Modern.az

“Qarabağ”ın oyununu izləyən diaspor rəhbəri: “Meydandan çıxanda gördüm ki, bizimkiləri döyürlər”

“Qarabağ”ın oyununu izləyən diaspor rəhbəri: “Meydandan çıxanda gördüm ki, bizimkiləri döyürlər”

Diaspor

4 Oktyabr 2019, 18:10

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj"- "Qarabağ" matçında ermənilər təxribata əl ataraq dron vasitəsilə qondarma "dqr" bayrağını meydana buraxıblar. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi də açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib.


“Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin rəhbəri İlkin Hüseynzadə də futbolu izləyənlər arasında olub.


O, Modern.az-a açıqlamasında bildirib ki, dron  30-cu dəqiqədən sonra görünüb:


“"Düdelanj" - "Qarabağ" oyununda mən də iştirak edirdim. Oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda oldu. İlk olaraq meydançaya mən düşdüm. Bir də gördüm ki, arxamca gəldilər və məni çölə çıxartdılar. Meydançadan çıxanda gördüm ki, bizimkiləri döyürlər.  Bu zaman yenidən stadiona qayıtdım ki, onlara kömək edim. Futbolçularımız da sağ olsunlar ki, azarkeşlərimizə xəsarət yetirilməməsi üçün kömək edirdilər”.


İlkin Hüseynzadənin sözlərinə görə, azərbaycanlı azərkeşlər hamı kimi futbolu sakitcə izləyib:


“Dron stadionun içərisindən meydançaya buraxılmadı. Ermənilər arxa binada tennis klub var, onun üzərində gizlənmişdilər. Onlar arxa tərəfdən dronu uçurtdular. Hamı kimi biz də sakitcə futbolu izləyirdik. Hadisə bundan sonra qızışdı. Qaça-qaça stadiona daxil oldum. Kameranın çəkdiyini bilə-bilə onlara kobud işarə göstərdim. Polis isə aranı sakitləşdirmək üçün bizə dedi ki, həmin adamları tutmuşuq. 

Həmin ermənilərin şəxsiyyəti də bəllidir. Belçikada yaşayan gənc ermənilərdir. Həm Belçika, həm də Lüksemburq federal polisinə məlumat veriləcək. Səfikliklə bərabər bu məsələnin üzərində çalışırıq”,-deyə mərkəzin rəhbəri bildirib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir