Modern.az

“Aranlı-dağlı Qarabağ beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır” - İlham Əliyev

“Aranlı-dağlı Qarabağ beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır” - İlham Əliyev

Qarabağ

8 Oktyabr 2019, 20:57

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin".

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirib.

“Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”,- deyə Dövlət başçısı vurğulayıb.


Prezident qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir: "Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə vəd etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?