Modern.az

“Qarabağda “Ştaynmayer formulu” heç vaxt tətbiq oluna bilməz” – eks-nazir 

“Qarabağda “Ştaynmayer formulu” heç vaxt tətbiq oluna bilməz” – eks-nazir 

3 Oktyabr 2019, 17:45

 

Xəbər verildiyi kimi, Donbass (Ukrayna) münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu işğal bölgəsinə xüsusi statusunun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb.

Qeyd edək ki, Ukraynada 2013-cü və 2014-cü il “Maydan” hadisələrindən sonra separatçılar Donbassın böyük hissəsində nəzarəti ələ keçirdilər. O illərdə dağılmış vəziyyətdə olan Ukrayna ordusu separatçıların nəzarət etdiyi bögələri, o cümlədən Donetsk və Luqansk şəhərlərini azad edə bilmədi. Bundan sonra Minksdə danışıqlar başladı və tərəflər arasında razılaşma əldə olundu.

2016-cı ildə isə Almaniyanın hazırki prezidenti, o zamankı xarici işlər naziri Ştaynmayer “yol xəritəsini” hazırladı və tərəflərə təqdim etdi.

 

Bəs “Ştaynmayer formulu” Dağlıq Qarabağ üçün tətbiq edilə bilərmi?

 

Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, “Ştaynmayer formulu” 6 bənddən ibarətdir:

 

“Həmin altı  bənddən birincisi, atəşkəsə nail olunması, ikincisi, yerli idarə və orqanların seçkilərinin keçirilməsi və bu seçkilərin ATƏT tərəfindən müşahidə olunmasıdır. Üçüncüsü, hər iki tərəfin ağır silahlarının təmas xəttindən razılaşdırılan məsafədə geri çəkilməsi, dördüncüsü, Rusiya qoşunlarının geri çəkilməsidir. Beşincisi, bölgələrdə “milli milis”in yaradılması və altıncısı, Ukraynanın sərhədləri öz nəzarəti altına almasıdır”.

 

Tofiq Zülfüqarov qeyd edib ki, bu tezislərə baxdıqda görünür ki, bunlardan heç biri Azərbaycana uyğun deyil.

 

“Çünki bildiyiniz kimi, dərhal işğal vaxtı orada olan yerli əhalinin, yəni etnik azərbaycanlıların təmizlənməsi prosesi baş verib. Yəni ki, Qarabağda yerli əhali qalmayıb. Ona görə də demokratik baxımdan bu formulları bizə şamil etmək heç də düzgün deyil. Ermənistan Baş nazirinin bəyanatları onu göstərir ki, artıq Ermənistan tərəfi açıq etiraf edib ki, burada ərazi iddialarının irəli sürülməsi, hərbi təcavüzün təşkil olunması və icrası, yerli əhalinin etnik təmizlənməsi halları baş verib. Həmçinin indi Amerika siyasəti tam şəkildə Ermənistan tərəfindən həyata keçirilir. Bu baxımdan, Nikol Paşinyan, sadəcə bu həqiqəti ortaya çıxarıb. Demək olmaz ki, bu yeni siyasətdir. Bu elə əvvəldən həyata keçirilib, sadəcə olaraq, o, bunu etiraf elədi və qeyd etdi ki, bunun məsuliyyətini Ermənistan daşıyır. Buna görə də Qarabağda “Ştaynmayer formulu” heç vaxt tətbiq oluna bilməz. Çünki Ermənistanın birmənalı olaraq Azərbaycan torpaqları üstündə iddiası var”, -deyə eks-nazir bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub