Modern.az

İran ətrafinda baş verənlər Azərbaycan iqtisadiyyatına yaxşı şeylər vəd etmir

İran ətrafinda baş verənlər Azərbaycan iqtisadiyyatına yaxşı şeylər vəd etmir

22 Fevral 2012, 16:20

Vüqar Bayramov: “Region təhlükəli regiona çevrilə, investisiya imkanları məhdudlaşa bilər”

İran ətrafındakı gərginlik, eləcə də İran Azərbaycan münasibətlərinin gərginləşməsinə dair media xəbərləri iki dövlət arasındakı iqtisadi əlaqələrin  perespektivi ilə bağlı suallar yaradıb. Qeyd edək ki, Azərbaycanla İran arasında xarici ticarət dövriyyəsinin həcmi  243 milyon dollar təşkil edir.

İqtisadi  və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, İranla bağlı son proseslər regiona, eləcə də  Azərbaycan iqtisadiyyatına təsir edir:
“İran uzun müddət Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub. Xüsusilə kənd təsərüfatı məhsullarının idxalında İranın payı  yüksəkdir. Bütün bunları nəzərə alsaq İran ətrafında baş verənlər Azərbaycan iqtisadiyyatında birmənalı şəkildə təsir göstərir. Lakin bu təsirlər uzunmüddətli perespektiv üçün daha realdır”.

İxrac baxımından  Azərbaycan üçün İranın heç də böyük bazar olmadığını hesab edən iqtisadçı deyir ki, qonşu dövlət ətrafındakı siyası gərginlik heç də vacib  bazarın itirilməsi anlamına gəlməməlidir: “Bununla belə İrandan bir sıra qeyri neft məhsullarının  idxalı həyata keçirilir. Hazırkı gərginlik idxalı reallaşdıran şirkətlər üçün arzuolunan deyil”.

V.Bayramovun sözlərinə görə, son illər İranın Azərbaycan iqtisadiyyatındakı rolu azalmaqdadır: “Əgər 2006-cı ildə qeyri-neft sektoruna investisiya qoyuluşu 17,5 milyon dollar təşkil edibsə, ötən il  bu rəqəm 3,2 milyon dollara qədər azalıb. Yalnız son 5 ildə İranın Azərbaycanın qeyri neft sektoruna yatırdığı investisiyaların həcmi 5,5 dəfə azalıb. Ümumilikdə isə 1995-2010-cu illər arasında İran Azərbaycanın qeyri-neft sektoruna 93,3 mliyon ABŞ dolları investisiya qoyub. Bu da həmin dövrdə qoyulmuş investisiyaların cəmi 2%-ni təşkil edib”.

Ekspert qeyd edir ki, investisiya qoyluşlarında İranın payının az olması yaranmış gərginliyin Azərbaycanın neft sektoruna təsirlərini minimuma endirir: “Buna baxmayaraq qonşu ölkədəki gərginlik, eləcə də neft məhsullarının ixracatındakı çətinliklər dünyada neftin qiymətini artıracaq. Artıq neftin dünya bazar qiymətində artımlar müşahidə edilməkdədir. Son iki həftədə “qara qızıl”  7 faizə yaxın bahalaşıb. Beyənlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə İran neftinin dünya bazarına çıxarılmasında problemlər davam edərsə dünyada neftin  qiyməti hər barel üçün 150  dollardan aşağı olmayacaq.Düzdür, neftin dünya bazar qiymətinin qalxması neft ölkəsi kimi Azərbaycan üçün arzuolunan olsa da, uzunmüddətli perespektivlə bağlı bu,  müsbət hal deyil.Neftin qiymətində siyasi səbəbdən baş verən artımlar real sektorda böhran yaradır”.

Məlum olur ki,  İran problemi uzunmüddətli perespektivdə   real sektorda qlobal böhrana  yol aça bilər: ”Bu da Azərbaycanın bank, maliyyə sektorunda böhrana səbəb olacaq. Eyni zamanda növbəti mərhələdə neftin dünya bazar qiyməti kəskin azalacaq. Hansıki bu proses Azərbaycanın dövlət gəlirlərinə mənfi tədir edəcək. İran probleminin Azərbaycan iqtisadiyyatına psixoloji təsirlərinə gəlincə,  investisiyaların cəlb edilməsi baxımından  region təhlükəli regiona çevrilə , investisiya imkanları məhdudlaşa bilər. Xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən investorlar regiona investisiya yönəltməkdə maraqlı olmayacaqlar. Çünki bu halda regiondakı investisiyaların müəyyən siyasi yükü olacaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir