Modern.az

“Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir”

“Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir”

Parlament

22 Sentyabr 2019, 12:22

Azərbaycan Prezidentinin öz çıxışlarının birində qeyd etdiyi kimi, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir. 

Beynəlxalq təcrübədən məlumdur ki, vəzifəli şəxslərin gəlir bəyannaməsinin təqdim edilməsi şəffaflığın təmin edilməsi və korrupsiyanın aradan qaldırılmasının ən vacib şərtlərindən biridir. Azərbaycanda da hələ 14 il bundan əvvəl - 24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilib. 2005-ci ilin 9 avqustunda isə bu qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanı verilib.

Həmin qanunda öz əksini tapmış qaydalar “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri, vergitutma obyekti olan əmlakı barədə, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri haqda,  şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, borcu, maliyyə və əmlak xarakterli digər öhdəliklərinə dair məlumatları təqdim etməlidirlər. Yalnı bu zaman ölkədə korrupsiyanın kökünü tam kəsmək mümkündür.

 

Korrupsioner məmurların kreslo sevdası, biznes fəaliyyəti…

 

Milli Məclisn İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bildirib ki, fəaliyyətini qərəzsiz həyata keçirən, öz xalqına, dövlətinə şərəflə xidmət edən, təmiz işləyən vəzifəli şəxslər üçün sözügedən məzmunda bəyannamə verməkdə heç bir problem olmamalıdır:

““Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlara vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir. Öz fəaliyyətini qərəzsiz həyata keçirən, öz xalqına, dövlətinə şərəflə xidmət edən, təmiz işləyən vəzifəli şəxslər üçün sözügedən məzmunda bəyannamə verməkdə heç bir problem yoxdur. Bu baxımdan yanaşanda, əslində “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil…

Amma başqa məqam var. Azərbaycanda bir qayda olaraq vəzifəli şəxslərin bir hissəsinin adı biznes sahələri üzrə hallansa da, özü birbaşa bizneslə məşğul olmur. Amma onların bir qisminin idarə etdiyi biznes sahələri var və bunu dolayı yollarla həyata keçirirlər. Eyni zamanda, vəzifəli şəxslərin oturduğu kreslonu sərvətə konvertasiya etməklə məşğul olan hissəsi tərəfindən hər il bu cür maliyyə xarakterli bəyannamənin təqdim edilməsi onun aləmində özünəqəsd etməsi kimi bir şeydir. Bu zümrədən olan məmurların öz gəlirlərini bəyan etməsi onlar üçün ciddi problemlər yarada bilər, çünki onların bir qismi birbaşa olmasa da, dolayısı ilə müxtəlif sahibkarlıq strukturlarına nəzarət edirlər və ya dəstək verirlər. Monopoliya və məmur özbaşınalıqları da xeyli dərəcədə burdan qaynaqlanır. Bu isə Azərbaycanın öz güclü potensialına layiq səviyyədə inkişafını, deməli əhalinin güzəranını yaxşılaşdırılmasının sürətləndirilməsi işini tormozlayır. Ona görə də Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” haqqında qanun 14 il əvvəl qəbul olunsa da,  işləmir”.

 

“Korrupsiya ilə məşğul olmağın axırı yoxdur”

 

Parlamentari deyib ki, hazırda Azərbaycanda islahatların yeni mərhələsi həyata keçirilir:

“Şəffaflığın, aşkarlığın artırılması, hesabatlılığın gücləndirilməsi, kölgə iqtisadiyyatının və digər neqativlərin miqyaslarının daraldılması həmin islahatların ən mühüm hədəflərindəndir. Sözügedən istiqamətlərdə sanballı nəticələrin əldə edilməsi digər şərtlərlə yanaşı, həm də gəlirlərin uçot və hesabat işinin şəffaflaşdırılmasıdır. Bu baxımdan vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsinə dair qanunun işə salınması həm həyata keçirilən islahatlar kontekstində mühüm əhəmiyyət kəsb edir, həm də yaşadığımız mərhələnin ən aktual sosial sifarişlərindən biridir.

Azərbaycan prezidentinin öz çıxışlarının birində qeyd etdiyi kimi, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir.

Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır.

Ona görə də günün tələblərindən birinə çevrilmiş vəzifəli şəxslərin gəlir deklorasiyasını təqdim etməsi haqqında qanunun tezliklə işə salınmasını və səmərəli fəaliyyət göstərə bilən reallaşdırma mexanizminin tətbiq edilməsi zəruridir. Doğrudur, postsovet ölkələrinin təcrübəsindən çıxış edərək demək olar ki, bu qanunun tətbiqi gəlirlərin gizlədilməsi sahəsindəki bütün problemləri həll etməyəcək. Amma vəzifəli şəxslər bəyannaməni yazılı formada tərtib edirlər və bəyannamədə göstərilən məlumatların həqiqiliyinə və tamlığına görə şəxsi məsuliyyət daşıyırlar. Ona görə də bu qanunun real şəkildə fəliyyətdə olması vəzifəli şəxslərin məsuliyyətini xeyli artıracaq ki, korrupsiya ilə məşğul olmağın axırı yoxdur, gec-tez vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsinə dair qanunun tələblərinin təsirini görəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir