Modern.az

Şəhid xanımı və Qarabağ veteranı: “Qarabağ əlilləri ən hörmətə layiq şəxslərdir, onlara əl qaldırmaq olmaz!”

Şəhid xanımı və Qarabağ veteranı: “Qarabağ əlilləri ən hörmətə layiq şəxslərdir, onlara əl qaldırmaq olmaz!”

3 Oktyabr 2019, 12:09

Azərbaycan dövlətinin Qarabağ əlilləri, müharibə iştirakçılarına olan qayğısı daim hiss edilib. Ölkə Prezidentinin qeyd edilən kateqoriyadan olan vətəndaşlarımızla bağlı verdiyi fərman və sərəncamlar da bunun əyani sübutudur.

Təəssüf ki, bəzən hansısa qurumun Qarabağ qazilərinə, müharibə iştirakçılarına qarşı sərgilədiyi ögey münasibət cəmiyyətdə aqressiya doğurur.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid zabit Raquf Orucovun xanımı Sevinc Alıyeva Modern.az-a bildirib ki, Qarabağ əlilləri, şəhid ailələri cəmiyyətdə ən hörmətə layiq şəxslərdir:

 

“Hər bir kəs onlara hörmət etməyə, sayğı duymağa borcludur. Amma bir şəhid ailəsi olaraq mən bu sayğının birinci özüm özümə göstərməliyəm. O adı bizə qoyub gedənlərin ruhu xatirinə özümüzə hörmət etməyi bacarmalıyıq”.

S.Alıyeva deyib ki, Qarabağ əlilinə qarşı hansısa aqressiv münasibət göstərmək doğru deyil. O, müharibə insanlarının problemlərini münaqişəsiz həll etməyin tərəfdarı olduğunu vurğulayıb:

“Hər şeyi hüquqi müstəvidə həll etmək lazımdır, zopa ilə deyil. Hanısa məsələ ilə bağlı yanlışlıq  varsa, belə hallar məhkəmə iclaslarında həll olunmalıdır. Lakin Qarabağ qazisi, şəhid ailəsi də bu adı hər yerdə istifadə edə bilməz, buna haqqımız yoxdur. Ümumiyyətlə, bu addan sui-istifadə edənlər də var ki, düzgün deyil. Mən çox dərin təəssüf hissi keçirirəm”.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədri Füzuli Rzaquliyev bildirib ki, Qarabağ əlili, veteranı millətin qürur yeridir:

 

“Heydər Əliyev də demişdi ki, Qarabağ qaziləri, veteranları, şəhid ailələri xalqımızın qızıl fondudur. Dövlət Qarabağ qazilərinə yaxşı şərait yaratmağa çalışır, sosial müdafiə ilə bağlı görülən işlər göz qabağındadır. Lakin təəssüf ki, bəzi məmurlar Qarabağ əlillərinə ögey münasibət bəsləyirlər. Amma təbii ki, sonda haqq öz yerini tapır. Biz veteranlar olaraq daim Prezidentimizin yanındayıq, müharibəyə hazırıq”.

F.Rzaquliyev deyib ki, hansısa yanlışlığa yol verən şəxs Qarabağ qazisi deyil, lap sıravi əlil də olsa, səhv edibsə, kimsə ona əl qaldırmamalı, dövlətin qanunları əsasında davranmalıdır, Kimsə səhv edəndə məsələni zorbalıqla deyil, məhkəmə yolu ilə həll etməlidir”.

 

Füzuli Rzaquliyev bildirib ki, zorakılığa yol verən istənilən şəxs hansı tərəfdən olursa olsun, cəzalandırılmalıdır.
“Heç bir addan sui-istifadə etmək də olmaz. Biz həmişə müharibəyə hazır olmalıyıq. Bizə kənardan düşmən baxır, özümüz öz aramızda ixtilaflar yaratmamalıyıq”.

Veteran döyüşçü müharibə insanına əl qaldıranları erməni dəyirmanına su tökənlər adlandırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?