Modern.az

“100 min manatınız olsa, nəyə xərcləyərsiniz?” - Maraqlı CAVABLAR

“100 min manatınız olsa, nəyə xərcləyərsiniz?” - Maraqlı CAVABLAR

İqtisadiyyat

25 Sentyabr 2019, 08:07

Modern.az saytında “Tərs sual” rubrikası davam edir. Bu dəfə də müsahiblərimizə gözlənilməz, maraqlı bir sual ünvanladıq. “Tərs sual”ımız “100 min manatınız olsa, nəyə xərcləyərsiniz?” oldu. Bir-birini təkrarlamayan, fərqli cavablar verən iştirakçıların fikirlərini təqdim edirik:


Deputat Tahir Mirkişili:


“Düşünürəm ki, o pulu 4 hissəyə bölərdim. Birinci hissəni mənə maddi yardım, ev şəraitinin yaxşılaşması üçün müraciət edən seçicilərə sərf edərdim. İkinci hissəni, uşaqlarımın daha yaxşı təhsil almasına xərcləyərdim. Üçüncü hissəni Azərbaycanda uğurlu Start-ap layihələrindən birinə imvestisiya qoyardım. Dördüncü hissəni isə növbəti ilə saxlardım”.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat  Hikmət Babaoğlu:

“100 min manatım da olsa, 100 manatım da olsa onu sonuncu qəpiyinədək Qarabağı qaytaracaq layihəyə xərcləyərəm!”


“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev:


“Mənim 100 min manatım olmayıb, bundan sonra da olma ehtimalı yoxdur”.


Müstəqil jurnalist İlham Cəmiloğlu:


“100 min manata sahib olmağı yalnız xəyalıma gətirə bilərəm və bu məbləğ xəyalımda şirin bir nağıla çevrilər. Mən isə artıq nağıllara inanmıram. Qonorarla yaşayan, hər gün maddi problemlərlə üzləşən sıravi bir jurnalistə bu sualı ünvanlayaraq, bir daha problemlərini xatırlatmaq bəlkə də “günah”dır. Amma “Tərs sual”ınıza “düz cavab” verəcəm.

Bu məbləğin əsas hissəsinə şəhərin ucqar rayonlarında olsa da, özümə kiçik bir daxma alaram. Başqasının damı altında yaşamaq çox sıxıntılı bir həyatdır. Elə düşünməyin ki, evsizəm. Xankəndi şəhərində özümə məxsus dörd otaqlı mənzilin açarları cibimdədir. Yəni mənzilim var, sadəcə mənzil başına çatmağa qeyrətim yoxdur.

Xankəndi haqqında rus və ingilis dillərində bir kitab hazırlamışam, pulun bir qismini də o kitabın çapına xərcləyərəm.

Bir səfər arzum da var. Gələn il, 2020-ci ilin mayın 9-da Moskvada Qələbənin 75 illiyi ilə bağlı böyük təntənəli tədbirlər keçirələcək. Mənə “məxsus olan” 100 min manatdan bir az da bu səfərə sərf edərəm. Atam Böyük Vətən müharibəsinin iştirakçısı olub, ağır döyüş yolları keçib, bu qələbə sevincindən onun da payı var. O payı götürmək üçün bu səfəri çox arzulayıram.

Və bir də sözsüz ki, kafe və restoranların qarşısından köks ötürüb keçən, sonuncu dəfə zəngin süfrə arxasında nə vaxt əyləşdiyini unudan tanıdıqlarım da var. Böyük həvəslə onlara bir qonaqlıq da verərəm...”.
      

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli:

“Biznes qurar və əldə etdiyim gəlirlərin 20 faizini xeyriyyə işlərinə sərf edərdim. Amma bu biznes Jurnalistika ilə bağlı olmazdı. Jurnalistikaya heç zaman biznes kimi yanaşmamışam. Jurnalistika mənə görə xəbərçilik, maarifçilik və ictimai yüklü fəaliyyətdir. Biznes fermer təsərrüfatı və ya avtomobil ehtiyat hissələri satışı ola bilər”.


Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı:

“Məhləmizdəki mağazada çox imkansız adamların borc dəftərində adı var. Onların borcunu ödəyib, dəftəri alaram. Həmin adamların mağazadan çürük meyvə seçdiyini görəndə urəyim ağrıyır.

Bir də oğlumun bədənində yanıq izi var. Onu əməliyyat etdirərdim”.


“Libraff” mağazalar şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu:

“ASAN Xidmətin “ASAN məktub” layihəsi var. Ucqar kəndlərdə yaşayan uşaqlar əlyazma şəklində məktublar göndərirlər və həmin məktublar sayta yerləşdirilir. Kim istəsə məktubları oxuyub, o uşağın arzusunu yerinə yetirməyi öhdəliyə götürür. Bir baxın, o məktublarda nələr yazırlar. Ucqar kəndlərdə yaşayan uşaqların bəzilərinin ən böyük arzusu topu, velosipedi, paltarı olmasıdır. Əgər 100 min manatım olsaydı, o pul bitənə qədər “ASAN məktub” layihəsindəki istəkləri reallaşdırmağı öhdəliyimə götürərdim. O körpələrin arzularını həyata keçirərdim”.


AzTV-nin "Ədəbi-dram verilişləri" redaksiyasının baş redaktoru, jurnalist-yazıçı Azər Qismət:

“Ciddi deyirəm, kimsə məni qeyri-səmimilikdə günahlandırmasın. 100 min manatın yarısını memarlıq üzrə müsabiqəyə xərcləyərəm. Ən yaxşı möhtəşəm 5 memarlıq eskizinin hər birinə 10 min manat verərəm. 3 memarlıq əsərini Azərbaycanda tikmək üçün təklif edərəm. İkisini isə xaricilərə 1 milyona təklif edərəm. Yerdə qalan 50 min manata isə nəşriyyat açaram və il ərzində 30 kitabı pulsuz dərc edərəm. İmkan artdıqca, pulsuz kitabların sayını artıraram, həm də nəşriyyatı mükəmməl edərəm”.


Jurnalist, kolleksiyaçı Dilqəm Əhməd:

"Hazırda 100 min manatım olsaydı, edəcəyim tək iş olardı. İstanbulda və Türkiyənin digər şəhərlərində Azərbaycan Cümhuriyyəti və mühacirəti ilə bağlı bütün satışda olan materialları alardım. Bunun üçün mənə mümkündürsə, 20 min manat da bəs edər. Əgər bu arzumu həyata keçirmək istəyən iş adamları varsa, sosial şəbəkə hesabımdan mənimlə əlaqə saxlaya bilər".


Yazar Tural Cəfərov:

“Yəqin ki, o pulu heç bir şeyə xərcləmərəm. Özümdə, yaxud bankda saxlayıb, faizini alaram”.


Şair Aqşin Evrən
:


“Açığı, 100 min manat indiki şərtlərdə elə də böyük məbləğ deyil. Yəni insanın bu pulla öz həyatında önəmli dərəcədə dəyişiklik etmək şansı çox azdır. Əgər anidən 100 min manat əldə etsəydim, iki ev və ya icarəyə verə biləcəyim tikili alardım. Bunları icarəyə verib, gələn gəliri yaradıcılığa yatırardım. Yəni bütün qayğılardan uzaqlaşıb, yazmaq istədiyim bədii əsəri və ya ssenarini başa çatdırardım. Məncə, bu üsul çağdaş Bakıda 100 min manatı ölümsüzləşdirmək üçün ən ideal yoldur”.


Təhsil eksperti Kamran Əsədov:

“Həyata keçirmək üçün çalışdığım bir neçə vacib məsələ var. 100 min manatım olsa, onları həmən həyata keçirməyə başlayaram. Layihəsi tam şəkildə hazırdır. Doğulduğum Neftçala rayon Dördlər kəndində nə məktəb, nə bağça, nə də kitabxana var. Əslində kəndimizin kitabxanası var, atam, II qrup Qarabağ əlili Alim Əsədov öz vəsaiti hesabına tikib, amma tamamlaya bilməyib. Öz əlillik vəsaiti çatdığı qədər edib. Əvvəl kəndimizin kitabxanası hətta evimizdə idi, atam evimizin bir otağını kəndin kitabxanası etmişdi, orda yerləşirdi və insanlar oxumaq üçün, kitab almaq üçün bizə gəlirdilər. İndi qonşu qəsəbəyə köçürüldü kitabxana. 100 min manatım olsa, kəndimizə kiçik tutumlu, 60 yerlik məktəb binası, 40 yerlik uşaq bağçası və kitabxana, onun da həyətində stadion tikərdim. Bir kompleks kimi. Smetası və layihəsi hazırdır. Kəndimizə nə bağça var, nə də ki məktəb. Uşaqlar oxumaq üçün qonşu Xıllı qəsəbəsinə və Aslanlı kəndinə gedirlər. Bu da çox uzun məsafədir. Şagirdlər asfalt yol ilə 7-8 kilometr piyada gedirlər ki, bu da qışda, yayda soyuq və təhlükəlidir. 100 min manat kəndimizin məktəb, bağça, kitabxana və stadion problemini həll edə bilər”.


"Avesta"şünas və astroloq Səbuhi Rəhimli:


“100 min manat çox pul deyil ki?! 1 milyon manat desəniz, bəlkə də adam tərəddüddə qalardı. Yenə də 100 min manatım olsa, ev alardım. Çünki 1996-cı ildən kirayədə yaşayıram. Həmin puldan artıq qalarsa, müalicəmə xərcləyərdim. Müharibə qazisiyəm, səhhətimlə bağlı problemlərim bitmək bilmir. Bunu həll etməyə çalışardım. Əgər yenə artıq qalsa, kiçik bir redaksiya, yaxud studiya kirayələyib, “Youtube” kanalımda keyfiyyətli videolar yerləşdirməyə çalışardım. Həmin puldan azca da qalsa, 2 il əvvəl iflasa uğramış “Qoroskop” qəzetimi bərpa edərdim. Arzularımı sadalayıram, amma deyəsən, 100 min manat elə tək evi alsan, bitir. Ən başlıca problemim də məhz ev məsələsidir”.


Politoloq Nəzakət Məmmədova:

“Mən ilk növbədə övladımın təhsilinə pul xərcləyərdim. Onun mükəmməl təhsil almasına çalışardım. Çünki öz peşəsini, ixtisasını yaxşı bilən insan hər zaman hörmət sahibi olur. Qloballaşan dünyada gələcək nəsillər süni intellekt kimi çağırışlarla qarılaşacaqlar və robotlar bur sıra sahələrdə insanları əvəz edəcək. İşsiz qalmamaq üçün əvəzolunmaz mütəxəssis olmalısan, bunun üçün də yaxşı təhsil və peşəkarlıq vacib şərtdir. Qalan məbləğə isə çoxlu kitablar alar, səyahətlər edərdim. Belə bir atalar sözü var ki, deyirlər "çox oxuyan çox bilməz, çox gəzən çox bilər". Lakin mən düşünürəm ki, həm çox oxumaq, həm çox gəzmək insanın dünyagörüşünü artırmaqda mühüm vasitələrdir. Çox pulum olsaydı, yəqin ki, çoxlu nadir kitablar alar və dünyanın gəzməli-görməli yerlərini görmək üçün səyahətə çıxardım. Mən hər hansı bir ölkəyə gedərkən ilk növbədə oradakı muzeylərə, tarixi abidələrə baş çəkib tarixə səyahət etməyə çalışıram. Hesab edirəm ki, insan daim öz dünyagörüşünü zənginləşdirməlidir ki, bunlardan da ən əsası kitablar, səyahətlərdir. İnsan bu dünyaya, Kainata bir dəfə gəlir, onda da bacardıqca daha çox bu dünyanı, ətraf aləmi tanımalı, dərk etməlidir”.


“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli:

“Birincisi, Qarabağla bağlı, hazırda çapını gözləyən iki iri həcmli kitabımı nəfis şəkildə nəşr etdirərdim. Hətta onların digər dillərdə tərcüməsinə nail olardım. Artıq qalan pulu isə özümün “yüz min dərdimin” sağalmasına xərcləyərdim”.


Psixoloq Aytən Ələkbərova:

“Düzü 100 minim olsa, ev alardım. Kirayə qalmaqdan bezdiyimdən yox, evim olsaydı tam səmimi evə görə ailəsi dağılmaqda olan insana verərdim. Çünki o ailədə böyüyən uşaqların psixoloji qorxu içərisində yaşamasına tab gətirmək çətindir. Uşaqlar həmişə qorxur ki, kirayəni verə bilməsək, bizi evdən çıxaracaqlar.

Amma pul elə bir anlamdır ki, qazanclarımız artdıqca, xərcimiz də artır”.


Psixoloq Fərqanə Mehmanqızı:

“100 min manatım olsa, özümə “Range Rover” markalı avtomobil alaram. Pulum qalarsa, övladlarımla birlikdə şəhərə çıxıb, yaxşı bir restoranda dadlı yemək yeyərəm”.


Tələbə Sevinc Qasımova:

“Skandinaviyada dağlarda ferma alaram. Fermanın çalışması mənə pul gətirər. Mən isə bu qazancla yaşayıb, sevdiyim qolfla məşğul olaram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?