Modern.az

Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da”

Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da”

İqtisadiyyat

23 Sentyabr 2019, 15:31

Azərbyacanda yanacağın keyfiyyəti ilə bağlı problem illərdir davam etməkdədir. Bu hal özünü dizel yanacağında daha da göstərir. Xaricdən Azərbaycana gətirilən avtomibillərə “Avro-4” standatları tələbi qoyulsa da, ölkəmizdəki dizel yanacağının keyfiyyəti kifayət qədər aşağıdır. Belə ki, dizellə işləyən maşınların sürücüləri ustaların yanından ayrılmır desək, yanılmarıq. Yanacağın keyfiyyətsizliyi avtomobil sahiblərini tez-tez ziyana salır.
Bəs problemin həlli  üçün nə edilməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan jurnalist-ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda yanacağın keyfiyyəti bərbad  vəziyyətdədir:

“Son zamanlar yanacaqdolma məntəqələrində yanacağın hər litrindən oğurlanan məbləğ bir kənarda qalıb, keyfiyyət məsələsi gündəmə gəlib. Bizim bu gün maşınlarımıza töküb sürdüyümüz benzin vaxtilə bəlkə də traktorda, kənd təsərrüfatı texnikalarında istifadə olunan yanacaqdan da aşağı keyfiyyətə düşüb. Bunu ustalar da deyib, ölçülüb də. Tərkibi 92 oktan adı ilə aldığımız benzin 89 oktandan da aşağıdır, belə çıxır ki, 95 oktanlı benzin də 92 oktanlı benzinin göstəricilərinə malikdir. Təsəvvür edin ki, Gürcüstan 2020-ci ildə tam olaraq “Avro-4” standartlarına keçir, hansı ki, biz çoxdan keçmişik. Bununla əlaqədar Gürcüstan Azərbaycandan dizel yanacağı almamağa qərar verib. Görün nə vəziyyətdəyik ki, bizim dizel yanacağımız “Avro-4” standartına cavab vermir. Gürcüstan hökumətinin bu qərarı bir növ Azərbaycandakı yanacağın bərbad keyfiyyətini ifşa edir”.

 

E.Muradlı bildirib ki,  Azərbaycanda dizellə işləyən maşının yanında səsdən dayanmaq olmur.

“Həmin maşınla Gürcüstana, İrana gedirlər, orada dizel tökürlər, amma maşınlar səssiz işləyir, gəlirsən burada dizel tökürsən yenə mühərrikdən səslər gəlir, sanki mühərrik dağılacaq. Azərbaycanda yanacaq cənini təmizlətdirmək istəyirsən, içindən ovuc-ovuc zir-zibil çıxır. Bununla bağlı aidiyyəti qurumlar tədbir görməlidirlər. Çox ciddi problemdir, ölkəyə avtomobil gətirərkən “Avro 4” standartlarına cavab verməsi tələb olunur, amma həmin o standarta uyğun yanacağımız yoxdur”.

 

Ekspertin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yanacağın tərbkinə bir sıra maddə vurulur ki, çox qazanc əldə olunsun, amma bu işbazların qazancı sürücülərə ziyan edir.


“Gürcüstanda normal işləyən maşın Azərbaycana gətirildikdə mühərrikində problem olur, bu da sırf yanacaqla bağlıdı. İnsanların büdcəsinə, əmlakına bu qədər zərər vurmaq cinayətdir. Düşünürəm ki, bu məsələni hüquq-mühafizə orqanları çox ciddi şəkildə araşdırmalıdır”.

 

Elməddin Muradlı deyib ki, yanacağın keyfiyyətinin bərbad olması yalnız sürücülərin cibinə deyil, canına da təsir edir:

“Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı hər gün daha da artır. Bu da avtomobillərdən ixrac olunan zəhərli qazlarla bağlıdır, avtomobil yanacağı düzgün istifadə edə bilmir və nəticədə zəhərli qaz ixrac edir. Bu böyük bəladır, fikirləşirik ki, maşındı, düzəltdiririk, amma insanın canı əldən gedəndə onun bərpası elə də asan deyil. Bəzi pul hərisi məmurlar var, onlar özü də bu havanı udur. Görünür onlar üçün belə hava xoşdur. Düşünürəm ki, buna səthi yanaşmaq olmaz.

Əvvəllər yol vergisi tətbiq olunurdu. Avtomobil texniki baxışdan keçəndə mühərrikin həcminə uyğun olaraq hesablanıb, yol vergisi alınırdı. Daha sonra bu vergi ləğv olundu və dəyişiklik edildi ki, bu vergini yanacaqdoldurma məntəqələri dövlətə ödəyəcək. Həmin yol vergisi məsələsindən sonra yancaqdolma məntəqələri bu pulu sürücülərdən dəfələrlə çox çıxırlar.  O vergi sürücülərə tətbiq olunsa yaxşı olar, həmin vergini sürücülər ildə bir dəfə versinlər, amma yanacaqdolma məntəqələrinə ciddi nəzarət olunsun”.

 

Bakıda avtoservis sahibi olan Əli Sultanov bildirib ki, Azərbaycanda dizel yanacağı ilə keyfiyyət sözünü yan-yana gətirmək düzgün deyil:

“Dizel yanacağından şikayətlər illərdir davam edir. Azərbayacan gələn avtomobillərin “Avro-4” standartlarına cavab verməsi tələb olunur. “Avro-4”dən aşağı avtomobillərin Azərbaycana gətirilməsinə icazə vermirlər, amma yanacağın keyfiyyəti nəinki “Avro-4”ün, heç “Avro-0”ın da tələblərini qarşılamır. Bizdə olan dizel yanacağı traktorlar, DT-75 və Sovet istahsalı olan maşınlar üçün daha uyğundur. Demək olar ki, yeni gələn bütün avtomobillər yanacağa görə yararsız hala düşürlər. Təxminən 2000-ci illərə qədər istehsal olunan avtomobillər dizeli yenilərə nisbətən yaxşı işlədir. Çünki  həmin illərə qədər olan avtomobillər “Avto-3” və daha aşağı standarlara cavab verir. 2000-ci ildən sonra avtomobillər elektron forsunkalar, elektron yüksəktəzyiqli nasoslarla və digər yeni texnologiylarla təchiz olunub. Bununla belə onlar da Azərbaycan dizelini yaxşı işlədə bilmir”.  

 

Usta bildirib ki, müəyyən vasitələrlə dizelin keyfiyyətini artırmaq olur:

“Bəzi qatqılar var ki, onu yanacaq çəninə tökməklə yanacağın keyfiyyətini müəyyən qədər artırmaq olur. Ancaq bu da problemin həll olmasına gətirib çıxarmır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü