Modern.az

BDU-da alman alimi Heiko Krügerin Dağlıq Qarabağ konfliktinə dair kitabı təqdim olunub

BDU-da alman alimi Heiko Krügerin Dağlıq Qarabağ konfliktinə dair kitabı təqdim olunub

23 Fevral 2012, 14:52

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
Tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na  keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırır, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən müxtəlif addımlar atılır. Rektor alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabına da toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən fərqli olaraq, tarixi hadisələrə daha obyektiv yanaşırlar ki, təqdimatı edilən kitab buna nümunədir.

Sonra Tarix fakültəsinin dosenti Boran Əzizin “Xocalı - XX əsrin faciəsi”, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Heiko Krüger və onun Dağlıq Qarabağ münaqişəsi haqqında hüquqi araşdırmaları” mövzusunda məruzələri dinlənilib. Ə.Əliyevin çıxışından məlum olub ki, müəllif apardığı araşdırmalar və topladığı faktlara əsaslanaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu sübut edir və bu həqiqətin nə sovet, nə də beynəlxalq hüquq normaları çərçivəsində şübhə altına alına bilməyəcəyi qənaətinə gəlir. Qeyd edir ki, bu bölgənin və ətrafındakı başqa 7 rayonun işğalı birbaşa Ermənistanın hərbi müdaxiləsi, siyasi və iqtisadi dəstəyi nəticəsində həyata keçirilmişdir. Özünü de-fakto müstəqil dövlət elan edən Dağlıq Qarabağ tamamilə Ermənistandan asılı vəziyyətdir. Bu o deməkdir ki, Dağlıq Qarabağ müstəqil bir dövlət kimi özünü təqdim edə bilməz. Bu durum Azərbaycana münaqişənin həlli üçün Azərbaycanın bütünlüyü prinsipini əsas götürmək imkanını verir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ statusunun danışıqlar nəticəsində müəyyən ediləcəyini qeyd edirlər, beynəlxalq hüquq sübut edir ki, bu status Azərbaycanın tərkibində müəyyən edilməlidir.

 Tədbirin sonunda Türkiyə səfirliyinin nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər Əhmədovanın çıxışları olub.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!