Modern.az

Abidə kitab

Abidə kitab

9 Oktyabr 2019, 16:29

Xeybər Göyyallı,
yazıçı-publisist


Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabına sözardı

 

Bu günlərdə paytaxt Bakıda keçirilən Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab sərgisində yazıçı-publisist Nəzirməmməd  Zöhrablının  “Gözlər yoldan yığılarmı....” kitabının  da təqdimat mərasimi oldu. Kitab Qarabağ döyüşlərində kəşfiyyatçı olmuş, 1993-cü ilin  dekabrında  kəşfiyyat xidmətini həyata keçirərkən itkin düşmüş Xəqani Əkbərovun ömür-gün və döyüş yolundan bəhs edir. Ömür-gün dedik, Xəqani nə yaşayıb ki... Cəmi 25 il. Amma bu qısa ömür-günü Xəqani öz igidliyi ilə yaddaşlara yazdı. İnsafən deyək ki, yazıçı- publisist Nəzirməmməd Zöhrablı itkin şəhidimizin ömür-gün yoluna həsr etdiyi bu kitabın hər sətrini ürək yanğısı, könül fəryadı, bir az da obrazlı desək, ürəyinin qanı ilə yazıb.


Səmimiyyətdən yaranmış ədəbi nümunə


Ondan başlayım ki, yazıçı-publisistin ədəbi-bədii uğurunun nüvəsində səmimiyyət dayanır.Yazıçının  bu səmimiyyəti elə əsərin adından  görünür: “Gözlər yoldan yığılarmı...” Yazıçının bu əsərdəki  diğər uğurları  da elə bu səmimiyyətdən su içir. Bütün əsər boyu  öz idealına - səmimiyyətinə sadiq qalan yazıçı kitaba  zamanın axarından - bu gündən başlayır. Əsərin mövzu və mündəricəsini qəlbində, beynində götür-qoy etmiş, bəsləyib-bişirmiş yazıçı qəhrəmanının – itkin-şəhidin doğma yurduna üz tutur. O, itkin-şəhidin doğulub  boya-başa çatdığı İsmayıllı rayonunun Gəraybəyli kəndinə hazırlıqlı - könlü-gözü dolu gedir. Əsər elə yazıçının bu səmimi hiss və duyğuları ilə başlayır: “Xəqaninin doğma yurdu Gəraybəyliyədir yolum”. Bu sözlər kitabın ilk  sərlövhəsi, birinci cümləsidir. Yazıçı  üzü  Gəraybəyliyə gedərkən duyub-düşündüyü, gördüyü hər nə varsa qəhrəmanı ilə, onun  nakam taleyi ilə ilgiləndirir. Keçib getdiyi Ağsu aşırımları, bu dolaylarda rastlaşdığı sıx, göz-gözü görməz edən sis-dumanla qəhrəmanın taleyi arasında paralellər aparır.Onu da deyək ki, bu müqayisə çox uyarlıdır. Bu səmimi duyğuların ardınca yazıçı oxucuları qəhrəmanı ilə tanış edir. Xəqani Eyvaz oğlu Əkbərov 1968-ci ildə İsmayıllı rayonunun Gəraybəyli kəndində anadan olub. Orta məktəbi doğma Gəraybəylisində bitirib. Sonra Bakı şəhərində, Sabunçu qəsəbəsində yaşayıb və işləyib. O, 1990-cı ildə Azərbaycan Neft- Kimya İnstitutunun (indiki  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft mexanikası fakültəsinə qəbul olunur.1993-cü ilin 10 noyabrında könüllü olaraq  Qarabağa - qızğın və şiddətli döyüşlərin getdiyi bir məkana – Ağdam bölgəsinə yollanır. Ürək, cəsarət və hünər tələb edən kəşfiyyat bölüyündə xidmət edir. Xəqani həmişə döyüşlərdən əvvəl  yoldaşları ilə birlikdə düşmənin cəmləşdiyi ərazilərə keçib kəşfiyyat məlumatları toplayıb. 1993-cü il dekabr ayının sonlarında Ağdam rayonunun Boyəhmədli kəndi istiqamətində gedən qanlı döyüşlərdə itkin düşür. Yazıçı-publisist N.Zöhrablı əsərin qəhrəmanının – itkin-şəhidin itkin düşməsinə özəl bir yanaşma sərgiləyib. Yazıçı itkinlik məsələsinə  tarixin və bu günün analogiyasından yanaşır. Müəllif çox haqlı olaraq, bəşər tarixinin ən qanlı və ən dəhşətli müharibələrindən sayılan İkinci Dünya Müharibəsində itkin və girov düşənlər barədə qarşı tərəfin bütün məlumatları verdiyini diqqətlərə çatdırır.Yazıçının bu yanaşması bu gün qəsbkar erməniləri açıq-aşkar müdafiə edən dünyanın böyük güclərinə çox özəl bir xatırlatma, mesajdır. Budur, özünü dünyaya yazıq və genosidə məruz qalmış bir xalq kimi sırıyan ermənilərin ədaləti! Budur,  hər addımda məkrli və riyakar erməniləri açıq-aşkar  müdafiə edən dünya güclərinin humanizmi! Bu gün erməni əsirliyində yüzlərlə azərbaycanlı girov  məşəqqətini yaşamaqda, bütün dünyada nümayəndəliyi olan Beynəlxalq Qızıl Xaç  Komitəsi isə həmişəki işindədir... Qloballaşan dünyamızda və inteqrasiyanın bu dönəmində itkin düşən, girov saxlanılan insanlardan  heç  bir xəbər  verilmir. Bəlkəsiz  deyək ki, nədəni (səbəbi) din təəssübkeşliyidir. Bu da özlüyündə nadanlıq və çağdaş barbarlıqdan özgə bir şey deyildir. Ancaq bu din təəssübkeşləri özlərinə sərf  edəndə lap yüksək tribunalardan qışqırırlar: hamımız Adəm övladıyıq.


Məzar təsəllidir...


Mən itkinlik  məsələsinə  təsadüfən belə sərt münasibət bildirmirəm. Bu məqamda bir daha vurğulayıram ki, yazıçı-publisist N.Zöhrablı da, çox doğru olaraq, itkinlik məsələsinə xüsusi diqqət yetirmişdir. Əsərin adından tutmuş son cümləsinə kimi itkinlik daim bir not olaraq vurulur. Xalqımızın inamında, inancında, dünyagörüşündə bir məzar anlayışı var. Məzar nişanə, məzar təsəllidir. Məzar inam, inanc, ziyarət yeridir. Məzar dünyasını dəyişənlərlə onu yad edənlərin “görüşdüyü”, “kəlmələşdiyi” bir məkandır. Bir də xalqımızın belə bir inamı var. Cənazə torpağa tapşırılanda insanlar xeyli sakitləşirlər. Belə məqamda deyirlər ki, torpağın üzü soyuqdur. Bəli, torpaq fizioloji və psixoloji mənada bir soyuqluq - sakitlik gətirir. Elə bu səbəbdəndir ki, Xəqaninin anasının canında od-alov yanır, oğul itkisi ilə qovrulur, hələ də sakitləşə bilmir. Telli ananın gözləri yollardan yığılmır. Əlləri göylərdə, gözləri yollardadır. Bir qədər irəlidə qeyd etdim ki, bu əsərdə yazıçı uğuru səmimiyyətin üzərində boy atıb. Müəllifin  təhkiyəsi də olduqca səmimidir. N.Zöhrablı müsahiblərinin danışdığı olay və əhvalatları məqamında işlədir və dəyərləndirir. Elə bu səbəbdəndir ki, həmin olay və əhvalatları həyəcansız oxumaq olmur.Çünki müəllif  eşitdiyi və dinlədiyi olaylara soyuqqanlı yanaşmayıb, daha doğrusu , soyuqqanlı qala  bilməyib. Yazıçı,  itkin şəhidin anası Telli ananın yaşantılarını – ağrı-acısını ustalıqla qələmə almışdır: “...Birdən görürdüm ki, qar yağıb. Evdəkiləri yuxuya verib düşürdüm həyətə. Deyirdim  Xaqan  qarda ölüb, görəsən,  necə ölüb?! Gedib xəlvətcə otururdum, uzanırdım qarın üstündə, girirdim qarın içinə. Deyirdim qoy mən də balam kimi ölüm, buzlayım, donum qalım burda. Qar elə bil bir az  soyudurdu yanğılarımı... Birdən fikirləşirdim ki, bəlkə, heç ölməyib balam?! Evdəkilər duyuq düşürdülər...”

Bu məqamda ritorik səslənsə də (görünsə də), belə bir sual vermək istərdim: Yəqin, yer  üzündə övlad itirmiş  bütün analar bu  hissləri - bu ağrı-acıları yaşayırlar. Ona da inanıram ki, lap din təəssübkeşliyinə yoluxanlar da. Özləri demişkən, axı onlar da Adəm övladlarlarıdırlar. Amma digər məqamısa qətiyyən yaddan çıxarmağa qoymur müəllif. Telli xalanın bu iztirabları və “birdən fikirləşirdim ki, bəlkə heç ölməyib balam” ifadəsi hətta şəhidlikdən də fərqli olaraq itkinlik anlamının insan bədənində yaratdığı bitib-tükənməyən təlatümlü sızıltıların bir daha gündəmdə saxlanmasında əvəzsiz rol oynayır. Müəllif bununla Xəqani itkinliyinin buraxdığı silinməz izlərin çevrəsini ən yüksək səviyyədə cıza bilib.


Klassikadan bəhrələnmiş əsər – abidə kitab


Kitabda diqqətləri çəkən maarifçi əlamətlərdən biri də sənədli-povest boyu dünya və Azərbaycan ədəbiyyatından klassik nümunələrin hadisələrin inkişafına nəzərən yerli-yerində istifadə edilməsidir. Məhəmməd Füzuli, Fenimor Kuper, Jül Vern, Qabriel Qarsia Markes, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Musa Yaqub, Şirməmməd Hüseynov, Sabir Rüstəmxanlı, Nahid Hacızadə, Əlibala Hacızadə, Nüsrət Kəsəmənli və başqalarından gətirilən iqtibaslar bu əsərin qiymətini bir qədər də yüksəkliklərə qaldırır və onu dəyərli bir tarixi nümunəyə çevirir.

Kitabda yer almış 24 səhifəlik foto-blok isə “danışan şəkillər”lə müşayiət olunur. Əslində, bu şəkillərin də hərəsi bir yazıya bərabərdir. Onlarda nələr ehtiva olunmayıb ki... Kitabın üz qabığının sonuncu səhifəsində verilən “gözləri qarşısındakı siluetə zillənmiş yollara baxan ana” bədii-görüntüsü də çox qiymətli bir epizod kimi kitabın əhəmiyyətini, eyni zamanda Xəqaninin qayıdacağına doğru öləziməyən ümid işartısını heyrətamiz şəkildə canlandırır.  

Nəzirməmməd kitabın adının orfoqrafik yazılışında da bir ilkə imza atmışdır. Kitabın adına bir daha diqqət edək: “Gözlər yoldan yığılarmı...”
Göründüyü kimi, bu bir sual cümləsidir, burada açıq formada bir  sual vardır. Dil faktı kim sual ədatı (mı) da işlənilib. Ancaq müəllif  bilərəkdən sual işarəsi yox, üç nöqtənin  qoyulmasını məsləhət bilib... Azərbaycan analarının gözləri yollardadır. Qarabağ yollarında. Bu gözlər yalnız Qarabağ torpaqlarına bizlər qayıdandan  sonra  yollardan yığılacaqdır.

Kitab özü bir abidədir. Özü də elə bir abidə ki, silinməz, pozulmaz. Onun üzərindən nə qədər ruzgarlar ötüb keçsə də, özünü-sözünü qoruyub saxlayacaqdır.  Yazıçı-publisist N.Zöhrablının “Gözlər yoldan yığılarmı....” kitabı itkin şəhidimiz  Xəqani Əkbərova ucaldılmış ən dəyərli abidədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir