Modern.az

Zelenski Ukraynasının Azərbaycana münasibəti - diaspor sədrinin gördükləri

Zelenski Ukraynasının Azərbaycana münasibəti - diaspor sədrinin gördükləri

3 Oktyabr 2019, 08:49

Bu günlərdə Ukrayna XİN-i öz vətəndaşlarına  Dağlıq Qarabağ,  Abxaziya və Cənubi Osetiyaya səfər etməməyi tövsiyə edib. 

 

Bildirilib ki, ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairlərindən icazə alaraq, nəzarətsiz ərazilərə səfər edə bilər. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır.

 

Eyni zamanda, Ukrayna Ali Radasının deputatları “Qarabağ – Azərbaycandır və  bu məsələdə mövqeyimiz dəyişməyəcək!” –deyə vurğulayıblar.

 

Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə  elmlər doktoru Hikmət Cavadov  Modern.az-a açıqlamasında bildirib ki, müstəqillik dövründən bəri Ukrayna hər zaman Azərbaycanın yanında olub:

 

“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü  tanıyıb. Hətta Ukraynanın  ərazi bütövlüyü pozulmadığı vaxtlarda da Azərbaycanın ərazi bütövlüyünə həssas yanaşılıb. Təəssüf ki, son dövrlərdə Ukraynanın ərazisində separatçılıq süni şəkildə inkişaf etdirilib. Donetsk, Luqansk işğal edilib, Krım ilhaq olunub”.

 


Hikmət Cavadov qeyd edib ki, Ukraynanın Azərbaycanın yanında olması ilə bağlı məsələdə Ermənistan həmişə boş-boş bəyanatlar verib:


“Ermənistan işğalçı ölkədir. Üstəlik, Ermənistanda Rusiyanın dominantlıq etməsi heç kimə sirr deyil. Bu məsələdə Ermənistanın müstəqilliyi şübhə altındadır. Rusiya Ermənistan ərazisini qoruyur və hərbi qüvvələri də Ermənistan ərazisindədir. Ermənistan bu məsələlərdə ikili oyun oynasa da,  Ukrayna hər zaman Azərbaycanın yanında olacaq”.


Diaspor sədri, yeni prezident Vladimir Zelenskinin azərbaycanlılara olan münasibətindən də söz açıb:

“Zelenskiyə gəldikdə, o, Azərbaycanı sevən insandır. Azərbaycanla və azərbaycanlılarla əlaqələri güclüdür. Zelenski prezident olmamışdan qabaq Azərbaycana bir neçə səfər edib. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu prosesdə fəal olublar. Seçki öncəsi açıq şəkildə Zelenskiyə və onun komandasına dəstək veriblər. Bu da öz növbəsində Zelenskinin apardığı siyasətdə özünü göstərməkdədir. Parlamentdə xeyli dostlarımız var. Bir sözlə, Ukraynada yaşayan azərbaycanlılara münasibət çox yaxşıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər