Modern.az

İqtisadiyyatda ekspert qıtlığı - Jurnalistlərin günahı nə... - RƏYLƏR

İqtisadiyyatda ekspert qıtlığı - Jurnalistlərin günahı nə... - RƏYLƏR

2 Oktyabr 2019, 08:27

İllərdir Azərbaycan kütləvi informasiya vasitələri üçün ekspert qıtlığı aktualdır. Ekspertsizlik problemi təkcə bir sahə ilə məhdudlaşmır. Mətbuatda hərbi, siyasi, iqtisadi, sosial, iqtisadiyyat və s. sahələr üzrə eyni simalar, eyni fikirlər hakimdir. Hətta o dərəcədə ki, hansısa mövzu ətrafında aparılan müzakirəyə rəy almaq üçün müraciət etdiyimiz ekspertin hansı fikirləri söyləyəcəyini təxmin edirik. Bəs nə etməli?


Elə bu suala cavab almaq üçün Modern.az olaraq bu dəfə həmkarlarımıza müraciət etdik.

 

“Report”un əməkdaşı Aqşin Rafiqoğlu mütəmadi olaraq bir sıra müxtəlif iqtisadi mövzularla bağlı ölkədə fəaliyyət göstərən iqtisadçı ekspertlərə müraciət edən jurnalistlərdəndir:

 


“Bu gün etiraf etmək lazımdır ki, ölkədə həqiqətən də iqtisadçı-ekspert qıtlığı mövcuddur. Bu səbəbdən də bir neçə iqtisadçıya demək olar hər gün müraciət etməli oluruq. Bu da həmin ekpertlərin tükənməsinə və yumşaq desək, oxucunu bezdirməsinə səbəb olur. Bəzən də mətbuatımız tanınmayan adamları iqtisadçı kimi təqdim edir. Onu oxuyub görürsən ki, adi iqtisadi məsələlərdən və ya mövzunun mahiyyətindən belə həmin “ekspert”in özünün xəbəri yoxdur. Çox təəssüf ki, yeni ekspertlər yetişmir və onlar mediayaya çıxış əldə edə bilmirlər. Bu gün əsasən bir jurnalist olaraq iqtisadçı millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, iqtisadçı ekspertlər Vüqar Bayramov, Samir Əliyev, Rəşad Həsənov, İqtisad Universitetinin professoru Elşad Məmmədov, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana müraciət edirəm. Onların bilik və savadlarından yararlanıram. Bu ekspertlərin analitik təhlil qabiliyyətləri və proqnoz vermək imkanları məni qane edir”.


“Vergilər.az”ın əməkdaşı Fərqanə Allahverdiqızı
işlə əlaqədar artıq uzun illərdir ki, iqtisadi ekspertlərlə əməkdaşlıq edir:

 


“Mən ixtisasca iqtisadçı olmadığım üçün məqalələrdə, təhlillərdə onların köməyinə və ekspert rəylərinə böyük ehtiyac duyuram. Digər tərəfdən, jurnalist etikası və yazı qaydaları da bunu tələb edir. İndi ayrı-ayrı sahələrdə çalışan və mediada populyar olan bir çox ekspertləri tanıyırıq. Ancaq iqtisadçıların rəy və açıqlamalarına cəmiyyətdə daha çox tələbat olduğundan onlar bu məsuliyyəti dərk edərək, öz rəylərində xeyli korretli davranırlar. Bizim üçün də bu, çox önəmlidir. Ona görə də iqtisadçılarla işləməkdən həm zövq alıram, həm də yazılarımda daha güvənli oluram. Bəzən isə hətta şəxsi məsələlərdə də sual yarananda onlara müraciət edib, bilmədiyim məqamları dəqiqləşdirirəm. Deyim ki, hazırda dövlət orqanlarında, bank və sığorta sistemində çalışan bir neçə iqtisadçı ilə əməkdaşlıq edirəm. Ancaq etik qaydalara görə onların adını çəkə bilmirəm. Onların da xidmətlərindən yararlanıram və məni qane edir. İqtisadçı ekspertlərdən daha çox Samir Əliyev, Rövşən Ağayev, Vüqar Bayramov, Qalib Toğrulla ünsiyyətim olub. Hazırda isə daha çox vergi və audit mövzusunda yazdığım üçün Altay Cəfərov, Mehdi Babayev, Anar Bayramov, Radil Fətullayev, Ramin Ramazanov kimi iqtisadçılara müraciət edirəm. İşlərinin çoxluğuna baxmayaraq, onlar bizə lazım olan açıqlamaları verə bilirlər”.

