Modern.az

Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: “O adamla dostam” - YENİLƏNİB

Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: “O adamla dostam” - YENİLƏNİB

Parlament

20 Sentyabr 2019, 15:00

Rəfael Cəbrayılov yeni açıqlama yaymaqla haqqında yazılan xəbərlərə münasibət bildirib.

Deputat Modern.az-a göndərdiyi açıqlamada  bildirib ki, son dövrlərdə “ona qarşı iyrənc ləkələmə kampaniyası” gedir:

“Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Araşdırma aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir. Son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların “mülkiyyətində” olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız “sahibinin” iyrənc niyyətlərini həyata keçirmək üçün “vasitə” rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacağam. Mənim və qardaşlarım haqqında yayılan məlumatlara görə təəssüflənirəm. Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm. O adamla isə mən dostam və başqa heç nə danışmaq istəmirəm”.

Deputat borclar, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.

***

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Bu barədə "Report" məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixində 300 min ABŞ dolları məbləğində borc alıb. Məlumata görə, ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Agentlik bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.

“R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub”, deyə yazıda vurğulaıb.

Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, - “Report” yazıb.


Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. Hazırda ölkə xaricində olduğunu deyən deputat saytımıza açıqlamasında bu barədə geniş danışmayacağını bildirib:


“Bu tamam başqa məsələdir. O adamla mən dostam. Aramızda anlaşılmazlıq olub, dalaşmışıq. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək.  Bu, "qarantiya məktubu" kimi bir şeydir. Başqa heç nə danışmaq istəmirəm. Susuram”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır