Modern.az

Şairlik Yaradandan payıdı Musa Yaqubun

Şairlik Yaradandan payıdı Musa Yaqubun

Ədəbi̇yyat

20 Sentyabr 2019, 15:58

(“Musa Yaqubun Gərək bu sözümü daşlara yazam” kitabı haqqında düşüncələr)

 

Rişələri çox dərinə getmiş ağaca bənzədirlər Musa Yaqubu. Ağac köksündə ucaldığı torpağın mineralları hesabına yaşayır, böyüyür, qol-budaq atır. Musa Yaqub ağacdan dəyərlidi. Musa Yaqub əksinə, qoynunda yaşadığı Vətənə, torpağa minerallar bəxş edir, nəfəs verir, onun gələcəyini pöhrələndirir.

…Musa Yaqub həm də ağacın özüdür. Meyvələr yetişdirir, kölgəsində daldalandırır.

…Musa Yaqub həyatın özüdür. “Nə hal varsa təbiətdə, o hal vardır cəmiyyətdə” söyləyib Musa Yaqub. Həyat cəmiyyətlə təbiətin vəhdətindən yaranıb. Musa Yaqub həm cəmiyyət, həm təbiətdir.

…Musa Yaqub özüldü, ilkin olmasa da spesifik bünövrədir. Təkcə poeziyamızda yox, vicdanımızda, əxlaqımızda, gündəlik həyat tərzimizdə…

…Xalq şairi Musa Yaqub qiymətini almamışdı. Özündən başqa hamımız narahat idik buna görə. Dilə gətirənlər də, dilə gətirə bilməyənlər də…

…Musa Yaqub tariximizdi. Günümüzün gerçəkliklərini qələmə aldığına görə. Təkcə ona görə yox. Əsərlərində “gerçək tariximiz”i kağız üzərinə köçürüb möhürlədiyinə, bizlərə hazır təhvil verdiyinə, həm də yüksək səviyyədə - bəzək-düzəksiz, amma olduğu kimi, xəyanətsiz yarada bildiyinə görə. Bu barədə yazmışdım.

…Musa Yaqub şairdi. Seçilmiş İNSAN, seçilmiş bəndədi. Bu onun özündən bixəbər, Böyük Yaradandan payıdı. Yaradanın fırçasından, qələmindən kim qurtula bilərdi ki… Təbiətin dili ilə cəmiyyətə fayda verəcək şair doğulmuşdu, şair də olmalıydı:

- Mən səni pərişan qoyub gəlmişəm

Sahibsiz bir kəklik yuvası kimi.

Ruhumda bir qərib nida sızıldar

O ana kəkliyin nəvası kimi.

…Musa Yaqub ədalət tərəzimizdi. Tale insanları, onların nəfslərini sınağa çəkəndə ayıq olmağı bacarmalı idi, bacardı da:

- Bir gözün sən əydin, bir gözünü mən,

Niyə narazıyıq bu tərəzidən.

Sən çeşmə qurudan, mən ağac kəsən

Bir günah sənindi, bir günah mənim.

Günahı hətta özündə də görən kimsəni tapa bilsəniz onun müqayisəsini aparın bu şəxsiyyətlə. Bu şansı yaratdı bizlərə Musa Yaqub.

…Nizamidən, Füzulidən bəri yol gələn Böyük İlahi Sevgiyə də güzgü tutdu Musa Yaqub:

- Demə ki könlümün sınıqları var,

Hicranın köz basmış yanıqları var,

Mənim dərdlərimin ayaqları var

Harda olsa gəlib tapacaq məni

Yaxıb-yandıracaq bu ocaq səni

Sən allah, özünə öyrətmə məni. 

…Qara daşdan da səda istədi istəkli xalqı üçün Musa Yaqub. “Bu dünyanın qara daşı göyərməz” dedi:

- Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm,

Ürəyimə daş bağlayıb gəzmişəm

Bu dünyanın qara daşı göyərməz.

“Qara daş”a səksəndən artıq nəzirə yazıldı. Ölkəmizin ünlü söz adamları tək qoymadılar Musa Yaqubu. Səsinə səs verdilər. Bir daha, dönə-dönə tarixin yaddaşına həkk etdilər ustad şairimizi:

- Musa Yaqub, gözü yolda Təbrizin,

Gözlərinin qara yaşı göyərdi.

Göyərmədi istədiyi bircə dən,

Savalanın qara daşı göyərdi.

                            (Məmməd Araz)

…Şairin Mədəniyyət Nazirliyinin xətti ilə çapa hazırladığımız “Gərək bu sözümü daşlara yazam” adlı kitabı bir daha dogma xalqı qarşısında mənəvi borcudu. Musa Yaqubun bir neçə kitabının redaktoru kimi bu nəşri də qədirbilən xalqımızın qızlarına “cehiz”, oğlanlarına “yaddaş dəftəri” kimi çapa hazırladıq.   



Nəzirməmməd Zöhrablı

       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir