Modern.az

Bal verən çiçəyi arı tanıyar, təmiz bal isə arıçıdan soruşular – Bal yarmarkasından REPORTAJ  

Bal verən çiçəyi arı tanıyar, təmiz bal isə arıçıdan soruşular – Bal yarmarkasından REPORTAJ  

Reportaj

7 Oktyabr 2019, 13:04

Hər il Bakıda ənənəvi bal yarmarkası keçirilir. Bu il də sentyabrın 28-dən başlayaraq  Bakıda respublika sərgi- satış yarmarkası fəaliyyətə başladı. Sayca 20-ci dəfə keçirilən bal yarmarkası oktyabrın 18-dək davam edəcək.

 

Modern.az-ın əməkdaşları “Gənclik” metrosunun yaxınlığında – Tofiq Bəhrəmov adına Respublika Stadionunun qarşısında yerləşən bal yarmarkasında olublar.

 

Elə də çox alıcı gözümüzə dəyməsə də, bölgələr üzrə kifayət qədər balçılara rast gəldik. Yarmarkada ən çox İsmayıllı balı üstünlük təşkil edirdi. İçəridə arıların əlindən tərpənmək olmurdu. Nə də olsa, arılar balın iyini almışdı. Balla bağlı suallarımızı mütəxxəsislər və balçılar cavablandırdı.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Mais Musayev Modern.az-a yarmarkanın gedişatı barədə müəyyən məlumatlar verib.

“Yarmarka başlayandan elə də izdiham yaşanmayıb. Alıcılar elə də çox deyil. Belə deyək, arıçıların gözləntiləri elə də özünü doğrultmayıb. Biz nazirlik olaraq, istər sosial mediada, istərsə də televiziyalarda təbliğat və təşviqat işlərini yüksək şəkildə həyata keçirmişik. Yarmarka ilə bağlı şəhərin müxtəlif yerlərində reklam billboardaları yerləşdirilib. Artıq bir həftədir yarmarka başlayıb, elə arıçı var ki, məhsulunu təmiz sataraq bitirib. Həftə içi olduğuna görə, indi alıcılar azlıq təşkil edir. Ancaq ümumilikdə götürdükdə, satış normal şəkildə həyata keçirilir. Həftə sonu müştərilər daha çox olur. Artıq ölkədə 20-ci dəfədir bal yarmarkası keçirilir. Bizim bu yarmarkanı keçirməkdə əsas məqsədimiz odur ki, müştərilərlə arıçılar özləri birbaşa ünsiyyətdə olsunlar”.

 

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı isə bildirir ki, bacarıqlı arıçı məhsulunu daha tez sata bilir:

“Hələ bir həftədir bal yarmarkası satışına start verilib, düşünürəm15-20 faiz bal satılıb. Azərbaycan balı öz keyfiyyət göstəricilərinə görə deyərdim ki, ən keyfiyyətli ballardan hesab olunur. Ancaq biz bir az balı yaxşı şəkildə təqdim edə bilmirik. Ən keyfiyyətli bal Kəlbəcər-Laçın iqtisadi bölgəsi hesab olunurdu. Təssüf ki, o ərazilər işğal altındadır. Hazırda isə Şəki-Zaqatala bölgəsi arıçılıqda daha çox inkişaf edib”.

 

Elvin Bayramlının sözlərinə görə yarmarkada hər kəsin cibinə uyğun bal tapmaq mümkündür.

“Qiymətlər müxtəlifdir, 15 manatdan başlayaraq 50 manata qədər dəyişir. Bir məsələni qeyd edim ki, xaricdən gətirilən ballar keyfiyyətsiz olur. Biz bununla bağlı dövlət orqanlarına müraciət edərək bildirmişik ki, bal idxalına müəyyən məhdudiyyətlər qoyulsun. Çünki dad baxımından nəzər yetirsək, Azərbaycan balı daha dalı və keyfiyyətli olur. Öz təmiz balımız ola-ola alıcılar niyə xarici bal alıb, aldansınlar ki?”

 

Elvin Bayramlı onu da qeyd edib ki, saxta balı təmiz baldan seçməyin ən təmiz yolu labaratoriyada yoxlatmaqdır:

“Çünki ev şəraitində, kustar üsulla yoxlamaq o balın tam təmiz olmasına zəmanət vermir. Bəzən deyirlər ki, bal yanırsa deməli təmizdir. Bu yalnış bir fikirdi. İnanın ki, labaratoriyada yoxlanmış balın təmiz olmasına 100 faizlik zəmanət verilir. Labaratoriyadan keçmiş balı gündə və işıqda saxlamaq olmaz, sərin və qaranlıq yerdə saxlamaq daha məqsədə uyğundur. Ona görə ki, isti və işıqlı yerdə saxlanılan balda diastaziya sıfıra düşər, nəticədə bal keyfiyyətsiz olar.

 

Bəzən bizə sual verirlər ki, bal almışam  ancaq tez xarladı . Bu xarlama balın keyfiyyətli olmasından xəbər verir ? Xarlama balın bioloji və kimyəvi xüsusiyyətidir. Bəzi ballar tez xarlayır, bəziləri isə gec. Hətta elə bal növü var ki, 2 il də saxlasan xarlamır. Balın tərkibində xrutoza , qlükozaya nisbətdə çox olarsa onda xarlama prosesi çox gec baş verir. Ancaq qlükoza üstünlük təşkil edərsə, təbiidir ki, xarlama daha tez olacaq. Bu xarlama ona əsas vermir ki, bal 100 faiz təmizdir ”.

 

Balı balçıdan soruşarlar, biz də bu prinsipə əməl edərək balçılara müraciət etdik. Hansı balçının yanından keçirdiksə , “gəl, məndə yaxşı bal var” deyirdi. Bir az müşahidə etdikdən sonra arıçı İlqar Həsənova yaxınlaşdıq. Məlum oldu ki, İlqar müəllim Arıçılar Assosiasiyasının Qazax bölgəsi üzrə birliyinin sədridir. O, arı südü ilə bağlı maraqlı informasiyalar verdi.

Arıçı bu il əvvəlki illərlə müqayisədə daha çox, yəni öz şəxsi arıxanasından 5 kq arı südü götürdüyünü söyləyir:

“Arı südü insan orqanizminə çox böyük təsir edir. Qanı və immuniteti artırır, həmçinin sonsuzluqla bağlı müalicələrdə 90 faizlik nəticə göstərir. Hətta xərçəng xəstələri kimya qəbul etdikləri zaman bədənlərində sağlam hüceyrələri belə məhv olur. Arı südü isə bu hüceyrələrin bərpa olunmasına çox böyük təsir göstərir”.

 

Goranboylu arıçı Taleh Vəliyev isə arıçılığın tarixinin daha qədim olduğunu bildirdi:

“Azıx mağarasında tapılan bal çəlləkləri bunun əyani göstəricisidir. Təmiz balı ancaq arıçıdan tapmaq olar. Alverçilərin satdığı balın 90 faizi saxtadır, həmdə tərkibi şəkərlə doludur. Balı qram-qram toplamaq uzun vaxt alır. Təsəvvürünüzə gətirin, bir qovucuğu, yəni şanda olan 6 guşəli gözü doldurmaqdan ötəri arı düz 20 dəfə uçuş edir. 1kiloqram balı biz əldə etmək üçün arı 3600 kilometr yol qət etməlidir. Balın özünün müəyyən vaxtları var. Əsasən iyulun axırı, avqust aylarında kəsilir”.

 

Deyirlər bal verən çiçəyi arı tanıyar. Təmiz bal isə arıçıdan soruşular. Odur ki, min bir dərdin dərmanı olan təmiz bal yemək arzusunda olanlar öz balçılarımıza üz tutsunlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir