Modern.az

“Toy olsun” verilişində qurulan bir neçə ailə dağılıb - MÜSAHİBƏ

“Toy olsun” verilişində qurulan bir neçə ailə dağılıb - MÜSAHİBƏ

21 Fevral 2012, 09:15

ANS telekanalında yayımlanan “Toy olsun” evlilik verilişi barədə cəmiyyətdə birmənalı rəy olmasa da, onun geniş tamaşaçı auditoriyası toplaya bildiyini etiraf etmək lazımdır. Bəs bu veriliş vasitəsilə qurulan ailələr uzunömürlü ola bilərmi? Buna da şübhə edənlər az deyil.

“Toy olsun” verilişinin aparıcısı Elgiz Əkbər Modern.az saytına müsahibəsində bu və digər suallara cavab verib, maraqlı faktlar açıqlayıb.

- Elgiz bəy, Toy olsun” verilişi  başlayan gündən indiyə kimi sizin vasitəçiliyinizlə neçə ailə həyatı qurulub?

- “Toy olsun” verilişi vasitəsilə indiyə kimi 20 cütlük ailə qurub. Bundan başqa, daha 20-yə yaxın cütlük məhz bizim verilişdə, studiyamızda tanış olublar, amma bizim efirimizdən kənarda özləri razılaşaraq  evləniblər. Biz onlarla da əlaqə saxlayırıq, maraqlanırıq, baxmayaraq ki, bu cütlükləri “Toy olsun" verilişi evləndirməyib. Məsələn, mən bu yaxınlarda bizim studiyamızda tanış olan, amma efirimizdən kənarda evlənən iki cütlüyün evində oldum, onlarla bağlı çəkilişlər apardım və bu həftə həmin kadrları yayımlayacığıq.

- Bizdə olan məlumata görə, “Toy olsun ” verilişi vasitəsilə qurulan ailələrdən artıq boşananlar da var. Bu doğrudurmu?

- Bəli, “Toy olsun” verilişində ailə quranlardan boşananlar olub. İki belə hadisə baş verib: bizim ikinci toy elədiyimiz cütlük ayrıldı və bir də 5-ci evlənən cütlük boşanmağa qərar verdi, ayrıldılar. Onların ayrılmağının öz səbəbləri var, ailə məsələləri olduğu üçün mən bu barədə geniş danışmaq istəmirəm. Deyərdim ki, ayrılanlar çox tələsdilər və günah onların özlərində oldu. Xüsusən də 5-ci toy elədiyimiz cütlüyün ayrılmasına səbəb qızın anası oldu. Məhz anası qızının iradəsini zorlayaraq onu məcbür etdi ki, Süleyman adlı oğlanla ailə qursun. Söhbət Süleyman bəy və Nərgiz xanımdan gedir, artıq onlar ayrılıblar. Amma sonradan Nərgiz xanım yenidən ailə qurdu. O, Süleyman bəydən ayrılandan sonra başqası ilə evləndi. Süleyman bəy də ikinci dəfə evləndi və maraqlısı odur ki, o, ikinci dəfə ailə qurduğu qızı da “Toy olsun” verilişində görmüşdü.    

- Bəs belə hal olubmu ki, cütlük “Toy olsun” verilişində nişanlansın, amma toy baş tutmasın, onlar ayrılsınlar?

- Əlbəttə, dəfələrlə belə hallar olub. “Toy olsun” verilişinin vasitəçiliyilə nişan olub, amma toy baş tutmayıb. Bir neçə dəfə biz cütlüyün nişan mərasimini keçirmişik, sonradan məlum olub ki, bu cütlüklər başqa-başqa insanlardı. Yəni xasiyyətləri, xarakterləri bir-birlərinə uyğun gəlmədiyi üçün onların toyu olmamış ayrılıblar. Məsələn, bizim verilişimizin iştirakçısı olan bir oğlan kimsəsiz idi, onu bir qızla nişanladıq. Amma sonradan onlar gəlib dedilər ki, ayrılmaq istəyirlər, biz də dedik ki, necə istəyirsiz eləcə də olsun. Aradan bir həftə keçdi yenidən gəldilər, bu dəfə xahiş etdilər ki, onları barışdıraq və biz də onları barışdırdıq. Bu yaxınlarda həmin cütlüyün toyu olacaq.

- Deyəsən bu yaxınlarda sizin verilişin efirində tanış olan bir cütlüklə də bağlı maraqlı hadisə baş verib. Oğlan “Toy olsun”da tanış etdiyiniz qızı qaçırıb rayonlardan birinə. Belə qaçırılmalar necə, çoxmu olur?

- Bu bizim ən ağırlı yerimizdi. Təəssüf ki, verilişimizlə bağlı belə hadisələrə də tez tez rast gəlinir. Oğlan yaxud da qız efirə çıxır, bir-birlərindən xoşları gəlir və biz də deyirik ki, Allah xoşbəxt eləsin. Hazırlaşırıq ki, onların elçiliyini edib nişan mərasimi düzənləyək, amma bir də eşidirik oğlan qızı qaçırıb. Və əksinə, qız oğlana qoşulub qaçıb. Biz onların ailələrinin dağılmaması üçün efidə barələrində tənqidi fikirlər səsləndirmirik, çox da üstlərinə getmirik, məsələyə bir qədər həssas yanaşırıq. Amma mənim belə hallara münasibətim yaxşı deyil. Əgər bunlar gəlib efirə çıxıblarsa və bir-birlərini istəyiblərsə, biz xeyir-dua vermişiksə, valideynlər də xeyir-dua veriblərsə, onda niyə qaçırlar, mən bunu başa düşə bilmirəm. Biz axı verilişdə bir-birini bəyənən cütlüklərin toyunu edirik. Qoşulub qaçan cütlüklərə biz toy etmirik. Bizim verilişin qayda-qanunlarında belə bir maddə var ki, qoşulub qaçan insanlara toy etməməliyik. Amma bütun bunlara baxmayaraq, belə hallar tez-tez baş verir.

- Evləndirdiyiniz cütlüklərin sonrakı həyatıyla maraqlanırsınızmı?

- Əlbətdə, biz evləndirdiyimiz oğlan və qızla mütəmadi olaraq maraqlanırıq, evlərinə gedirik, bayramlarda onlara hədiyyələr aparırıq. Dünən mən getmişdim evləndirdiyimiz cütlüklərin birinin evinə, onlara hədiyyəmiz var idi, eşitmişdik onların televizoru qısaqapanmadan yanıb. Mən bunu öyrənən kimi dərhal bir televizor aldıq, apardıq onlara. Bax evlərinə getdiyimiz həmin cütlük çox xoşbəxtdir, söhbət Gülşən xanımla Emin bəydən gedir.

- Elgiz bəy,  “Toy olsun”u hazırda ANS TV-nin bir nömrəli reytinqli verilişi saymaq olarmı?

- Təbii ki, “Toy olsun” verilişi yaranan gündən indiyə qədər reytinq yığmaqda davam edir. Onun bir nömrəli olduğunu deyə bilmərəm, çünki ANS televiziyasında reytinqli verilişlər çoxdur. Amma onu deyə bilərəm ki, “Toy olsun” verilişi ANS-də ən reytinqli verilişlərin siyahısında yer alır.

- Evlənən cütlüklərə sponsorlarınızla yanaşı, ANS telekanalı da hansısa hədiyyələr verirmi?

- Evlənən cütlüklərə biz birinci növbədə toy edirik, ev-məişət əşiyaları, mebel, qızıl-zinət əşyaları, pərdə və məişətdə işlənən digər müxtəlif avadanlıqlar veririk. Əlimizə nə gəlir evlənən cütlüklərə hədiyyə edirik.

- ANS-in “Toy olsun”u ilə ATV telekanalında yayımlanan “Onun yarısı” verilişi  arasında fərq nədədi?

- Mən ANS-dəki “Toy olsun”la ATV-dəki “Onun yarısı” verilişi arasında heç bir fərq  görmürəm. Bizim proqramla ATV-dəki veriliş arasında köklü bir fərq yoxdu. Onların da məqsədi, məramı insanları evləndirməkdir, bizim də məqsəd və məramımız insanların ailə qurmasına yardım göstərməkdi. Mən hesab edirəm ki, bizim aramızda heç bir fərq yoxdu. Mən onlara öz işlərində uğurlar arzulayıram və onlara qarşı heç bir mənfi münasibətim yoxdu.

- Milli Tеlеviziyа və Rаdiо Şurаsı “Toy olsun” verilişinin bağlanmasını tövsiyyə edib. Sizin buna münasibətiniz necədir?

- Məndə ümumiyyətlə Milli Televiziya və Radio Şurasının  (MTRŞ) belə bir tövsiyyə və ya fikir səsləndiməsinə dair heç bir məlumat yoxdu. Mən bunu eşitməmişəm, əgər belə bir fikir səslənibsə də o barədə birinci sizdən eşidirəm. Adı çəkilən şura bir dövlət qurumudu, mən onların da fikirlərinə hörmətlə yanaşıram. Amma dediyiniz tövsiyyə barədə mən rəsmi qurumun rəhbərliyinin dilindən eşitmədiyim üçün hansısa əks fikir söyləmək istəmirəm.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir