Modern.az

Deputat: ““Müəllimlər günü” ilə bağlı ilk olaraq qaynanamı təbrik etdim” – SORĞU  

Deputat: ““Müəllimlər günü” ilə bağlı ilk olaraq qaynanamı təbrik etdim” – SORĞU   

5 Oktyabr 2019, 14:51

5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

 

Bu gün Azərbaycan müəllimləri də öz peşə bayramlarını qeyd edirlər.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

 

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Bu gün xalqın hər ziyalısı topladığı bilik və bacarıqları məhz müəllimləri sayəsində qazanıb. Gəlin görək, bu gün işlərinin peşəkarı olan şəxsiyyətlərimiz öz müəllimlərini təbrik edibmi?

 

Modern.az bu gün öz müəllimlərini təbrik edən fərqli ixtisas sahibləri arasında sorğu keçirib.

 

Milli Məclisin deputatı Sona Əliyeva üzərində zəhməti keçən müəllimlərini təbrik edib.

“Mənim həyatımda böyük rolu olan iki müəllimim olub ki, onun biri rəhmətə gedib. Digər müəllimim isə mənim sinif rəhbərim olub və mənim uşaqlarımın da sinif rəhbəro olub. Həmin müəllim bizim ailədə yeri, hörməti olan adamdır. Universitet (ADPU) müəllimlərimlə əlaqəm yoxdur, amma məktəb müəllimlərimdən həyatda olanlar var. Onlardan hansıyla səmimi münasibətim varsa onları təbrik etmişəm ”.

 

Sona Əliyeva bildirib ki, qaynanası da müəllimdir və o, birinci məhz onu təbrik edib.

“Mən ailəmdə qaynanam da müəllimədir. İlk növbədə onu təbrik etmişəm. Bütün müəllimlərə can sağlığı, bu şərəfli, lakin çətin peşədə onlara səbr arzulayıram. Demək istəyirəm ki, müəllimlər həqiqətən bu millətin, xalqın yaradıcılarıdır. Onların hazırladıqları insanlar bu cəmiyyətin bünövrəsini təşkil edir. Ona görə də müəllimlik peşəsi ən çətin, ləyaqətli peşə olmaqla yanaşı həm də ən məsuliyyətli  sənətdir. Bu baxımdan  onlara böyük qüvvət, səbr və uğur arzu edirəm. Azərbaycan müəlliminin bu cəmiyyətdə həmişə yeri böyük olub və olacaq. Azərbaycan xalqının müəllimə qoyduğu hörmət, dəyər digər heç bir yerlə müqayisə oluna bilməz. Bu məhz o dəyərdir ki, bir nəfər başqasına hörmət əlaməti olaraq müraciət edəndə “müəllim” deyə səslənir. Azərbaycan müəllimlərinə bu şərəfli peşəni şərəflə daşımağı arzu edirəm”.

 

Teletənqidçi, Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Modern.az-a bildirib ki, hər il olduğu kimi bu il də müəllimlərini yad edib və onları təbrik edib.

“Mənim orta məktəb müəllimim sağdır, onu təbrik etmişəm. Ümumilikdə isə işini layiqincə görən müəllimləri, Yalçın Əlizadəni (1992-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsini dekanı) təbrik etmişəm. Əvvəllər ən birinci Şirməmməd müəllimə zəng edib onu  təbrik edirdim. İndi dünyada yoxdur, amma ruhunu yad edirəm. Mənə dərs deməyən, lakin tanıdığım şərəfli müəllimlər var ki, onları burdan təbrik etmişəm”.

 

Qulu Məhərrəmli bildirib ki, müəllimliyin müqəddəsliyini içində yaşamasan onun nə demək olduğunu bilməyəcəyik.

“ Təəssüf ki, layiqsiz, adını müəllim qoyan insanlar da gördük. Amma həqiqətən bu peşənin müqəddəsliyini özündə yaşadan şərəfli müəllimlər çoxdur. Biz orta məktəb müəllimləri ilə  tez-tez əladə oluruq, görürük ki, necə işıqlı, enerjili, millətin övladlarına dərindən bilik öyrədən müəllimlər var və həmin müəllimlər insanın gələcəyə ümidlərini artırır. Ona görə də həyat da, tədris və təhsil də o müəllimlərindi. Onların bayramını təbrik edirəm ”.

 

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da saytımız vasitəsi ilə öz müəllimlərini təbrik edib.

“Mən əvvəllər ümumtəhsil məktəbində, 2 il sonra isə Fizika-Riyaziyyat təmayüllü məktəbdə oxumuşam. Əlbəttə ki, müəllimləri xatırlayıram, daha çox Fizika-Riyaziyyat təmayüllü məktəbdəki müəllimlərim bizə qarşı çox mehriban olub. İmkan tapdıqca gedib məktəbimə də baş çəkirəm. Məktəbimiz elə oxuduğum universitetin (BDU) yanındadır”.

 

Elxan Şahinoğlu qeyd edib ki, bu gün nəyəsə qadiriksə bu, müəllimlərimizin sayəsində olub.

 “İndi politoloq kimi fəaliyyət göstərirəmsə bunda tarix və coğrafiya müəllimlərimin çox böyük əməyi var. Düzdür, öz üzərimdə də çox çalışırdım, amma müəllimlərimizin zəhmətini dana bilmərik. Bir qismi dünyasını dəyişib, Allah onlara rəhmət eləsin. Bir qisim müəllimlərim sağdır, onlara fəaliyyətlərində uğurlar arzulayıram və inanıram ki,yetişkin gənclər üzərində dayanmadan çalışacaqlar ”.

 

Yazıçı, jurnalist, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid bildirib ki, bütün müəllimlərini xatırlamasa da, ilk müəlliməsini unutmayıb.

 

“Mənim ilk müəlliməm Fəridə müəllimə idi. Ağdamda 1 nömrəli orta məktəbi bitirmişəm. Onu həmişə xoş xatırlayıram. Həmin Ağdam orta məktəbin müəllimlərin çoxu məcburi köçkün oldu. Bəzən onlardan hansınasa rast gəlirəm və ya övladlarıyla rastlaşıram, onlar vasitəsilə müəllimlərimə salamlarımı çatdırıram”.

 

Rəşad Məcid bildirib ki, hazırda müəllimləri ilə konkret əlaqələri yoxdur.

“ 9-10-cu sinifi Fizika-Riyaziyyat təmayüllü məktəbdə oxumuşam, həmin müəllimlərimlə də ara-sıra rastlaşıram. Universitet (BDU) müəllimlərimlə tez-tez təmasda oluram, görüşürəm. Qohum-əqrəbada da müəllimlər var. Bütün müəllimlərin bayramını təbrik edirəm ”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir