Modern.az

Türkiyədə yaşayan azərbaycanlı həkim: “Uşaqlar mütləq peyvənd edilməlidir” - MÜSAHİBƏ

Türkiyədə yaşayan azərbaycanlı həkim: “Uşaqlar mütləq peyvənd edilməlidir” - MÜSAHİBƏ

29 Sentyabr 2019, 12:26

Bu yaxınlarda belə bir xəbər yayıldı: Türkiyədə Azərbaycan əsilli həkim xəstələrdən "bıçaq pulu" aldığına görə saxlanılıb və ona cinayət işi açılaraq, məhkəməyə göndərilib.
Qeyd edim ki, xoşagəlməz hadisə ilə gündəmə gələn həkim Türkiyə vətəndaşıdır. Sadəcə, Azərbaycan əsilli olması ölkəmizdə də, elə Türkiyədə də geniş müzakirələrə səbəb oldu.
İndi məsələnin sonu məhkəmənin çıxaracağı qərardan asılıdır.

Bu hadisəni xatırlatmamın tək səbəbi isə Türkiyədə fəaliyyəti ilə yaxşı mənada səs salan digər həkimlərimizdir. Yəni hər xoşagəlməz əməli bütün peşə daşıyıcılarına əməl etmək olmaz.

Aynur Quliyeva Türkiyənin ən böyük unversitet xəstaxanası olan Bezmialəm Vakıf Unversitet Xəstəxanasının "Çoçuk sağlığı və hastalıkları" bölümünün uzman doktorudur. Onunla tanışlığımız da elə xəstəxanadan başladı. Qapısının önündə sıra gözləyən xəstə yaxınlarının Aynur xanım haqqında dediyi xoş sözləri duymaq da qürürvericiydi. Hələ bu günlərdə xoşagəlməyən xəbərlər bizi üzmüşkən belə mənzərə lap ürəkaçan idi. Biz də sıramızı gözlədik və müayinəyə girdik. Həm müayinə olunduq, həm də tanış...
Çıxarkən isə iki Azərbaycan vətəndaşının bir-birinə sarılması həm də duyğusal idi. Bu dəfə isə uzman doktorumuzla jurnalist və həkim kimi görüşdük.


- Öncə sizi tanıyaq....


- 1988-ci ildə Azərbaycanın  tarixi torpaqları olan Borçalı mahalında doğulub, orda böyümüşəm. Sonra Bakıya köçdüm. Orta məktəbi orda bitirib Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Unversiteri bitirdikdən sonra  Türkiyədə uzmanlıq almağa qərar verdim.  Seçimim Bezmialem Vakıf Universiteti oldu. Burda  uzmanlıq təhsili öncəsi bəlli bir imtahanlar olur. Onlardan uğurla keçmək şərtdir. 4 illik uzmanlıq təhsilindən sonra Bezmialem Vakıf Universitetində işləmək qərarına gəldim. Bura Türkiyədə öz yerini tutmuş, davamlı olaraq təhsilə açıq, tibbin bütün sahələrində yüksək xidmət göstərən böyük bir xəstəxanadır.  Burda öyrəndiklərim məni üç, dörd dəfə inkişaf etdiri.  Bura mənə çox doğmalaşdı. Fəaliyyətimi burda davam etdirməyə qərar verdim.


- Xaricdə təhsil alan, peşəkarlığını artıran bəzi həkimlırimiz geri dönmür. Bu, bir az mənfi tendensiya yaratmırmı? Çünki Azərbaycanda da peşəkarlara ehtiyac var. Hələ bu uşaq həkimliyi sahəsidirsə, məsələ daha da həssaslaşır.

- İndi Azərbaycanda da peşəkar həkimlər var. Doğurdan da işinin öhdəsindən gələn həkimlərimiz çoxdu. Buna görə də içim rahatdır. Gələcəkdə ola bilər ki, mən də insanlarımıza xidmət üçün vətənə geri dönüm. Amma burda da bizim vətəndaşlarımız çoxdu. Onlara da xidmət edirəm. Yəni ölkəmdən fiziki olaraq uzaqda ola bilərəm. Amma hər zaman xidmətə hazıram.  Bizim peşəmiz məsuliyyətli, dərin, davamlı inkişaf tələb edən bir  ixtisasdır. Durmadan çalışmaq və öyrənmək lazımdır. İstər burda, istərsə də Azərbaycanda  gələcəyimizin təminatı olan uşaqlarımızı fiziki və mənəvi sağlamlığını qorumaq bizim borcumuzdur. Bunun üçün əlimizdən gələni etməliyik. Bütün uşaqlarımıza sağlam və işıqlı gələcək arzulayıram.


- Aynur xanım, son günlər bir məsələ doğrudan da bizi narhat etdi. Azərbaycan əsilli bir həkimin saxlanılması çox sərt reaksiyalara səbəb oldu

- Hər kəs öz adına, öz işinə cavabdehdir. İstər Türkiyə, istər Azərbaycan və ya dünyanın başqa ölkəsi olsun. Peşəsinə xəyanət edən yoxdurmu? Bu hər yerdə var. Bu xarakteri peşə sahiblərinin doğum yeri ilə bağlamaq məncə düşüncəsizlikdir. Mənim çalışdığım xəstəxanada bu məsələ müzakirə olunmur.


- İndi də oxucularımızı, xüsusilə də anaları narahat  edən bir neçə məsələyə toxunaq. Məktəblər açlldı, xəstəlik dönəmi başladı. Bu, həm də mövsüm dəyişikliyi ilə baglıdır. Bu fəsildə analar uşaqları necə qorumalıdır?


- Bəli, məktəb vaxtı xəstəliklər artır.  Uşaq vaxtı bəzi xəstəliklər qaçınılmazdır və uşaqlar bu cür böyüyəcəklər. Onların da bəzi xəstəliklərlə qarşılaşıb, immunitetlərinin güclənməsi lazımdır. Lakin bəzi xüsusi xəstəlikləri olan uşaqlar qrip viruslarını ağır keçirə bilirlər. Məsələn, astma, şəkər, xorniki bronxit - belə xəstlikli uşaqlar qrip olan insanlardan bir az uzaq durmalıdırlar və hər il sentyabr və oktyabr aylarında onlara mütləq qrip peyvəndi vurulmalıdır. Bu, onların xəstəlikləri daha yüngül keçirməsinə və daha az xəstələnmələrinə yardımçı olacaq.


-  Peyvənd demişkən, Azərbaycanda bəzi analar bundan qorxdur. Çox analar uşaqlarını peyvənddən yayındırır və ya bunu təhlükəli görür.

- Peyvəndlər uşaqların və cəmiyyətin sağlamlığı üçün çox vacibdir. Bu peyvəndlər olmadan öncə  tarixdə bəzi xəstəliklər,  misal üçün vərəm çox geniş yayılıb, bir çox insanın ölümünə səbəb olub. Bəzi xəstəliklərin epidemiyası müharibə kimi mənfi təsir göstərib.  İndi dünyada səhiyyə inkişaf edib və peyvəndlər qaçılmazdı. Dünya səhiyyə təşkilatı da, dünyada inkişaf etmiş səhiyyə sistemləri də, eləcə də bütün həkim araşdırmaları peyvəndin nə qədər önəmli olduğunu deyir. Hətta biz həkimlər yanımıza gətirilən və tez tez xəstələnın uçaqların peyvənd sənədini istəyirik. Bəlkə valideynlər bilmir, amma peyvənd bir çox xəstəliklərin qarşısını alır.  Mütləq peyvənd edilməlidir.


- Bəzən valdeynlər deyir ki, “peyvənd etdirdim, uşaq xəstələndi”. Siz də yəqin eşitmisiniz bu cür fikirləri.

- Bəzi  peyvəndlərdən sonra narahatçılıq olur.  Yüksək temperatur, səpgilər, qusma kimi əlavə təsirlər... Amma bu ,bir-iki gün davam edir və bitir.  Bunlar normaldı, amma valdeynlər bunu yanlış anlayır.  Bütün edilən peyvəndlərin uşaqlarda qoruyucu təsirləri var. Qoruyucu təsirləri olmayan peyvəndlər yox deyiləcək qədər azdır.


- Biz böyüklər bəzən uçaq xəstələnmədən həkimə aparmırıq. Xəstələnəndə də təlaşa düşürük və demək olar ki xəstəxanalardan çıxmırıq. Ümumiyyətlə, uşaqlar neçə yaşınadək mütamadi müayinəyə aparılmalıdır.

- Bu, uşaqların yaşına görə dəyişir. Təzə doğulan körpələr doğulan günü, doğulduqdan 2, 7, 15-ci günlər, sonra aylıq müayinələr, 6-cı ayından sonra 3 ay aralıqlarla, daha sonra 3 yaşına qədər 6 aydan bir, 3 yaşından sonra illik sağlamlıq müayinələri kifayətdir. Bilirsinizmi, bəzən düşünürlər ki uşaqlar ciddi xəstə olduğu zaman həkimə müraciət etməlidir. Halbuki, sağlam uşaqlarda əvvəldən olan risk amilləri, daşıyıcı olduğu infeksiya xəstəlikləri, irsi faktorlar önəmli ola bilər. Bunları isə müayinədə öyrənərək əvvəldən müdaxilə etmək olar. Ona görə də ailələr uşaqları mütəq illik müayinələrə aparsınlar.


- Sizinlə yeni bir poyekti də razılaşdıq. Onunla bağlı da qısa məlumat verərdiniz...

- Bəli, önümüzdəki ay İstanbulda yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına (dərnək tipi) məktəbdə uçaqları təmənnasız müayinə edəcəyik. İlkin müayinədən sonra lazım olarsa, onları tam təhcizli xəstəxanalara yönləndirəcəyik. Bu uşaqların çoxunun sığortası yoxdu və tez-tez müayinə olunmurlar. Biz də vətənimizin övladlarına xidmət edəcəyik...


Məhsəti Şərif,
İstanbul

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?