 

“Qafqazinfo”nun əməkdaşı Günel Türksoy hesab edir ki, iqtisadçı ekspertlərlə danışmaq elə də asan məsələ deyil:

 


“Çünki əksəriyyəti layihələr üzərində işləyir. Ona görə istədiyimiz vaxt telefonla danışmaq mümkün olmur. Bir neçəsini isə mətbuatın dostu hesab etmək olar. Yəni zəng edən zaman telefona cavab verirlər. Bəzi ekspertlər gündəmdə baş verən hər hansı iqtisadi məsələ ilə bağlı fikirlərini “Feysbuk”da paylaşırlar. Bu zaman onların fikirləri jurnalist üçün əlçatan olur. Ümumilikdə isə hesab edirəm ki, iqtisadi sahədə yeni ekspertlərin yetişməsinə ciddi ehtiyac var. Çünki iqtisadiyyat çoxşaxəlidir. Hər sahənin ən azı 3 əlçatan eksperti olsa, mətbuat üçün yaxşı olar. Mənim daha çox müraciət etdiyim iqtisadçılar- deputat Vahid Əhmədov, deputat Tahir Mirkişili, ekspertlər Natiq Cəfərli, Rövşən Ağayev, İlham Şaban, Vüqar Bayramov, Samir Əliyevdir”.

 

“Azvision.az”ın əməkdaşı Aytən Zəhra qeyd edir ki, tanıdığı və adını həmişə mediada eşitdiyi iqtisadçı ekspertlər sosial şəbəkədə aktivdirlər:

 


“Onlar iqtisadi proseslərlə bağlı zamanında həm özləri yazırlar, həm də jurnalistlərin suallarını cavablayırlar. Amma eyni simaları da tez-tez görmək yorucu olur və yeni simalara ehtiyac duyursan. Mətbuatda iqtisadçı ekspert kimi daha çox Vüqar Bayramovdan alınan açıqlamaları görürəm. İstər yazılı media, istərsə də televiziya jurnalistləri çox zaman ona müraciət edir. Özüm də Vüqar Bayramovdan, deputatlar Vahid Əhmədovdan, Əli Məsimlidən, eks-nazir Fikrət Yusifovdan açıqlamalar almışam. Pərviz Heydərovun Azvision.az saytında maraqlı təhlilləri olur”.

 

“Region+” jurnalının əməkdaşı Nurlana Quliyevanın fikrincə, Azərbaycanda iqtisadi ekspertlik sahəsində boşluqlar çoxdur:

 


“Ekspert - qərəzsiz fikir yürütmək iqtidarında olan bir peşakara deyilir. Yəni müəyyən məsələyə kənardan, maraqlı tərəf olmayaraq rəy vermək lazımdır. Bu işlə peşəkar araşdırmaçılar, tədqiqatçılar, hətta alimlər məşğul olmalıdır

Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutu kimi böyük elm müəssisəsi var ki, orada iqtisadiyyatın hər sahəsində tədqiqatlar aparılmalıdır. Amma təəssüf ki, orada işləyən və KİV-lərin ekspert kimi bəhrələnə biləcəyi tək-tük tədqiqatçının adını çəkmək olar. Yaxşı olardı ki, bu institut KİV-lərə daha açıq olsun, daha sıx əməkdaşlıq etsin. Eləcə də İqtisadiyyat Universiteti-UNEC. Mən daha çox analitik məqalələr yazdığıma görə, ekspertlərlə birbaşa ünsiyyərt qurmağa ehtiyacım olmur, amma hər gün onların məqalələrini, sosial şəbəkələrdə bölüşdükləri fikirləri oxuyuram. Bu mənə müəyyəm bir mövzu ətrafında düzgün analiz aparmağa kömək edir. Təhlillərini ən çox oxuduğum iqtisadçılar  deputat Vahid Əhmədov, neft-qaz sahəsi üzrə ekspert İlham Şaban, Vüqar Bayramov, Fikrət Yusifov, Samir Əliyevdir. Fikrimcə, iqtisadiyyatın hər bir sahəsində KİV-lərə açıq və dərin bilikli ekspertlərin formalaşması zərurəti var”.

 

“Yeni Müsavat”ın əməkdaşı Dünya Sakit müraciət etdiyi ekspertlərin çox az olmasına təəssüflənir:

 


“Yəni müraciət edə biləcəyimiz, mətbuata açıq olanlar elə də çox deyil. Üst-üstə götürsək, ekspertlərin sayı 5-6 nəfəri keçmir. Onlar arasında elələri var ki, sırf hansısa sahə üzrə rəylərini alırıq. Elələri də var ki, aqrar sektor xaric, iqtisadiyyatın əksər sahələrindən məlumatlıdılar. Düzdür, spesifik mövzularda heç biri danışmır. Tutalım ki, hansısa konkret sənaye sahəsi, yaxud aqrar iqtisadiyyatın müxtəlif sahələri və s. Amma makroiqtisadi vəziyyət, iqtisadiyyatın sektorial bölgüsü məsələlərində üz tuta biləcəyimiz 5-6 ekspert var ki, bunlar Vüqar Bayramov, Rəşad Həsənov, Pərviz Heydərov, Natiq Cəfərli və deputat Əli Məsimlidir. Əksəriyyətinin səviyyəsi yüksəkdir, öz üzərlərində işləyirlər”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir