Modern.az

Azərbaycanda icazəsiz çalışan hər əcnəbiyə görə dövlət büdcəsi pul itirir

Azərbaycanda icazəsiz çalışan hər əcnəbiyə görə dövlət büdcəsi pul itirir

Ölkə

5 Oktyabr 2019, 17:10

2019-cu il iyun ayının 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci kilometrliyində  Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobilini qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurub. Zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, qəza nəticəsində mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb. Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad xəsarət alıb.

Bu hadisə Asiya ölkələrindən gətirilən əcnəbilərin Azərbaycanın əmək bazarında yer aldığını bir daha göstərdi.  Eyni zamanda son dövrlər paytaxt və bölgələrdə xüsusi bacarıq tələb etməyən peşələrdə hələ də əcnəbilərin işə cəlb edildiyini göstərdi.  

 


«Serbaz Layihə və Tikinti Şirkəti» MMC tərəfindən Azərbaycana gətirilərək uzun müddət tikinti sektorunda əməyi istismar edilən əcnəbilərlə bağlı vəziyyət isə hələ də unudulmayıb. Asiya ölkələrindən gətirilən əcnəbilərlə bağlı real vəziyyəti görmək üçün bu gün də axşam saatlarında Badamdar qəsəbəsindəki marketlərin önündə 10 dəqiqə dayanmaq kifayətdir.

Mediada yayılan məlumata görə Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin bir qrupu ölkəyə  turist vizası ilə gətirilir. Amma «Turizm haqqında» qanuna görə, turist vizası ilə ölkəyə gələn şəxslər bu və ya digər əməyə cəlb edilə bilməz. Fərdi əmək icazəsinin alınmaması üçün törədilən bu saxtakalıqların həyata keçirilməsindən dövlət büdcəsi də xeyli vəsait itirir.


İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir


Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlər 2013-cü il  avqustun 1-də qüvvəyə minən Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tənzimlədiyi sahə üzrə müvafiq prosedurlar sadələşdirilib, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Habelə iş icazəsinin alınması tələb olunmayan halların sayı artırılıb. Bu hallardan biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarıdır.

Bundan başqa “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilərək Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsinə və müddətinin uzadılmasına görə ödəniləcək dövlət rüsumunun məbləği azaldılaraq 3 ayadək müddətə 350 manat, 6 ayadək müddətə 600 manat, 1 ilədək müddətə 1000 manat müəyyənləşdirilib.

 



Qeyd olunan qanuna edilən dəyişikliyə qədər isə iş icazəsinin müddətindən asılı olmayaraq dövlət rüsumu yalnız 1000 manat müəyyən edilirdi.

90 günədək müddətə iş icazəsi tələb olunmayan sahələr

Qanunvericiliyə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar və yalnız işəgötürən tərəfindən onlar üçün iş icazəsi alınmasından sonra Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Qeyd olunan işəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Amma Nazirlər Kabinetinin 4 dekabr 2014-cü il tarixli qərarı ilə "İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycanda ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı" təsdiq olunub. Buraya mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, informasiya və rabitə, maliyyə və sığorta, təhsil, nəqliyyat və su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələri aiddir. Bu siyahıda nəzərdə tutulmayan fəaliyyət sahələri ilə məşğul olmaq üçün gələn əcnəbilərə iş icazələrinin alınması zəruridir.

Viza tətbiq olunan ölkələrin vətəndaşları isə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün işgüzar səfər vizası əsasında ölkəyə gəlməlidirlər. Həmin vizada ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.

 



Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda onlara Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Bu o vaxt Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfərlə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan vətəndaşı olması tələb olunur.
 
DMX  iş icazəsi verməsə də, ölənlərin ölkədə müvəqqəti yaşama iznini ləğv edib

Bakıda yol qəzasında dünyasını dəyişən əcnəbilərin nə zamandan və hansı işə cəlb edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə yanaşı, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına informasiya sorğusu göndərdik.  Cavabları maraqlı bir xətt üzrə aldıq.

Nazirlər Kabineti sullarımızı cavablandırması üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Əmək Müfəttişliyi  isə Dövlət Miqrasiya Xidmətinə.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da sorğunu Dövlət Miqrasiya Xidmətinə yönəldib. Dövlət Miqrasiya Xidmətindən verilən 17 iyul 2019-cu il tarixli 10/539 nömrəli cavab məktubunda isə bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 saylı qərarı ilə təsdiq edilən "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası"na uyğun olaraq hər il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası əsasında əcnəbilərin əmək fəaliyyətini həyata keçirmələri üçün DMX tərəfindən iş icazələri verilir və mövcud iş icazələrinin müddəti uzadılır: "Həmin qayda ilə müəyyən edilən 19  iqtisadi fəaliyyət növü üzrə işəgötürənlər ölkəmizdə əməkçi miqrantları haqqı ödənilən əmək fəaliyyətinə cəlb edirlər. Hazırda əcnəbi işçi qüvvəsi daha çox mədənçıxartma, emal və tikinti sahəsində çalışır. 2018-ci ildə əcnəbilərin işə cəlbi qaydasının pozulmasına görə 55 inzibati xəta barədə qərar qəbul edilib".

 


Amma Dövlət Miqrasiya Xidməti "Fərdi məlumatlar haqqında" qanuna istinad edərək yol qəzasında dünyasını dəyişən əcnəbilərin kim tərəfindən ölkəyə gətirilməsi, Azərbaycanda nə zamandan işə cəlb edilməsi və hansı sahədə çalışmaları ilə bağlı məlumatı açıqlamadı.

Baxmayaraq ki, qəzadan 23 gün sonra qurumun internet səhifəsində yayılan 10 iyul 2019-cu ildə müvəqqəti yaşama icazələrinin ləğv olunması barədə qərar qəbul edilən şəxslərin siyahısında (//migration.gov.az/useful/myil_content/1064) yol qəzasında ölən Hindistan vətəndaşlarının da adı qeyd olunub.

Qanunsuz əməkçi miqrantları işlədənlər onların  geri qaytarılması xərcini də ödəməlidir

Məsələyə münasibət bildirən hüquqşünas Yaşar Ağazadə deyir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerləri mövcud olmalıdır: "Yəni azərbaycanlı mütəxəssis olmadığı halda əcnəbi boş iş yerində çalışdırıla bilər. Bundan əlavə, işəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin edə bilərlər. Əcnəbi işçi ilə əmək müqaviləsi bağlamalıdırlar. Əmək müqaviləsi olmadan işlədilən əcnəbi işçiyə görə işəgötürən məsuliyyət daşıyır. Qanunsuz əməkçi miqrantları işlədən müəssisə və ya sahibkara qarşı cərimə ödəməklə yanaşı, miqrantın öz ölkəsinə qaytarılmasını da təmin etməlidirlər.  Bu mövcud qanunvericilikdə əksini tapmadığından hazırda miqrantların bütün xərclərini dövlət qarşılayır. Amma bunu dövlət deyil, əcnəbini qeyri-qanuni işlədənlər həyata keçirməlidirlər. Xarici ölkələrdə bu proses işəgötürənin öhdəliyindədir”.


İqtisadçı Nübar Seyidovanın sözlərinə görə, ölkəmizə gətirilən Hindistan, Banqladeş vətəbdaşları bütün dünyada ucuz işçi qüvvəsi sayılır: “Onların Azərbaycanda qazanacağı aylıq 500-600 manat öz ölkəsindəki qazancdan 2-3 dəfə artıqdır. Əcnəbilərin qeyri-qanuni işlədilməsi isə  rüsum və vergidən yayınmağa xidmət edir. İşəgötürən əcnəbi işçi üçün rüsumla yanaşı, vergi və sosial ödənişlər də etməli olsa da, etmirlər. Nəticədə işəgötürən qazansa da, dövlət büdcəsi pul itirir. Boş iş yerlərinə götürülən əcnəbi ucuz işçi qüvvəsi isə ölkədə işsizliyin artmasına səbəb olur və dolayısı ilə yerli əhalinin sosial vəziyyət pisləşir”.

İşdən qayıdarkən yol qəzasında dünyasını dəyişən Hindistan vətəndaşlarının ölümü ilə bağlı aparılan istintaqın gedişi və həmin şəxslərin harada çalışması ilə bağlı ictimaiyyətdən gizlədilən məlumatın istintaqa məlum olub-olmaması ilə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə (DİN) də informasiya sorğusu göndərdik. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat Hadisələrinə dair İstintaq şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Arzu Babayev bildirdi ki, hazırda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir: "Bütün zəruri ekspertizalar təyin olunub. İstintaqın müddəti 4 aydır və uzadılma ehtimalı var. İstintaqın sonunda əlavə məlumat veriləcək".

Ümid edək ki, heç olmasa istintaq həmin şəxslərin hansı qurum tərəfindən Azərbaycana gətirilmələri, hansı sahədə, nə zamandan çalışdıqlarına, onların əmək fəaliyyətinə çəlb edilmələrinə görə dövlət büdcəsinə nə qədər vəsait ödənilməsinə də aydınlıq gətirəcək. Bu hadisə həm də aidiyyatı orqanlar üçün bir siqnal olacaq və yerli işçilərin iddia etdiyi sahələrdə ucuz əcnəbi işçilər çalışdırılmayacaq.

Pünhan Əfəndiyev
 
Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb. Məqalənin məzmunu və tərkibi müəllifin məsuliyyətindədir və heç bir halda Niderland Krallığının Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının mövqeyini əks etdirmək üçün əsas göstərilə bilməz.

 

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi