Modern.az

“Qırmızı Şaman”ın izi ilə... Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - II HİSSƏ

“Qırmızı Şaman”ın izi ilə... Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - II HİSSƏ

27 Sentyabr 2019, 09:46

Aida Eyvazlı Göytürk


(əvvəli burada
)

    
Ucsuz bucaqsız Saxanın bir çox möhtəşəmliyi var. Amma unikal olan insanıdır. Saxa türkləri çox ağıllı və müdrikdirlər. Güclü yaddaşları isə yəqin hər zaman təbiətlə təmasda olmaqlarındadndır. Çox maraqlı bir məsələ də saxa türklərinin dilində oğru, qıfıl, açar sözlərinin olmamasıdır. Bu da nədən qaynaqlanır bilirsiniz, saxalıların qapını bağlamağa ehtiyac duymamalındandır, oğurluq anlayışını bilməmələrindəndir. O qədər saf və mərifətlidirlər ki, onların yanında adam özünü zəmanənin dışında hiss edir.


“Azərbaycan poeziyası günləri”


“Qardaş Azərbaycan Xalqına “Çox sağ ol”- deyirəm. Sizi  qonaqpərvər Yakut torpağında  salamlamaqdan məmnunam. Platon Oyunskinin “Qırmızı Şaman” kitabını azərbaycan dilinə tərcümə etdiyinizə görə Sizə minnətdarıq. Bu işin dəyəri çox böyükdür.  Platon Oyunskinin kitabını Azərbaycan dilinə tərcümə etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Sevindirici haldır ki, kitab Oyunskinin 125 illiyi ərəfəsində işıq üzü  gördü.  Bu müqəddəs işi görən  Dünya Gənc Türk yazarları birliyinin başqanı Əkbər Qoşalıya və məşhur jurnalist Aida Eyvazlıya öz minnətdarlığımı bildirirəm. Ötən il mən  Azərbaycanda keçirilən  Masterlinq Avropa Çempionatında iştirak edirdim. Bu xalqın, bu millətin necə qonaqpərvər  və Yakut xalqının  çoxmilli mədəniyyətinə böyük sevgi ilə yanaşdıqlarının şahidi oldum.”.  – bu fikirlər Konsitusiya Məhkəməsinin sədri Aleksandr Kimenin tədbir iştirakçılarına ünvanladığı bu məktubundandır. Həm də ki,  məktubun böyük bir hissəsi azərbaycan dilində yazılmışdı.


Platon Oyunskinin ev muzeyinədə keçirilən tərbirə ölkənin elit və adlı sanlı yazarları, nazirləri və deputatları dəvət olunub. Minnətdarlıq sözü ilə Oyunskinin doğulduğu Tattı ulusunun  rəhbəri İ.A.Svitsova çıxış elədi. Saxa (Yakut)Respublikasının mədəniyyət və ruhani inkişaf naziri Yuriy Kupriyanov,  SR(Y) yanında  dilin inkişafı məsələləri üzrə idarənin rəhbəri Rimma Jirkova, İnformasiya siyasəti və Kütləvi Kommunikasiya Departamentinin rəhbəri Afanasiy Noyev və digər tanınmış yazıçılar, şairlər və ictimaiyyət nümayəndələri bu nəcib işi ayaq üstə alqışladılar. Muzeyin ümumi zalında tamaşaya gələnlərə yer olmadığından  bizi ayaq üstə dinləyirdilər.  Şaman inancına sahib olan bu insanlar, Oyunskinin kitabının təqdimatının Isıax günlərində keçirilməsinin özündə bir qanunauyğunluq olduğunu, bu gün türk dünyasında mühüm bir tarixin yazıldığını bildirdilər. Oyunskinin ruhunun sevindiyini söylədilər. Gəlişimizi bayram edən  nazir də, departament sədri də, Tattı ulusunun nümayəndəsi də öz çıxışlarından sonra Fəxri fərman, təşəkkür məktubu və hədiyyələr təqdim etdilər. Biz də Bakıdan gətirdiyimiz hədiyyələrimizi Oyunskinin muzeyinə, və dostlara ərməğan etdik. Natalya Xarlampyevaya isə Beynəlxalq Türk Akademiyasının prezidneti , professor-türkoloq Darxan Kıdırlaının təşəkkür məktubunu təqdim edirik. Darxan bəy, “Qırmızı Şaman” kitabının çapdan çıxmasına görə Saxa xalqına gözaydınlığı verib.


Sonra 1939-cu ildə İrkutsk həbsxanasında öldüyü deyilən, məzarı olmayan, özü laməkan Platon Oyunskinin əşyalarına, kitablarına baxırıq. Onun toxunduğu, ondan qalan əşyalarına barmaqlarımızı asta-asta toxundururuq. Yazı masasına yaxınlaşanda bir doğmalıq hiss etdim. Yazı masasının yanında dayanıb əllərimi Tanrıya açıb, Oyunskinin məni yenə görməsini, hiss etməsini istədim. Onun oturduğu stulda əyləşib, ruhu ilə söhbət etdim. Mən biliridm ki, Laməkan Oyunski məni görür, eşidir.  Ətrafımızdaki dostlar dedilər ki,  yaxşı ki, məzarı yoxdur. Demək, Tanrı belə istəyib.


Xomus... ruhun səsidir....


Sibirdə və Yakutiyada Xomusun yaşını kimsə bilmir. Bu soyuq ellərdə  ailələrdə doğulan  uşaqların heç olmasa biri  şer yazır,  mahnı oxuyur, ya zərgər olur. Bu insanlara tanrı öz yaradıcılıq işindən bir zərrə pay verib.  Yaşlısından böyüyünə kimi hər kəs  çantasında, ya cibində özü ilə xomus gəzdirir. Xomus nədir?  Bütün türk xalqlarının yaradıcılıq mədəniyyətində yer alan Xomusun yaşı 5 min əvvələ gedib çıxır.  Onu taxtadan, bambukdan və dəmirdən hazırlayırlar. Xomusu həm də şamanlar çalırlar. Bu bir növ çalğı alətidir. 5-6 sm ölçüdə olan, əyilmiş açara bənzəyən  xomus dodaq  və ya dişə sıxılır, kənara çıxan qalın  ilgəyə bənzəyən sim  barmaqların  iti hərəkəti vasitəsi ilə hərəkətə gətirilərkən, nəfəs və dilin toxunuşu ilə  müxtəlif boğaz səsləri çıxarılır, və könül oxşayan melodiyalar alınır. Bu melodiyaların biri digərinə bənzəmir. Xomusla ifa edilən musiqilərin hər biri insanın iliyindən, canından süzülüb keçir.  Səslər, avazlar, boğazlar o qədər doğma və tanışdır ki... sanki nə vaxtsa eşidib, unutduğumuz nəğmələri yenidən eşidirdik.

                     
Bəyaz gecələrin Günəşi...


Gecə saat 11... günəş hələ indi qürub etməyə hazırlaşır. Qaldığım  “Strex” otelindəki  pəncərəm bir başa şəhər meydanına açılır. Birdən diqqətimi qoşa-qoşa addımlayan atlar , milli paltar geyinmiş insanların nümayişi cəlb edir. Belə məqamı ötürməkmi olardı? Fotoaparatımı götürüb, meydandakıların arasına qatııram. Milli yay və qış geyimində olan qızlar-gəlinlər, ərən oğlanlar at belində hayqırtı ilə şüarlar səsləndirib, mahnı oxuyaraq keçid edirlər. Atlar meydanda şahə qalxır, cövlan edirlər. O at belindəki hündürboylu cəngavərləri görəndə fikirimdən  işğal altında olan torpaqlarımız keçir. Biz ki, qədim türklər işğalda torpaq, yurd qoymazdıq? Hanı o igid ərənlərimiz, əcəl aldı, yer gizlədi... Saxa türklərinin qüdrətini, məharətini  at belində yarışan cəngavərlər göstərir.. Min illərdən bu günə qədər genetik yaddaşla gəlib çıxan məharət. Meydanın başqa bir yerində, Platon Oyunskinin adını daşıyan “Olonxo” tetarının qarşısında isə meydan tamaşaları göstərilir. Diqqətimi bir başqa məqam çəkir. Yenə gözəl musiqi səsi gəlir. Bizdə olan “Əlimi bıçaq kəsibdir, dəstə bıçaq kəsibdir, Yağ gətirin yağlayaq, bağ gətirin bağlayaq”-  el mahnısının ritmində mahnı oxuyub, yallı gedirlər. Bizim “Yallı” dediyimzə, saxalılar “Osuoxay” deyirlər.  Gedib tanımadığım , lakin ruhən yaxın olduğum insan axınına qoşuluram. Əvvəlcə baxıram ki, ritmi onlar kimi tuta bilmirəm. Diqqətlə fikir verəndə görürəm ki, saat əqrəbinin istiqamətində hər kəs sol ayağını arxaya, sağ ayağını sol ayağının qarşısına qoyaraq, ayaq hərəkətlərini at və maral kimi açıb yummaqla dövrə vurmaqla davam edirlər. Az vaxtda dövrə artaraq 4-5 silsilə əmələ gətirir. Hamı bir nəfər kimi, əsas oxuyanın - Olonxonun dediyi sözləri təkrar edirlər. O bir ağız deyir, dövrə vuran insanlar da onun dediyini eyni ritmlə davam etdirir. Osuoxay əslində həm də bizdəki bəy tərifinə bənzəyir. Solo oxuyan Olonxo- yəni, dastançı  bu şer məntlərini seçəndə dastanlardan, ayrı-ayrı şairlərin şerlərindən, el yaradıcılığında, folklorda olan nümunələrdən də istfadə edə bilər. Nə oxusa, hamısında Tanrıya, Günəşə minnətdarlıq var.


Yerli adamlar  Günəşi qarşılayandan sonra, yatmağa gedirlər. Mən isə otelə qayıtmalıyam. Əslində otelin pəncərəsindən günəşin çıxmasını müşaiyət edə bilirəm. Kənarda böyük elektron lövhədə saat gecə  03:00 göstərəndə pəncərəmin qalın pərdələrini çəkirəm ki, otağa Günəş işığı düşməsin.

                            
Saxa türklərinin inancları....


... Otel odasının zənginə oyanıram. Yola düşmək vaxtıdır. Bəyaz gecələrin yuxusu təzə gələnlər üçün dərin olmur. Demək olar ki, gözümün acısını çıxarmamış oyanmalı oluram.  Burada səhər saat 08:30-dur, Bakıda isə hələ gecədir 02:30.


... Yakutskdan çıxırıq... Natalya Xarlampyeva, Qavril Andros və Rüstəm Kajekin  də bizimlədirlər. Çox da hündür olmayan dağ yamaclarının, çökə, şam və ağcaqayın meşələrinin arasından keçirik.  Qarşımızda gözəl və geniş, üfüq xəttinə qədər uzanan ərazilər var. Göy üzü gömgöy, ağ buludlar sırğa kimi, boyunbağı kimi düzülüb yuxarıdan bizi müşaiyət edirlər. Gəlib bir məkanda dayanırıq. Yadıma Ötükən düşür. Orada da belə yerlər var idi. Orada da otlar belə yaşıl, hava sərin, meh havalı, göylər mavi buludlu – eynilə təbiətin ahəngi belə idi.


Saxada 4 ay yay olur. Bu  müddət ərzində insanlar  ancaq təsərrüfat işləri, əkin-biçinlə , torpaqla məşğul olur, evlərində, həyətlərində abadlıq yaradırlar.  Torpağın üzünun donu   may ayından etibarən  açıldığından , bütün işlərini  avqustun sonuna kimi bitirməyə çalışırlar.


Adına Kullatı vadisi deyilən cazibədar bir məkandayıq. Dayandığımız məkanın tarixi  6 min əvvələ gedib çatır. Bu ərazilərdə yüzlərlə runik yazılı daş kitabələr və abidələr vardır. Xalq inancına görə buralar Müqəddəs yerlərdir. Natalya xanım xüsusi ocaq yerində od qalayıb, özü ilə gətirdiyi kökələri  ocağın ətrafına düzür, sonra isə  su qabına doldurduğu kımızı açıb odun ətrafına səpir. Su qabındakı kımız “bıljjj” eləyib ətrafa səpilir. Ayin keçirməyə başlayır.  Dualar oxuyur. Natalya xanım deyir ki, bu yaxşı oldu. Ətrafa çox kımız səpələndi. Demək ruhlar razı qaldılar.


Yol boyu  ormanların ,  çöllüklərin içərisində taxta evlər və üzərinə mal təzəyi sərilmiş damlar görürük. Qavril Andrios deyir ki,  kənd  yerlərində yaşayan saxalılar bu gün də özləri üçün daşdan deyil, ata-babadan mədəni adət kimi qalmış taxta evlər tikirlər. Saxaya haradansa daş gətirmək, çox baha başa gəldiyi üçün, 20-ci əsrin əvvəllərinə qədər buralarda bütün yaşayaış və inzibati binalar taxtadan olub.  Meşədən  ev tikməyə yararlı ağaclar qırılır, yurd quran insan özü üçün  ev tikir. Evin bir az aşağı hissəsində isə  taxta tövlə tikilir. Maral, mal-qara təzəyi  qış günləri insanların yanacaq ehtiyatı olmaqla yanaşı, həm də 4 aylıq isti yay fəslində örtük kimi damların evlərin, üzərinə , böyrünə yaxılaraq, qurudulur.  Quru təzəklər soyuq şaxtaya davam gətirir, soyuğu evin içərisinə buraxmır. Burada təbiət verdiyi bütün nemətləri, hər halı ilə gözəldir. Yamyaşıl biçənəklərin qoynunda insanlar qarışqa kimi qaynaşırlar, yorulmadan qış ehtiyatı görürlər.  Saxa yurdunun övladları onlara Tanrının iltifatı olan yay aylarında qışa ehtiyat görmək üçün istifadə edib, bununla da Tanrıya verdiyi ruzi-bərəkətə görə şükr və alqış edirlər.


Saxalıların inanclarında insanları Tanrı ilə bərabər həm də ruhlar qoruyur.  Onların Tanrılar pantionunda Yuxarı, Orta və Aşağı aləmin sahibləri vardır. İnandıqları ruh sahibindən biri də Çingiz xandır. Belə rəvayət edirlər ki, Yuxarı aləmin sahibi Oodun Xan göylərdə Çingiz xanın icazəsi ilə oturub. Göylərdə oturan tanrıların özləri də , paltarları da ağdır. Birinci Tanrı Yurunq Aar Toyon – Böyük Ağ Hökmdar deməkdir.  Yerdəki Orta aləmin, torpağın sahibi isə Aan Alaxçın Xotundur. Çingiz xan da sarı saçlı, alagözlü nurlu bir bahadurdur. Bir çətinliyə düşəndə saxalı yakutlar torpağa, təbiətə Çingiz xanın adına da qurbanlar verirlər,pay göndərirlər. Bu təbiətdə baş verən hadisələrin çoxunu Çingiz xanla bağlayırlar.

 
Müqəddəs  Xanqalasın xan oğulları...


Yakutiyadakı görkəmli adamların çoxsu Xanqalas ulusundandır. Qavril Andros deyir ki, XVI əsrin sonlarında Xanqalasda yaşayan tayfa başçılarından biri də onun ulu babası Murenbay olub.  O, tayfa qanunlarına görə hər il yurdda Isıax  bayramı keçirərmiş. Onun keçirdiyi böyük törənə ətrafda yaşayan bütün şəcərədən və tayfalardan olan insanlar yığışıb gələrmiş. Həmin Isıax - Günəşin doğuluşunu, yazın gəlişini bayram edən günlərdə insanlar yatmadan dayanıb Tanrıya minnətdarlıq edərdilər.  3 gün 3 gecə 9 şaman insanların arasında ayinlər keçirib, kamlal edər, yurd üçün əmin –amanlıq və ruzi-bərəkət arzulayardılar.  9 şaman kakmlal edəndə Tanrıdan  Murenbayı öz yanına aparmağı diləyərdilər. 


Oyunski meydana çıxandan sonra ,  Murenbayın Isıx bayramını xatırlayanlar deyib ki, 9 şamanın göy üzünə qalxıb gördüyü adam elə Platon imiş. Bir neçə il bundan öncəyə qədər Oyunskinin doğulduğu Tattı ulusunda Olonxo deyən insanlar dayanmadan 3 gün 3 gecə söz yarışmasına çıxar, dastan deyərlərmiş. Bu sinədən deyilən dastanlar 10 min sətirdən 50 min sətirə qədər uzana bilərmiş.Olonxo Yakut milli irsinin və fəlsəfəsinin məhək daşıdır. Olonxo bütün yakut mədəniyyətini özündə qoruyub bu günə qədər çatdıran qeyri maddi bir irsdir.


Yakutiya öz Müstəqilliyini əldə edəndən sonra köhnə  ərazilərə əvvəlki  yurd adlarını qaytarıblar.  XVI əsrdən sonra yazılı tarixi başlayan bu məkanı, lap qədimdə olduğu kimi yenə də Xanqalas, yəni Xan Qalası adlandırıblar. Yakutlar belə hesab edir ki, onların dövlətçilik tarixi Xanqlı tayfası ilə bağlıdır. Ona görə də bu tayfanın batırlarını da, bu yerləri də müqəddəs hesab edirlər. Və bu ərazilərə gələn hər kəs ruhlar üçün yemək və su gətirirlər. Bu yerlərin müqəddəsliyindəndir ki, Xanqalasdan Saxa-yakut xalqının taleyinin işıqlanmasında, dövlət quruculuğunda, ədəbiyyatın, mədəniyyətin bütün sahələrində ad-san qazanmış insanlar doğulub. Lev Qumilyev yakutlardan söz düşəndə deyirdi ki, yakutların əvvəli köçəri həyat sürən  peçeneqlərdir. Onlar indiki qazaxların Böyük cüzünü yaşadırlar. Yakutlar da tarixən həmin cüzün daşıyıcılarıdırlar. Onların ən çox böyüdüyü tarixi faza bizim eradan 1-ci minilliyə təsadüf edir.


Müqəddəs Xanqlı deyilən məkanda Tanrıya və ulu türküçülərə, xaqanlara, alimlərin ruhlarına  dualar edib, dünyamıza əmin-amanlıq, əlimizdən getmiş, satdığımız vətən və Qarabağ torpaqlarının geri alınmasını arzu etdikdən sonra yolumuza davam edirik. Öktem ulusuna  çatırıq.

                          
Şəkidən Xanqalasa gələn yolun adamı... 


Burada  türk elinin  Xanqalas köklü bir şəxsiyyətinin , Saxa Yakutiya Respublikasının ilk prezidenti Mixail Yefiomovun həyatından bəhs edən prezident muzey-kitabxanası yerləşir. Məktəblilər əllərində tutduqları sinilərdəki şirniyyatlar və kımız dolu çoronlarla bizi qarşılayırlar. Kökələrin  dadına baxıb, kımız dolu çoronları başımıza çəkirik. Muzeyin direktoru bizə Mixail Yefimovun öz xalqının dünəni, bu günü və gələcəyi üçün gördüyü işlərdən, apardığı mübarizədən, elə Xanqlı tayfasına məxsus olan mərdanəliklərindən danışır. Sonra biz  “Qırmızı şaman” kitabını muzeyə hədiyyə edirik.


Yolumuzun üstündə bir Pokrovsk ulusu da var. Burada isə saxalıların ünlü yazıçılarından sayılan, milli mübarizə hərəkatının başında dayanan, Mahmud Kaşqari, Salman Mümtaz kimi oba-oba, el-el, oymaq-oymaq gəzib, xalqının tarixini, folklorunu, mahnılarını, ağız ədəbiyyatını toplayıb, tarixləşdirib, kitablaşdıran , Xanqalas ulusunda doğulan, Yakut Dil İnstitutunun direktoru olmuş  Qavril Vasilyeviç Ksenofontovun muzeyi var. Bu muzeydə türük  tarixinə şahidlik edən çox dəyərli eksponatlar toplanıb. 2300 yaşı olan döyüşçü silahları, 3 min ildən artıq yaşı olan runik yazlar, qədim daş çapacaq alətləri, dəmirdən işlənmiş silahlar da bu yerlərdə dəmirçilik sənətinin öz dövrünün yüksək texnologiyalarına uyğun inkişaf etməsindən xəbər verir. Və bir də ki, şamançılığın izləri...


Öz xalqının tarixindən danışan  Pavel Xaritonov Oyuku həm də Ksenofontovun muzeyinin direktorudur. Ksenefontovun sonunun Stalin repressiyaları ilə gəldiyini deyir. 1938-ci ildə onu  Platon Oyunski ilə birlikdə “Yakut işi” cinayəti ilə həbs ediblər. Məhkəməsiz, sualsız-cavabsız Mikayıl Müşfiq kimi güllələyiblər. Dövrana, hakimiyyətə, haqsızlığa hər zaman etiraz edən şəxsiyyətləri, el bahadırları olub bu millətin. Öz azadlıqları, dilləri uğrunda mübarizə yakutların milli şərəf məsələsidir.


Muzeydə Xanqalas ulusunun qorunmasında, abadlaşdırılmasında, tikilməsində əməyi olanlar lövhəsində “Yakutsement” zavoduna da yer ayrılıb. Bu ulusun uğurlarının çoxunda bizim adımızı Müqəddəs türk yurdunda adlar içərisinə yazan, imzasını imzalar içərisində təsdiq edən Əliş Məmmədovun və onun kollektivinin, zavod həyatının fotoları və sənədləri yer alıb.


Burada bizim səfərimizin əziyyətini çəkən Əliş Məmmədovun yeri-kökü haqqında xırda bir məlumat vermək istəyirəm. Əliş Məmmədov Şəkinin Köynük kəndində doğulub.  Azərbaycanda Mühəndislik İnstitutunu bitirib, 1979-cu ildə Yakutska gəlib. Özü də ki, qisməti onu Xan qalasına bağlayıb. Saxada olduğumuz bir neçə gün ərzində əmin olduğum bir həqiqət var idi ki, burada baş verən hadisələr, hər hansı bir insanın bu müqəddəs torpaqlara gəlişi elə-belə adi yolçuluq məsələsi deyil. Bu torpaqlar ona lazım olan insanı özü çağırır, özü səsləyir, istəyəndə bəsləyir və böyüdür, dualayıb alqışlayır və qoynunda saxlayır.  Burada yaşamaq, buralarda qalmaq insanın  taleyidir. Bu torpaqlar sevmədiyi insanı özünə bağlamır.


Müqəddəs Xanqalac Ulusunda səyahətimizi başa vurub,  Moxsoqollox ulusuna Əliş Məmmədovun rəhbərlik etdiyi “Yakutsemenzavoda” gedirik. Zavod Lena çayının sahilində yerləşir. Burada sementin xam məhsuldan hazır məsula  necə çevrildiyinin əyani şahidi oluruq.  Zavodun ərazisi 124 hektardır. 970 nəfər işçisi var. Hətta qadınlara analıq məzuniyyəti də verilir. Fəhlələrin bütün hüquqları qorunur. Zavodun yardımçı təsərrüfatları, yardımçı istehsal sahələri var. Zavod heç kimdən, heç yerdən asılı deyil. Xammalı təbii resurslardan əldə edir, Zavodun istehsal etdiyi sement  qarşıdan axan Lena çayında  dayanan gəmilərə yüklənib, bütün Yakutiya boyunca və Şimal Buzlu okanın sahillərinə qədər  göndərilir. Xaricə mal satmırlar. Çünki yolun maya dəyəri üstünə gələndə, buradan aparılan sement baha başa gəlir. Keyfiyyətə gəlincə isə, Rusiya ərazisində ən keyfiyyətli sement burada istehsal edilir.


Sakların qədim köklərini araşdıran məşhur türkoloq Lev Qumilyev yazırdı ki, “Saxlar bu şimal ölkələrinə xoş günlərindən gəlib çıxmayıblar. Yaşadıqları əvvəlki ərazilərdə baş verən təbət hadisələri, quraqlıq, yanğın, daşqın və sellər,  sakları öz yurd-yuvalarından bol sulu, yaşıllıq olan ərazilərə köçməyə məcbur edib. Qədim saxalıların  bol mal-qara sürülərini bura gətirib çıxarmaqda, özlərini və təsərrüfatlarını fəlakətdən qurtarmaq istəyiblər. Bir neçə gün ərzində bizi bir dəqiqə diqqətsiz qoymayan, həmyerlimiz  Əliş Məmmədovun da bu yerlərdə gəlib göyərməsinə, qol-budaq atmasına Tanrı və bu təbiət, göylər izn verib.

                                     
Lenanın daş-qaya dirəkləri


Sement zavoduna səyahətimizi başa vurub, Lena çayının sahilində gözləyən  gəmi-bərəyə  otururuq. Lena çayı sözün əsil mənasında bir əfsanədir.  Çay boyu irəlilədikcə bizdən sol tərəfdə qalan sahildəki daş qayaların mistik gözəlliyinə, Lena çayının mas-mavi, dumduru suyuna  heyranlığımızı gizlədə bilmirik. Daşlaşan, sahil boyu divar səddi kimi çəkilən lövhələrini hərdən sıx meşəliklər əvəz edir. Bir-birindən gözəl mənzərələri göz yaddaşımıza yığsaq da , hər yeni görünüşdən, yeni təbiət mənzərəsindən heyrətə gəlirik. Bir tərədən günəş şəfəqlərini yolumuza saçır, hərdən də buludların arasından elə bil ki, gəlişimizə  xımır –xımır gülümsəyir. Xanqalas ulusundan Pokrovska qədər 104 km boyunca uzanan  Lena çayının sahillərinə dayaq kimi düzülən  daş qayaların ilahi və ecazkar gözəlliyi var. Lena mənzərələri həqiqətən də təbiətin möcüzəsidir. Buradakı sarı ağ rəngli daşlardan əmələ gəlmiş oymalı qayalara baxdıqca fikirləşirsən ki,  özündə gizli bir sirr-sehr saxlayır.  Bəzi yerlərdə  daş qayaların hündürlüyü  220 metrə qədər çatır. Ev sahibləri deyirlər ki, qayalar burada  tektonik təbiət hadisələri və yerdəyişmələr nəticəsində əmələ gəlib. Arxeoloqlar və tarixçilər, çoğrafiyaşünaslar bu qayaların əmələ gəlməsinin yaşını eramızdan əvvəl 560-540 və ya 400  milyon il əvvələ də aid edirlər. Adama elə gəlir ki, elə bu daş qayalar da burada yaşayan  qədim insanlardır ki, Yakutskı , Saxa ellərini qorumaq üçün daşa dönüb, keşikdə dayanırlar. Və bu gözəlliklərə baxıb, Tanrının Yer üzünü nə qədər sevdiyini, insana yaşamaq üçün, doymaq üçün nə qədər gözəlliklər verdiyinin şahidi olursan. Bu vəhşi təbiətin qoynunda ağacların quşların, səsi  də daha bir şahanə  gözəllik yaradır. 2012-ci ildən  Lena çayının sahillərindəki 1353 min hektar ərazidəki  gözəlliyin qorunması üçün , Saxa xalqının müraciətini  YUNESKO qəbul edərək,  “Lenskie stolbı”- “Lena dirəkləri” deyilən bu təbiət parkını Dünya maddi İrs siyahısına salıb.


Sağımızdakı-solumuzdakı gözəllikləri seyr etdikdən sonra, ev sahibi Əliş Məmmədov bizi  yemək süfrəsinə dəvət edir. Süfrəyə Lena çayında üzən balıqların hamısından düzülüb. Balıq şorbası- uxa, balıq qızartması, balıq buğlaması,  maral ətindən, nərə balığından  kabab, və bir də ki, nərə balıqlarından hisdə bişirilmiş çox möcüzəli bir yemək... Qonaqları salamladıqdan sonra, bu gəlişin, bu məramın türk dünyası üçün yeni bir pəncərə, yeni bir səhifə olması haqqında xoş sözlər deyilir. Və süfrəni alqışlayıb dualamaq üçün ikinci söz şaman Leonidə verilir. Şaman Leonid badəsinə süzülən arağın bir qaşığını süfrəyə, bir qaşığını isə stolun altına çiləyir. Sonra kamlal edir. (Şamanların təbirincə “kamlal”- dualamaq, alqışlamaqdır.) Deyir ki, bu ayin eməklə süfrədən pis nəfisləri, ayaqlarımızın altından isə qara fikirli, pis niyyətli  adamların nəfsini, gözünü təmizləyir. Tanrının bildiyi , bizim bilmədiyimiz dildə alqışlar oxuyur və deyir ki, süfrəniz açıq, qəlbiniz pak, ətrafınız xeyirli , nurlu insanlarla dolu olsun. Şamanın alqışalrı  bizim xalqın  xeyir-dualarınaa bənzəyir. Bugünkü məclisimizdə Azərbaycan diasporunun Yakutiyadakı üzvləri Rövşən, Rasim müəllim də iştirak edirlər. Söhbət əsnasında bilirik ki, süfrədəki yeməklərin hamısının bişirlməsi qaydasını  gəmidəki  aşbazlara eloğlumuz özü öyrədib.  Süfrəni gözdən keçirdikdən sonra isə, fikirləşirəm ki, bizim dövrün Qraf Monte Kristası bu gün  Əliş Zabitoğludur. Çünki burada lduğumuz bir neçə gün ərzində olmazları ol edibdir. Sən demə, Yakutska gələn yüksək mənsəbli qonaqları da hökumət səviyyəsində elə Əliş Məmmədova məxsus katerdə uğurlayırlar. Yəni ki, əslində Yakutska gəlib Lena çayının sahillərində gəzintiyə çıxmadan, Xanqalası görmədən, bu meşələrdəki ağacların ruhunu hiss etməsən, demək ki, buralarda olmağın hesab-kitaba yazılmır. Sözün düzünü deyim ki, Əliş müəllimin xüsusi resepti ilə hazırlanmış nərə balığının yeməkləri  hətta buradakı yerli saxalıların da ilk ağız dadları idi. Əliş müəllim bunun izahını belə verdi ki, Lena çayından tutulan balıqlar həm körpədir, həm də buradakı balıqların dadı bizdəki balıqlara bənzəməz. Deyir ki, suyundan, havasındandır...

 

(ardı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı