Modern.az

Səfalət yağan, üzü müharibələr görmüş “iki adaxlılı” şəhərdən REPORTAJ

Səfalət yağan, üzü müharibələr görmüş “iki adaxlılı” şəhərdən REPORTAJ

Reportaj

28 Sentyabr 2019, 12:57

Fələstin barədə illərdir ki, televiziya ekranlarından, xəbər saytlarından ancaq bombalama, müharibə, qan, göz yaşı  xəbərlərini izləyirdim. Odur ki, bu ölkəyə getməzdən öncə bir az tərəddüd də etdim. İndiyədək səyahət etdiyim heç bir yerə bənzəməyəcəkdi Fələstin. Müharibənin və onun izlərinin Fələstinin hər qarışında qarşıma çıxacağını düşünürdüm. Amma İsrailə qədər gəlmişkən qonşu Fələstinə baş çəkməmək olmazdı.

Modern.az-ın “Adama gəzmək qalır” layihəsində bu dəfə başı bəlalardan əskik olmayan Fələstin səyahətimdən danışacam.

 
Göydən bombalar yox, səfalət yağır

Fələstinin başından bəla, qan, göz yaşı əskik olmasa da, mənim başıma heç bir bəla gəlmədi. Tam təhlükəsiz olan küçələrdə gördüyüm tək bəla, tək neqativ hal səfalət, çirklilik oldu. Müharibə ölkəsi olduğu sanki boynuna biçilmişdi. İnsanların sifətində o çarəsizliyi, o kədəri görməyə bilmirsən.

Tam təhlükəsizdir desəm də, təbii ki, bu “təhlükəsizlik” anlayışı Fələstinin bütün şəhərlərinə aid deyil. Fələstin bir-birinə qonşu olmayan iki hissədən ibarətdir. Aralarında isə İsrail yerləşir. Səbəb İsrailin tarixi Fələstin torpaqlarını öz ərazisinə qatmasıdır. Fələstinin bir hissəsi bombalardan uzaq Qərbi Şəria bölgəsidir. Digər hissəsi isə Misir sərhədində yerləşən Qəzza zolağı. Zaman-zaman bombaların partladığı, avtomatların susmadığı Qəzza...

 
Nə qlamur yerlər, nə də bəh-bəhli restoranlar var!


Səyahər üçün Qəzza bölgəsi uğurlu seçim olmasa da, Qərbi Şəria şəhərləri gəlməyə və görülməyə dəyər! Düşünməyin ki, burada sizi təmiz küçələr, qlamur yerlər, bəh-bəhli kafe-restoranlar gözləyəcək. Olduğum yerlərdə əyləncəli və rahat istirahət üçün heç nə görmədim.  Hətta küçələrin çirkindən, natəmizliyindən sonra buralarda dilimə sudan başqa heç nə dəyməsə belə, tarixin ən qədim torpaqlarını, başı bəlalar çəkmiş Fələstini, müharibənin ağrı-acısını yaşamış bir ölkənin simasını görmək üçün Fələstinə gəlməkdə çox doğru qərar verdiyimə bir daha əmin oldum.

 
İsa Peyğəmbərin doğulduğu şəhər

İlk istiqamətim Betlehem (Büytül-ləhim) oldu. Qüdsdən avtobusla Fələstinin Betlehem şəhərinə gəlib çatmağım 30-ca dəqiqə çəkdi. 30 dəqiqəyə başqa şəhərdə, başqa ölkədəsən və ən əsası, heç bir pasport nəzarəti yoxdur! Möhür yoxdur! Yerli əhalinin dediyinə görə, İsrail və Fələstin vətəndaşlarının bir-birinin ərazisinə gedib gəlməsi problem olur. Amma turistlərlə heç bir işləri yoxdur. Kimsə sənə gözün üstə qaşın var demir.

Betlehem həm də İsa peyğəmbərin doğulduğu şəhərdir. Onun doğulduğu yerdə bu gün kilsə var. Elə o səbəbdən Fələstin küçələrində avropalı turistləri görmək normal haldır. Mənim bu kilsəyə daxil ola bilməyim isə xeyli məşəqqətli oldu. Səbəb ermənilərin İsa Məsihin doğulduğu Doğuş kilsəsində tədbir keçirmələri idi. Belə demək mümkünsə, kilsəni “bağlatmışdılar”. Odur ki, ermənilərdən başqa, bütün turistlər düz bir saat boyunca onların tədbirlərinin bitməsini gözləməli oldular.

 
Süd daşı ağartdı, sonsuz qadınlar ana oldu?!

Deyilənə görə, bu torpaqların hökmdarı Heroda bir oğlan uşağının doğulduğunu və onu taxtdan salacağını söyləyirlər. Herod da çarəni Betlehemdəki bütün yeni doğulan oğlan uşaqlarının öldürülməsi əmrini verməkdə görür. Məryəm Ana da körpə İsa ilə bir mağaraya sığınır. Burada İsaya süd verərkən yerə bir damla süd düşür. Süd düşdüyü yeri, daşı ağardır. Sonralar həmin yerdə şapel tikilir, adı da olur “Süd mağarası” şapeli. İnanca görə, övladı olmayan qadınlar bu şapelə gəlib ziyarət edir və sonrasında ana olurlar. 

 
Bir şəhərin iki “adaxlısı” olarsa...

Növbəti istiqamətimiz yəhudi və fələstinlilərin ortaq şəhəri olan Hebrona oldu. Başqa adla desəm, Əl-Halil şəhərinə. 210 min fələstinli, 1000 yəhudinin yaşadığı kiçik bir şəhərdir Hebron. Nəsimisayağı "məndə sığar iki millət, mən bu cahana sığmazam" deyən Hebrona iki dövlət sığıb.

İbrahim Peyğəmbərin məzarı da bu şəhərdə yerləşir. Müsəlmanlar üçün Məkkə, Mədinə və Qüdsdən sonra 4-cü ən önəmli şəhərdir Hebron. İbrahim Peyğəmbərin məzarının olduğu məşhur Əl-Halil məscidində 1994-cü ildə çox dəhşətli hadisələr cərəyan edir. Bir yəhudi fanatik gənc məscidə hücum edərək qətliam törədir, 30-dan çox insan öldürür. O vaxtlar məscid ibadətə bağlanır. Sonra isə ərazisinin 3-də ikisi sinaqoqa çevrilir və yəhudilərin ixtiyarına verilir. Ona görə də bu gün yalnız Hebron şəhəri iki hissədən ibarət deyil, elə şəhərin ən müqəddəs sayılan məscid-sinaqoqu da ikiyə bölünmüş bir durumdadır. Onu da deyim ki, müsəlmanların yəhudi sinaqoqu hissəsinə daxil olması, yəhudilərin isə məscid hissəsinə daxil olması qadağandır.

İsrail səfərimdən sonra getdiyim Fələstində qiymətlər yəhudi dövlətindən qat-qat ucuz idi. Küçələrin təmizliyi də elə İsraildən qat-qat aşağı idi. Bir şəhərin ruhunu duymaq üçün bazarları, bazarlarındakı insanlarla söhbətləşmək də əsasdır. Hebronda gördüyüm bazar heç bir yerin bazarına bənzəmirdi. Əşyalarla birlikdə kədər də satırdılar sanki. İnsanlar əllərinə keçəni satıb bir tikə çörək qazanmağa çalışırdılar. Ət və pal-paltarın qonşu piştaxtalarda satıldığını da ilk dəfə bu şəhərin bazarında gördüm.

Fələstinin müharibə bölgəsindən uzaq bu şəhərləri kədəri, səfaləti ilə yaddaşıma həkk olundu... Ölkənin üzü müharibələr görmüş digər şəhərlərini təsəvvür belə edə bilmirdim o an... 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir