Modern.az

4 min yaşlı “lənətlənmiş” müqəddəs şəhərdən REPORTAJ

4 min yaşlı “lənətlənmiş” müqəddəs şəhərdən REPORTAJ

26 Sentyabr 2019, 08:08

Bu şəhərin tayı-bərabəri yoxdur desəm, şişirtmiş olmaram. Bu şəhər dünyanın ən müqəddəs şəhəridir desəm, yenə də mübaliğə etmiş olmaram. 3 dinin ən önəmli şəhəri, 4 min illik tarix, bölüşülə bilməyən, uğrunda nə savaşlar aparılan, nə qanlar tökülən müqəddəs şəhər. Bəli, söhbət Qüdsdən (Yerusəlimdən) gedir.

Modern.az-ın “Adama gəzmək qalır” rubrikasında növbəti sayahətimiz İslam, Xristianlıq və İudaizm dinlərinin müqəddəs şəhəri olan Qüdsədir. 

 

 

Müsəlmanların ilk qibləsi, Məhəmməd Peyğəmbərin meraca yüksəldiyi daş bu şəhərdə!

 

İsrail-Fələstin problemlərinin mərkəzində dayanan Qüdsün bölüşülə bilməməsi, tarixi barədə uzun-uzadı yazmaq fikrim yoxdur. Çünki bu haqda internetdə saysız-hesabsız məlumatlar var. Odur ki, keçirəm təəssüratlarımı bölüşməyə.

 

Bir müsəlman olaraq, şəhərə addımımı atar-atmaz ilk növbədə İslam dininin müqəddəs məscidini ziyarət etmək üçün səbirsizlənirdim. 150 hektarlıq geniş ərazidə yerləşən “Əl-Aqsa” kompleksi Qüdsün, hətta İslam dünyasının göz bəbəyidir. İslam aləmində 1-ci yerdə Məkkədəki "Məscidül-Həram", ikinci yerdə Mədinədəki “Məscidül-Nəbəvi”dirsə (“Peyğəmbər məscidi”), 3-cü ən müqəddəs məscid məhz Qüdsdəki “Əl-Aqsa”dır (“Məscidül-Əqsa”). Hətta İslamın yarandığı ilk illərdə bu ərazi ən müqəddəs yer imiş. Çox az adam bilir ki, İslamın yarandığı ilk vaxtlar müsəlmanlar dualarını edərkən, namazlarını qılarkən məhz “Əl-Əqsa”nı qiblə qəbul ediblər. Məhəmməd Peyğəmbərin də buradakı daşın üzərindən meraca yüksəldiyi deyilir.

 

Ümumiyyətlə, kompleksin içərisində iki məscid yerləşir və çoxları bu məscidləri qarışıq salırlar. Qızılı günbəzli daha əzəmətli görünən “Qübbətüs-Sahra”dır. Məhəmməd Peyğəmbər merac gecəsi məhz burada peyğəmbərlərə namaz qıldırıb. İslam aləmində ilk qübbəli məsciddir, qübbəsinin tikintisində isə kilo-kilo qızıldan istifadə edilib.  Qızıl günbəzli məscid deyilməyi də boş yerə deyil. Qüdsün demək olar ki, çox yerindən görünür.  Görünüşcə daha sadə olan, çox da nəzərə çarpmayan, qara günbəzli məscid isə “Məscidül-Əqsa”dır. “Məscidül-Əqsa”nın Azərbaycan dilindəki mənası "Ən uzaqdakı məscid" deməkdir. Ən uzaqdakı bu məscidə girişim isə o qədər də asan olmadı.

 


6 dolların yoxdursa,  “Tanrının evinə” buraxılmayacaqsan!

 

Məscidlərin yerləşdiyi əraziyə daxil olmaq üçün bir neçə qapı var, bu qapılarda da əli silahlı əsgərlər dayanıb. Müsəlman olmayanların məscidə girişi qadağandır. O səbəbdən qapıda “Fatihə” surəsini deyib, “Qurani-Kərim”lə bağlı sualları cavablayıb müsəlman olduğunuzu sübut etməlisiniz. Mən “Fatihə”mi deyib müsəlmanlığımı sübut edib sevindim ki, indi bu müqəddəs yerləri görəcəm... Amma sevincim qısa çəkdi, “müsəlman olmağınız kifayət etmir, bu satdığımız ətəkləri alıb, yalnız onunla içəri girə bilərsiniz” dedilər. Halbuki başımda kələğayım vardı və kifayət qədər də örtülü geyinmişdim. Məhz onların satdıqları paltarı alıb geyinmək mənə absurd gəldi. Gecə köynəyinə bənzəyən ətəklərin birini 6 dollardan satmağa çalışırdılar. Qüdsdə qiymətlərin od tutub yandığını nəzərə alsaq, ilk baxışdan 6 dollar çox ucuz görünə bilər. 6 dollara ən yaxşı halda  2-3 kiçik butulka su ala bilərsiniz. Amma məsələ heç də 6 dollarda yox, insanların fürsətçiliyində, dini qazanc mənbəyinə çevirmələrindədir.

 

Müsəlman dünyasının bu önəmli məscidini görməyi çox arzulasam da, prinsipə düşüb, “yezid kimi dayanan” əsgərlərin ucbatından içəri girməkdən vaz keçib şəhər turuma davam etdim. Tarixi Qüds küçələrində gəzərkən təsadüfən özümü kompleksin  başqa giriş qapısında tapdım. Burada da “Fatihə”mi deyib müsəlmanlığımı sübut etdim. Ən maraqlısı isə odur ki, bu qapıdakı nəzarətçilər zorla geyim satmaq əvəzinə hicabsız gələn müsəlmanlar üçün ayrılan geyimləri verdilər ki, geyinək məscidə girək, çıxışda qaytaraq. “Məscidül-Əqsa”ya giriş mənim üçün ən çox bu iki qrup insanla yadda qaldı. İşini görən vicdanlı müsəlmanlar. Digərləri isə 6 dollara görə səni Tanrının evinə buraxmaqdan imtina edənlər...

 

İş yerim? Məscid 

Vəzifəm? Pul qoparmaq

 

Yox, düz demədim, təkcə həmin şəxslər yox, başqa “müsəlmanlar”la da maraqlı əhvalatlar yaşadım. “Əl-Aqsa”ya daxil olan kimi bir qrup “mömin” qadının əhatəsinə düşdüm. Necə oturub-duracağımızı, hansı qaydalara əməl edəcəyimizi öyrədirdilər. Kələğayımın açıldığını görüb mehribancasına bağlamağa kömək edir, bilmədiyim duaları öyrədirdilər. Sevindim, hətta kövrəldim də nə yaxşı insanlar var, dindaşlarına yardım edirlər. O gözəl təəssüratlarla dualarımı edib məsciddən çıxmışdım ki, həmin xanımlardan ikisi mənə yaxınlaşdı. Az əvvəl göstərdikləri “köməyə” görə pul istədilər. Ancaq o an anladım ki, həmin bir qrup xanım üçün bura “iş yeri” imiş, bir az naşı birini görəndə pul qoparmaqla məşğuldurlar... Amma “Əl-Aqsa” o qədər gözəl, o qədər müsbət hisslər oyadır ki insanda, dini qazanca çevirən belələrinin varlığı heç bir halda o təmiz hissləri korlaya bilmir.

 


Ən müqəddəs xristian kilsəsinin açarı müsəlmanların əlində

 

İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud "Kədər yolu" da bu şəhərdə yerləşir. "Kədər yolu" - İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Kilsəyə qədər uzanır. İndi dindar insanlar İsa Peyğəmbərin heç çarmıxa çəkilmədiyini iddia edəcəklər. Mənim məqsədim dini müzakirə açmaq yox, gördüklərimi bölüşməkdir. Xülasə, qeyd edim ki, bu yol boyunca tez-tez əllərində böyük taxtadan ibarət xaçı daşıyan inanclıları görmək adi haldır. İsa Peyğəmbər kimi onlar da xaçı “Kədər yolu” boyunca gəzdirib, göz yaşı tökürlər. İsanın çarmıxa çəkildiyi yerdə olan Müqəddəs Məzar kilsəsi, romalı əsgərlərin İsanın başına tikanlı zeytun budağı qoyduqları Cəza kilsəsi, Müqəddəs Məryəmin ata və anasının yaşadıqları evin yerində tikilən Müqəddəs Anna kilsəsi, Rus və Yunan pravoslav kilsələri və s. xristianların bu gün də müqəddəs sayıb ziyarət etdikləri məkanlardandır. Hər il milyonlarla xristian İsa Peyğəmbərin gəzib-dolaşdığı bu müqəddəs şəhərə ziyarətə yollanır.

 

Bu kilsələr arasında ən önəmlisi isə İsa Peyğəmbərin çarmıxa çəkildiyi deyilən Müqəddəs Məzar kilsəsisidir. Ən maraqlısı da odur ki, xristian dünyasının ən önəmli kilsəsinin açarı bu gün iki müsəlman ailəsinin əlindədir. Onlar bağlayıb açırlar kilsəni. Nə üçün?! Tarix boyunca müxtəlif xristian icmalar arasında bu kilsə ilə bağlı çox dava-dalaşlar, söz-söhbətlər olub. 12-ci əsrdə hökmdar Səlahəddin Eyyubi bu narazılıqlara son qoyaraq kilsənin açarını 2 müsəlman ailəyə verir. Və bu gün də kilsənin açarları həmin ailənin davamçılarındadır.  Məhz bu ailələr kilsəni sabah açıb, axşam bağlayırlar. Bunda mətnalatı məna axtaranlar da az deyil: Xristian dünyasının ən önəmli kilsəsinin açarı müsəlmanların əlində...

 


Daşa sarılıb dərdlərinə çarə axtaran xristianlar

 

Kilsədə məni ən çox təəccüblədirən yaşından, cinsiyyətindən asılı olmayaraq, insanların özlərini və əllərindəki əşyaları bir daşa sürtüb dualar etməsi oldu. İsa Peyğəmbərin nəşinin məhz bu daş üzərində yuyulduğuna inanan xristianlar əllərinə keçəni bu daşa sürtür, dualar edir, göz yaşı tökür və daşı öpürdülər. Kimlər yox idi ki aralarında? Yaylığını daşa sürtən yaşlı qadın, əlindəki-qolundakı üzük və qolbaqları çıxarıb daşa sürtüb təkrar taxan gənc qız, oyuncağını daşa sürtüb balaca əlləri ilə dua edən azyaşlı, papağını daşa sürtüb göz yaşı tökən kişi. İlk baxışda bu adət mənə çox qəribə göründü. Müsəlman dünyasında pirlərdən və ya müxtəlif əşyalardan kömək gözləyənlər hər birimizə tanışdır. Kilsələrdə isə yalnız şam yandırıb sakitcə dualarını edən xristianları görümüşdüm. Bu cür özlərini yerdən-yerə vuran, əllərindəki əşyaları daşa-divara sürtüb dərdlərinə çarə axtaran xristianları ilk dəfə gördüyüm üçün xeyli təəccübləndim də...

 

“Ağlama divarı”nda hönkürüb ağlamadınsa...

 

Elə bu təəccüblə də İudaizm dininin müqəddəs saydığı “Ağlama divarı”na yollandım. Burada gördüklərim də az təəccübləndirmədi məni. Yenə də yaşından, cinsindən asılı olmayaraq, uşaqlı-böyüklü, qadınlı-kişili başlarını divara söykəyib hönkür-hönkür ağlayan inanclılar gördüm. Yəhudilərin ən müqəddəs ziyarətgahı olan “Ağlama divarı” (və ya “Göz yaşı” divarı) həm də arzuların yazıldığı kağız parçaları ilə doludur. İnanca görə, kağızda arzunu yazıb daşlar arasına qoyarsansa və hər iki əlini divara söykəyib nəyisə ürəkdən arzulayarsansa, istəyin mütləq gerçəkləşir. Divarların arası, yer dolu idi bu kağız parçaları ilə. Onu da deyim ki, qadınlar və kişilər arakəsmələrlə ayrılmış iki ayrı hissədə hönkürüb ağlaşırdılar.

 


Lənətlənmiş, yoxsa müqəddəs şəhər?

 

Bu gün Qüds yeni və taixi olmaqla iki hissədən ibarətdir. Tarixi Qüds torpaqlarına giriş isə qala qapıları ilədir. Sultan Süleyman Qanuninin dövründə inşa olunan bu 7 qala qapısı insanları 3 dinin ən müqəddəs ziyarətgahlarına qovuşdurur. Yolları isə o qədər təmizdir ki, “Avropada küçələri şampunla yuyular” mifinin əslində reallıq olduğunu Qüdsdə gördüm. Yer o qədər par-par parıldayırdı ki, dəfələrlə sürüşüb yıxılmaq həddinə gəldim. Düzdür, tarixi Qüdsün müsəlman məhəlləsi barədə bunu deyə bilməyəcəm. Müsəlman məhəlləsi daha çirkli idi. Onu da deyim ki, Qüdsün tarixi hissəsi 4 məhəllədən ibarətdir: xristian, yəhudi, müsəlman və erməni məhlələri. Hə məhlənin də özünün ayrıcı bazarı var.

 

Tarixi Qüdsdə bol olan iki şey varsa,  biri bazarlar, digəri də hər addımının müqəddəs olmağıdır. O dərəcədə müqəddəs ki, yolla getdiyin yerdə baxırsan ki, kimsə əyilib yeri öpür və ya kimsə divardakı hansısa daşa-dəmir parçasına əlini çəkib duasını edib keçir.

 

Hansı dinin mənsubu olmağın fərqi yoxdur bu şəhərdə. Ruhu ilə, tarixi ilə, mədəniyyəti ilə, özünəməxsusluğu ilə, bütün dinlərin müqəddəs məkanlarına qucaq açması ilə elə hər kəsi ağuşuna alır bu şəhər... Gələn qonaqlara huzur, mənəvi rahatlıq versə də, özünə qalan lənət olur. O lənət ki, əsrlər, minilliklər keçsə də, uğrunda savaşlar və qanlar bitmir...

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi