Modern.az

Naməlum və məlum GULLİT

Naməlum və məlum GULLİT

6 Oktyabr 2019, 09:21

Sizə danışacağım bu hadisə 32 il bundan əvvələ təsadüf edir.

 

1987-ci ildə hələ Azərbaycanın da daxil olduğu SSRİ - Sovet Sosialist Respublikaları İttifaqı adlı məmləkət mövcud idi. Orta məktəbdə oxuyurdum, bizim respublikanın əsas futbol komandası “Neftçi”nin oyunlarına görə günləri, saatları saydığım vaxtlar idi. Valideynlərimizin dərs oxumağımız üçün televizorda futbola baxmağa qadağa qoyanda hirsimizdən gözümüzdən yaş gələn, sevimli komandamız məğlub olanda sanki dünyanın dağıldığını düşündüyümüz uşaqlıq dövrü…

 

Neftçi” 1987-ci ilin SSRİ çempionatında Tbilisi “Dinamo”suna 3:0, Almatı “Kayrat”ına 6:0, Kiyev “Dinamo”suna 3:1 hesabı ilə qalib gələrək azarkeşlərinə xoş anlar yaşatmış, 80-ci illərdə ən yüksək göstəricisinə imza ataraq 9-cu yeri tutmuşdu. Növbəti mövsüm üçün komandaya ümidlər böyük idi. Bu səbəbdən mətbuatda futbolla bağlı xəbərləri maraqla izləyirdim.

 

Dekabrın sonu idi, 1988-ci ilə az qalmışdı. O vaxt Azərbaycanda nəşr olunan yeganə idman qəzeti “İdman”ın yeni sayını alıb evə çatmamış yazıları nəzərdən keçirdim. Sonuncu səhifədə bizdə daha çox Hollandiya kimi tanınan Niderland ölkəsinin təmsilçisi Ruud Gullitin nüfuzlu “France Football” jurnalının keçirdiyi sorğuda Avropanın 1987-ci ildə ən yaxşı oyunçusu seçilərək “Qızıl top”, yəni “Ballon d’Or” mükafatına layiq görüldüyü barədə kiçik məlumat var idi. Doğrusu, bu futbolçunun adını ilk dəfə eşidirdim. Şübhə etmirəm ki, o vaxt sovet futbolsevərlərinin əksəriyyəti Gullitin kim olduğunu bilmirdi...

 

Ondan əvvəl 1986-cı ildə isə “Qızıl top”u SSRİ yığması və Kiyev “Dinamo”sundan tanıdığım İqor Belanov qazanmışdı. Ümumiyyətlə, dünya və Avropa çempionatlarının keçirildiyi cüt illərdə ən yaxşını seçmək sorğuya qatılan jurnalistlər üçün nisbətən asan olur. Yəni bu mötəbər turnirlərdə parlayan futbolçular, adətən, “Qızıl top”a sahib çıxırlar. Təbii ki, istisnalar da mövcuddur. Məsələn, ingilis Kevin Keegan 1978-ci ilin dünya, ukraynalı Andrey Şevçenko isə 2004-cü ilin Avropa çempionatında çıxış etməsələr də, həmin illərdə qitənin ən yaxşı oyunçusu seçiliblər.

Tək illərdə isə “Qızıl top”un qalibini müəyyənləşdirmək bir qədər çətindir. Bu zaman, əsasən, Avropanın klub turnirləri, İspaniya və İtaliya, İngiltərə və Almaniya kimi ölkələrin milli çempionatları önə çıxır.

 

...İllər sonra “İdman”ın sözügedən sayını arxivimdə axtarıb tapdım. Dəqiqlik üçün qəzetin çıxdığı tarixi də xatırladım: 30 dekabr 1987-ci il.

“France Football”un laureatları” başlığı ilə dərc olunan həmin xəbərə gəlincə, 25 yaşlı Gullitin Fransa jurnalının sorğusunda 106 xal toplayaraq portuqaliyalı Paulo Futre (91 xal) və ispaniyalı Emilio Butragueñonu (61) qabaqladığı, əvvəllər Niderlandın “Haarlem”, “Feyenoord” və “PSV Eindhoven” komandalarında, indisə İtaliya “Milan”ında çıxış etdiyi, həmçinin İngiltərənin “World Soccer” jurnalının sorğusunda da məşhur argentinalı Diego Maradonanı xeyli geridə qoyaraq birinci yeri tutduğu bildirilirdi.

Vəssalam. Qapıçı və ya müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olması, həmçinin digər nailiyyətləri barədə məlumat yox idi. Heç şəkli də verilməmişdi.

 

Əlbəttə, “Qızıl top”un yeni sahibi barədə daha çox bilmək istəyirdim. Amma necə?

Həftədə üç dəfə Azərbaycan və rus dillərində çıxan “İdman”/“Спорт” qəzeti xarici futboldan az yazırdı, əsasən də, Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) xəbərlərini verirdi. Təxminən eyni sözləri SSRİ-nin mərkəzi şəhəri Moskvada nəşr edilən “Sovetski sport” və onun həftəlik əlavəsi “Futbol-Hokkey” barədə də demək olar.

 

“Futbol-Hokkey”, ümumiyyətlə, ayrı mövzudur. A4 formatında 16 səhifədə çıxan bu qəzet bazar günləri işıq üzü görsə də, Moskvadan uzaq yerlərə bir-iki gün gec gəlirdi. Ümumi tirajının da 1 milyon nüsxədən çox olduğu deyilir, amma onu Bakıda, eləcə də Sovetlər Birliyinin digər bölgələrində tapmaq müşkül məsələ idi. İnsanlar əvvəlcədən qəzet köşklərinin qarşısında növbəyə durur, ya da onu köşkdə işləyən şəxslə tanışlıq sayəsində əldə edirdilər. Hətta qiymətindən (15 qəpik, o vaxtın kursu ilə 0,22 dollar idi) də baha…

 

“France Football” jurnalı isə 1987-ci ildə mənim üçün əlçatmaz xəyal idi. SSRİ-də yayılan “Stadion” (Çexoslovakiya) və “Képes Sport” (Macarıstan) kimi xarici idman nəşrləri da mən yaşadığım yerə gəlib çatmırdı. Özü də onları sovet futbolsevərləri oxumaq üçün deyil, məşhur futbolçular, klub və milli komandaların şəkil və posterlərinə görə alırdılar.

 

Bir sözlə, məlumat qıtlığı. XXI əsrin uşaqları bu baxımdan daha şanslıdırlar. O vaxt isə nə internet, nə də peyk antenaları vardı – bir-iki televiziya kanalı, beynəlxalq oyunları da az verirdilər. Xatırladığım qədər, mərkəzi televiziyada yalnız SSRİ yığmasının qarşılaşmaları, sovet komandalarının avrokuboklardakı çıxışı, həmçinin dünya və Avropa çempionatları yayımlanırdı...

 

Digər tərəfdən, Gulliti tanımamağımda “günahkar” elə onun özü və millidəki oyundaşları idi. O dövrün son mötəbər turniri olan “Mexico-86” dünya çempionatını televiziyadan izləmişdim – “narıncılar” orada yox idilər. Seçmə mərhələdə Macarıstan (1:2, 1:0), Avstriya (0:1, 1:1) və Kipr (1:0, 7:1) ilə mübarizə aparan Niderland millisi macarları irəli buraxaraq qrupda 2-ci yeri tutub, ardınca da play-offda “qonşudan qalma geri” prinsipinə əməl edə bilmədiyindən (Belçika ilə 0:1 və 2:1) Meksika mundialına getmək şansını qaçırmışdı. Sən demə, elə ondan sonra komandada kapitan sarğısı Gullitə həvalə olunmuşdu.

Ümumiyyətlə, 1974 və 1978 mundiallarının gümüş mükafatçısı olduqdan sonra nəsil dəyişikliyi yaşayan “narıncılar” həm 1982-ci ilin dünya, həm də 1984-cü ilin Avropa çempionatından kənar qalmışdılar.

 


Eyni zamanda, Gullit nə Niderland millisində, nə də avrokuboklarda sovet komandalarına qarşı oynamışdı.
Yalnız 1985-ci ildə UEFA kubokunda belə bir imkan qazanmış, amma onda da qırmızı vərəqə cəzalısı olduğundan “PSV Eindhoven”in heyətində Sovetlər Birliyi təmsilçisi “Dnepr”lə matçlarda forma geyinməmişdi.  

 

Kimdir bu Gullit? Bu suala 1988-ci ildə cavab tapdım, özü də artıqlaması ilə. Surinam əsilli, uzun və qeyri-adi saç düzümü olan hündürboy və fiziki cəhətdən güclü, cəld və texnikalı futbolçu. Yox, əla futbolçu. Sən demə, ilk məşqçisi qadın olub. Futboldan kənar həyatda da fəaldı: həvəskar musiqiçi kimi fəaliyyət göstərirdi, irqi ayrı-seçkiliyə qarşı əsas mübariz Nelson Mandelanın pərəstişkarı idi.

 

1988-ci ili “narıncılar”ın ili adlandırmaq olar. Televiziya ilə Avropa çempionatının oyunlarını maraqla izlədim. Gullitin liderliyində Niderland millisi tarixində ilk dəfə qitə çempionu oldu. Özü də finalda SSRİ yığmasına qalib gələrək məni çox məyus etdilər – 2:0. Oyun çox tez – yerli vaxtla saat 15:30-da start götürməsi, Gullitin başla hesabı açması, Marco van Bastenin tarixi qolu, həmçinin Belanovun onbirmetrlik cərimə zərbəsindən fərqlənə bilməməsi ilə xatirimdə qaldı.

Nəticədə 1988-ci ilin “Qızıl top”u uğrunda mübarizədə ilk üç yeri Marco van Basten, Ruud Gullit, Frank Rijkaard sıralaması ilə bir millinin (Niderland) və eyni zamanda, bir klubun (“Milan”) üzvləri tutdular. Bu, indiyədək “France Football”un mükafatının 62 illik tarixi ərzində yeganə belə haldır.

 

Elə o illərdə “Qızıl top”a marağım artdı, az qala, onun fanatına çevrildim. Hər dəfə yeni qalibin adını səbirsizliklə gözləyirdim. Düzdür, futbolçu kimi onu qazanmaq şansım olmasa da, dünyaca məşhur mükafata birbaşa aidiyyatım var. “France Football” jurnalının təklifi ilə 2000-ci ildən “Qızıl top”un münsiflər heyətinin üzvüyəm, sorğuda Azərbaycanı təmsil edirəm. Amma mən “Qızıl top” macərama başlayanda Gullit artıq futbolçu karyerasını bitirmişdi və Rasim Mövsümzadədən səs almaq ona qismət olmadı…

 

FIFA, World Soccer və s. versiyalarda XX əsrin, həmçinin bütün dövrlərin “100 ən yaxşı futbolçu”su siyahılarında Gullitin də adına rast gəlmək mümkündür. O həmçinin “Milan” klubunun və İtaliya futbolunun Şöhrət zalında da yer alıb. Amma məşhur oyunçuların çox az qismi uğurlu məşqçi olur.

 

Məşqçiliyə “Chelsea”də başlayan Gullitlə London təmsilçisi elə ilk mövsümdəcə ölkə kubokunu (FA Cup) qazandı. Sonra isə uğur ondan üz döndərdi: “Newcastle United”, “Feyenoord”, “LA Galaxy” və Qroznı “Terek”ində işlədi, amma diqqəti çəkəcək nailiyyətlərə imza ata bilmədi.

 

Son illər Gulliti FIFA-nın tədbirlərində aparıcı kimi görmək mümkündür. 2012-ci ilin avqustun 30-da isə onu canlı-canlı izləmək mənə də nəsib oldu. Gullit Monakoda UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkünü atanlardan biri, mən isə UEFA-nın mükafatının jüri üzvü idim. Yox, yox, bu ən yaxşı seçildiyini eşitdiyimdə tanımadığım, şəklini ilk gördüyümdə qeyri-adi görünüşü ilə diqqətimi çəkən uşaqlığımın Gulliti deyildi - səhnədə Hollywood ulduzlarına, məsələn, Denzel Washingtona oxşayan, birisi gün 50 yaşı tamam olacaq qısa saçlı, kostyumlu bir şəxs vardı…

RASİM MÖVSÜMZADƏ
“Qızıl top”un jüri üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir