Modern.az

Azərbaycan dilinin izdivac və idxal prosesində imkanları

Azərbaycan dilinin izdivac və idxal prosesində imkanları

Ədəbi̇yyat

9 Oktyabr 2019, 11:01

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Hər bir kəs ilk növbədə dünya mədəniyyətinə, ta­rixinə, ədəbiyyatına, incəsənətinə bələdçiliyi dil va­sitəsilə əldə edir. Yəni dünya mədəniyyətinə bələd­çi­li­yin sirri ilk olaraq dildən keçir. Doğma ana dili va­si­təsilə dünyanı və onun yaratdığı mədəniyyətləri öy­rə­nirik. Doğma ana dilinin lüğət tərkibi nə qədər zən­gin olarsa, bir o qədər dünya mədəniyyətinin in­cə­lik­lərini öyrənə bilərik. Dili mədəniyyət dilinə çevirmək üçün onun zənginliklərini və zəngin imkanlarını hə­rə­kətə gətirmək lazımdır. Bu gün dünyanın bey­nəl­xalq dilləri bu statusu ilə fərqlənir, ona görə ki, onlar zən­gin mədəniyyət dili kimi özlərini təsdiq edirlər. İs­tə­ni­lən bir dili mədəniyyət dilinə, o cümlədən zən­gin mə­də­niyyət dilinə çevirmək üçün lüğət tərkibinə təbii şə­kil­də daxil olan alınma sözlərin qarşısını kəs­mək ol­maz, həmin sözlərin qapısını bağlamaq fayda verməz.


Dilin lüğət tərkibinin zənginliyi imkan verir ki, həmin dil elm, ədəbiyyat, siyasət, təhsil, maliyyə, or­du və s. dili ola bilsin. Ona görə də lüğət tərkibinin qapısına süni bir yolla açar vurmaq dilin bütün im­kan­­larını əlindən almaqdan başqa bir şey deyildir. Di­lin lüğət tərkibinə təbii şəkildə daxil olan sözlərə sədd çəkmək həmin dilin elm, ədəbiyyat, siyasət, təh­sil, maliyyə, ordu və s. dili kimi formalaşmasına ma­ne­çilik göstərməkdir.


Dilin lüğət tərkibinə alınma sözlərin daxil olması həm də dilin zövqü ilə bağlıdır. Belə ki, dil zövqünə uyğun olmayan sözü almaz, əgər almışsa zövqünə uy­ğun deyilsə, aldığı sözü işlətməz və ona vətən­daş­lıq hüququ verməz. Məsələn, fars mənşəli gül sözünü dilimiz almış və ona bir zəriflik, incəlik qataraq işlətmişdir. Mənası hər bir kəsə aydın olan bu sözün mənşəyi barədə düşünmək coxlarının ağılına gəlmir. Ancaq mütəxəssislər gül sözünün mənşəyindən bəhs edirlər. Ona görə bəhs edirlər ki, bu, mütəxəssislərin birbaşa işidir. Digərləri isə bu sözü sadəcə olaraq işlədir və Azərbaycan dilinin səs quruluşu ilə ona gözəllik verirlər. Azərbaycan dili və bu dilin zövqü gül sözünü o qədər doğmalaşdırır ki, nəticədə ondan yeni-yeni sözlər yaradır, qadın və hətta kişi adlarında simvollaşır. Məsələn, qadın adlarında: Gülay (Gül və ay sözlərindən yaranmışdır), Gülayə (Gül nişanəsi, çiçək əlaməti), Gülbacı (Gül və bacı sözlərindən ya­ran­mışdır), Gülbadam (Gül və badam sözlərindən ya­ran­mışdır), Gülbahar (Gül və bahar sözlərindən ya­ran­mışdır), Gülbala (Gül və bala sözlərindən yaran­mış­dır), Gülbanu (Gül və banu//xanım sözlərindən ya­ran­mışdır), Gülbəniz (Gül və bəniz sözlərindən ya­ran­mışdır, gül üzlü, gül yanaqlı mənasındadır), Gül­bə­növşə (Gül və bənövşə sözlərindən yaranmışdır), Gülbəs (“Qız bəsdir, qız lazım deyil!” mənasındadır), Gülbəstə (“Gülü bağlamaq” mənasını verən bu ad da­ha qız istəməyəndə qoyulur), Gülbəsti (oğlan istəyi ilə qoyulan addır), Gülbəyaz (ağ gül, ağ çiçək), Gül­bə­yim (Gül və bəyim sözlərindən yaranıbdır), Gülbi­bi (Gül və bibi sözlərindən yaranıbdır), Gülbikə (Gül və bikə sözlərindən yaranıbdır), Gülbudaq (Gül və bu­daq sözlərindən yaranıbdır), Gülbuta (Gül və buta söz­lərindən yaranıbdır), Gülcahan (Gül və cahan söz­lə­rin­dən yaranmışdır), Gülcamal (Gül və camal söz­lə­rin­dən yaranmışdır), Gülcan (tər bədənli, canı gül ki­mi olan, xoşagələn, sevimli), Gülcənnət (Cənnət ba­ğı­nın gülü), Gülçəmən (çəmən çiçəyi, gülü), Gülçiçək (“Gül” və “çiçək” sözlərinin birləşməsindən yaran­mış­dır), Gülçin (Gül toplayan, gül dərən, seçilmiş, seçmə, ən yaxşı), Gülçöhrə (Gülüzlü, üzü gül kimi lətif, qəşəng), Güldəm (Gül nəfəsli, gül zamanı), Güldəstə (Gül topası, gül dəstəsi, çiçək dəməti; türk musiq­isin­də bir muğamın adı), Gülən (Təbəssümlü, gülər adam, həmişə gülən), Gülər (Üzügülər, gülən, gü­lüm­səyən, mehriban, şən), Güləsər (Gül kimi əsər, gül kimi əmələ və ya meydana gətirilən hər hansı bir şey; başqa sözlə, övlad, qəşəng uşaq), Gülxanım (Gül və xanım sözlərindən yaranmışdır), Gülxar (Tikanlı gül, tikanlı çiçək; zəlil gül, yazıq çiçək; gül yeyən), Gülxara (Tikanlı gül; İpək parça növü, baş örtüyü üzərində naxışlar olan bir cür parça), Gülxatın (Gül kimi qadın), Gülxoş (Xoş təsir bağışlayan gül, gözəl çiçək), Gülqədəm (Gül yerişli. Əslində ayaqları gül kimi olan deməkdir), Gülqız (Gülə bənzər qız, çiçək kimi qız, gözəl qız), Gülqonça (“Gül” və “qönçə” söz­lərindən yaranmışdır, qızılgülün qönçəsi), Güllər (“Gül”ün cəmi), Güllü (Gülə bəzənmiş, gül-çiçəkli; üzərində gül biçimində naxışları olan; çoxlu gül olan, gül bitən (yer), çiçəkli), Güllübəyim (Güllü və bəyim sözlərindən yaranmışdır), Güllüxanım (Güllü və xa­nım sözlərindən yaranmışdır), Gülmayə (Mayası gül­dən olan, gül mayalı, gül əsilli, gül maddəli), Gül­məx­mər (Üzərində iri gülləri olan nazik ipək parça), Gülmirə (Gül və mir sözlərindən yaranmışdır), Gül­nar (Nar çiçəyi, nar ağacının gülü, nar gülü rən­gin­də), Gülnarə (Gül və nar sözlərindən yaranmışdır), Gülnaz (Nazlı gül, işvəli gözəl), Gülnigar (Gül və Nigar sözlərindən yaranmışdır), Gülnisə (Gül və Nisə sözlərindən yaranmışdır), Gülnişan (Gül və nişan sözlərindən yaranmışdır), Gülpər (Gül qanadlı, gül kimi tükləri, saçı olan), Gülpəri (Gül kimi, çiçək kimi gözəl qız; Gül və Pəri sözlərindən yaranmışdır), Gülreyhan (Reyhanın gülü, çiçəyi), Gülsabah (Səhər gülü, səhər açılıb axşam yumulan dekorativ gül), Gülsara (Saf gül, xalis gül), Gülsel (Çoxlu gül, çiçək seli; gül kimi, gülə bənzər; gülə aid olan), Gülsevən (Gülə aşiq olan, gülə vurulan, çiçəyi çox istəyən), Gül­sevər (Gülü çox istəyən, gülə aid olan, çox çiçək sevən adam), Gülsevil (Gül və Sevil sözlərindən ya­ran­mışdır), Gülsevin (Gülüb şənlənmə, gülüb oy­na­ma, şən və şad olma), Gülsədəf (Gül və Sədəf söz­lə­rin­dən yaranmışdır), Gülsəpa (Gül kimi saf, çiçək ki­mi təmiz, xalis; səfa gülü, səadət gülü), Gül­sənəm (Gül və Sənəm sözlərindən yaranmışdır), Gül­sər (Baş gül, əsas gül; həyatı gül kimi olan, gülcanlı), Gülsoltan (Gül və Soltan sözlərindən yaranmışdır), Gülsu (Gül və su sözlərindən yaranmışdır), Gülsüm (Yuvarlaq üzlü, yumru üzlü gözəl; iri üzlü, yekə üz­lü), Gülsün (Həmişə şən, xoşbəxt, bəxtəvər, üzügülər olmasını arzulayan ata-analar tərəfindən qoyulan ad), Gülşah (“Gül” və “şax” (budaq) sözlərindən yaran­mış­dır, gül budağı deməkdir), Gülşəkər (Şəkərli gül suyu ilə hazırlanmış şirniyyat; gül şirniyyatı), Gülşən (Güllük, çiçəklik, gül-çiçək çox olan yer), Gültamam (“Gül” daha bəsdir!”, “Qız daha istəmirik!” anlamın­da­dır. Oğlan istəyi ilə bağlı yaranan addır), Gültək (Yeganə gül, nadir gül; gül və çiçək kimi), Gültəkin (Gül kimi, gülə bənzər, çiçəyə oxşar), Gültən (Gül ki­mi, gülə bənzər, gülbədənli, güləndamlı), Gültər (Təzə gül, yeni açılmış gül, tər çiçək, Təzəgül və Tər­gül ad­la­rının tərsi), Gülü (“Gül” ilə başlayan adların nəvaziş bildirəni), Gülümsər (Üzü həmişə gülən, gülümsəyən, gülən, təbəssümlü), Gülüstan (Güllük, çiçəklik, gül bağçası) və s. Göründüyü kimi “gül” sö­zü ilə bağlı xeyli sayda qadın adları yaranışdır. “Gül” sözü fars mən­­­­şəli olsa da, Azərbaycan dili onu o qə­dər özəl­ləş­dir­mişdir ki, yeni-yeni adların yaran­ma­sın­da təməl ro­lu­nu oynamış, zərif, incə qadın adlarını ya­radan sözə çevrilmişdir. Hətta bu zəriflik, lətiflik, gözəllik o qə­dər dildə simvollaşmışdır ki, nəticədə “gül” sözü kişi adlarının yaranmasına da səbəb ol­muş­­dur. Bu mənada Gülağa (Gül kimi ağa), Gülalı (Gül və Alı sözlərindən yaranmışdır), Gülbaxış (Hə­diy­yə olunmuş gül), Gül­hey­bət (Qorxulu gül, hör­mət­li, izzətli gül), Gülmərdan (Gül kimi kişi), Gül­mə­şə­kər (Gül mürəbbəsi, şəkərli gül), Gülman (Gül kimi oğ­lan), Gülmurad (Gül kimi Murad), Gülümsər (gü­lüm­­səyən) və s.


İstər qadın, istərsə də kişi adlarında “gül” sözü ya­ratdığı adlara zəriflik, incəlik, məlahət, bir sözlə, gözəllik qatıbdır. “Gül” sözünün yaratdığı adlara qat­dı­ğı, verdiyi üstünlüklər onun sözyaratma (yəni ad­ya­rat­ma) imkanlarını genişləndirmişdir. Alınma olan hər sözün imkanı “gül” sözünün imkanı qədər deyil­dir. “Gül” sözünün mənası və dildə tam şəkildə özəl­ləş­məsi onun imkanlarını dilimizin zövqünün (məhz yük­sək zövqünün) tələblərinə uyğunlaşdırmışdır. Nə­ti­cədə dilimiz zövqünə uyğun olan “gül” sözünə ge­niş meydan vermiş, onu istəkli bir sözünə çevir­miş­dir. Yeri gəlmişkən, onu da qeyd edək ki, “gül” sözü ilə bağlı türk dilində də qadın və kişi adları vardır. Mə­sələn, Gül, Yazgülü, Gülşah, Gülşan, Güldalı, Gül­­danə, Gülizar, Kırgülü, Gülbəyaz və s. (qadın adları), Gülbəy (kişi adı). “Gül”lə bağlı bu adların türk uşaqlarına verilməsinin bəzi məqamlarına ay­dın­lıq gətirmək üçün Türkiyənin görkəmli ədəbiyyat tarixçisi, böyük fikir adamı Nihad Sami Banarlı belə bir sorğu aparır. Sorğuya görə, o, “gül” sözünün şəxs adlarında işlənməsinin incəliklərini açıqlayır. Buna görə də Nihad Sami Banarlı Güldalı adlı qadına sual verir ki, sizin oralarda (Anadoluda və onun ətrafında, köylərdə) gül bağçaları çoxdurmu? Yəqin çoxdur, siz çoxlu gül, çiçək yetişdirirsiniz, bu qəbildən olan ad­la­rı da istifadə edirsiniz, elə deyilmi? Güldalı isə ona cavab verir ki, bizim oralarda (Anadoluda və onun ətrafında, köylərdə) gül bağçası yoxdur və biz torpağı bağça kimi yox, tarla kimi əkib becəririk. Bu zaman Sami Banarlı Güldalıya deyir ki, onda bəlkə də bu qə­dər gül adlarını ona görə ad kimi qoyursunuz ki, “gül”ə həsrətsiniz və nəticədə “gül”ə həsrət duy­ğu­la­rı­nızı bu cür ifadə edirsiniz. Yenə də Güldalı cavab verir. O deyir ki, belə deyil, bizim həsrət duy­ğu­la­rı­mız başqadır. Bizim oralarda (Anadolu və onun ətra­fın­da, köylərdə) gülün Həzrəti Məhəmmədin rəmzi olduğuna inanırlar. Belə ki, müsəlman türkləri ara­sın­da XIV əsrdən bəri böyük sevgi və istəklə “gül” Həz­rəti Məhəmmədi təmsil edən simvollardan biridir. Ona görə də Anadoluda, onun ətrafında və köy­lərdə Məhəmməd Peyğəmbərə sevgi əlaməti ola­raq qadınlara, o cümlədən kişilərə “gül” sözünün iş­ti­ra­kı ilə yaranan adların verilməsi bir inam və inanc ol­muşdur. Bunu Məhəmməd Füzulinin “Su” qəsidəsi də təsdiq edir.

 

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək versə min gülzarə su.

 


Yeri gəlmişkən qeyd edək ki, Əhməd, Mahmud, Mux­tar adları Məhəmməd Peyğəmbərə işarə edən adlar ki­mi işlənmişdir. Bunu Məhəmməd Füzulinin “Su” qə­si­dəsi:

 

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,

İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su. 

 

Və “Gül” qəsidəsi:

 

Çak olub bulmuş səfa badi-səhərdən sanasan,

Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül. 

 

Eyni zamanda Molla Pənah Vaqifin “Bax” rə­dif­li qəzəli:

Vaqifa, göz yum cahanın baxma xubü ziştinə,

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!

 

bir daha təsdiq edir.


Məhəmməd Peyğəmbərin adının və özünün gö­zəl olmasını Yunis İmrənin “Adı gözəl, kəndi gözəl Mə­həmməd” şeiri təsdiq edir. Eyni zamanda bu şeir­də onun gözəlliyi simvollaşır. Necə ki, “gül” Mə­həm­məd Peyğəmbərin simvoludur, eləcə də gözəllik onun simvoludur. Beləliklə, gül və gözəllik Məhəm­məd Peyğəmbərin simvolu kimi yaşayır. Konkret olaraq Yunus İmrənin “Adı gözəl, kəndi gözəl Mə­həm­məd” şeirində isə Məhəmməd Peyğəmbərin adı­nın və özünün gözəlliyi vəsf olunur.

 

Canım qurban olsun sənin yoluna

Adı gözəl, kəndi gözəl Məhəmməd.

Şəfaət eylə sən kəmtər quluna

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Mömin olanların çoxdur cəfası

Axirətdə olur zövqi-səfası

On səkkiz min aləmin Mustafası

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Yeddi qay göyləri seyran eyliyən

Kürsünün üstündə çövlan eyliyən

Mirasında ümmətini diləyən

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Ol çarıyar onun göyçək yarıdır

Onu sevən günahlardan biridir

On səkkiz min aləmin sərvəridir

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Sən haq peyğəmbərsən şəksiz, gümansız,

Sənə uymayanlar gedər imansız,

Aşıq Yunus neylər dünyanı sənsiz

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Dil zövqünə uyğun olan anlayışları bildirən söz­lə­ri də bir tələbata çevirərək lüğət tərkibinə gətirir. Məsələn “su” anlayışı təmizliyin bir simvoludur. Ona gö­rə də bu anlayışı bildirən su sözü dilimizdə müx­tə­lif şəxs ad­la­rı­nın yaranmasında iştirak edib. Bundan başqa, bu an­la­yı­şı bildirən sözlər də mənşəyindən ası­lı olmayaraq şəxs ad­larının yaranmasında dilin özü tərəfindən qəbul olu­nub­dur. Məsələn, Abcənnət (Cən­nət suyu), Abhəyat (Hə­yat suyu), Alsu (gözəl, qə­şəng), Aysu (su kimi aydın ay. Ay və su sözündən iba­rətdir), Aysudə (suda əks olu­nan ay), Seyhun (aşıb-daşan, çoşan, indiki Amu­dər­ya ça­yının qədim adı), Damla (bir mayedən ayrılaraq dü­şən parça halında, kiçik miqdar, qətrə), Dəniz (dəniz, su, ay­dın­lıq), Dəryanur (nur dənizi, nur dəryası), El­də­niz, Elsu (ölkənin suyu, bərəkəti, bolluğu), Firat (şi­rin su, Tür­ki­yə­nin ən uzun çayı), Göygöl (səmavi ya­ğış), Göysel (səmavi yağış), Göysu (Türklərin yaşadığı bir çox axar suya verilən ad), Göysün (Minboğa dağ­la­rın­dan Elbis­ta­nın cənub qərbində Seyhan çayına qarı­şan çay), Gü­la­bi (gül suyu), Gülsu (gül rəngli su, təzə su) və s.

Dilləri bir-birinə yaxınlaşdıran, onlar arasında əla­qəni genişləndirən komponentlərdən biri də alın­ma sözlərdir. Bu mənada Azərbaycan dilinin lüğət tərkibində olan 20 mindən çox ərəb, 11 mindən çox fars mənşəli sözlər dilimizdə özəlləşdirilmişdir. Eyni zamanda bu qəbildən olan sözlər ərəb, fars dillərini doğma Azərbaycan dilinə yaxınlaşdırmışdır. İstənilən bir dil bu cür yaxınlaşma əsasında zənginləşməklə ya­naşı, bərkimiş, bütövləşmiş və tam bir sistem ya­rat­mışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub