmış aparatlardan 10-u Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilib.

Bu mərkəz Respublikada sayca 19-cu mərkəzdir. Mərkəzdə 200-ə yaxın xəstənin müalicə alması nəzərdə tutulub.

Xalq Təbabəti Mərkəzinin də açılışı olub. Mərkəzdə qədim xalq təbabəti ənənələrindən, təbii üsullardan, dərman bitkilərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsi aparılacaq.

Mərkəzdə iridoterapiya, akupunktura, zəli ilə müalicə, naftalan müalicəsi, fizioterapiya və digər üsullarla müalicə kabinetləri fəaliyyət göstərir.


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!