Modern.az

Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi üçün Nazirlər Kabinetinə müraciət hazırlanır 

Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi üçün Nazirlər Kabinetinə müraciət hazırlanır 

7 Oktyabr 2019, 12:17

“Məktəbli formasında olan şagirdlərin ictimai nəqliyyatda pulsuz daşınması ilə bağlı Nazirlər Kabinetinə müraciət hazırlanır”.

 

Bu barədə Modern.az-a deputat Fazil Mustafa məlumat verib.

 

“Müraciət edəndə gərək məsələni əsaslandırasan və ondan sonra müraciət edəsən. Bizim mütəxəssislər hazırda onun üzərinə işləyirlər. Hazır olandan sonra həllini gerçəkləşdirmək üçün Nazirlər Kabinetinə müraciət edəcəyik. Hesab edirəm ki, bu olduqca vacib məsələdir və ölkənin də imkanları var ki, onu həll eləsin”.

 

Deputat qeyd edib ki, uşaqların sıxıntıdan qurtulması hamımızın maraqlarına uyğundur.

 

“Mənim fikrimcə məsələyə rasional yanaşılsa, bu problemin öz həllini tapması mümkündür. Məncə burada çətinlik yaradacaq heç bir iş yoxdur. Sadəcə olaraq buna həssas yanaşılmalıdır” - deyə o bildirib.

 

Xatırladaq ki, bu yaxınlarda sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün “BakuBus” avtobusundan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb.

Deputat Fazil Mustafa isə bu məsələyə biganə qalmayaraq qeyd edib ki, Nazirlər Kabineti 5 yaşına qədər uşaqların ictimai nəqliyyatdan pulsuz daşınması ilə bağlı qərarına yenidən baxmalı və məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır..

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?