Modern.az

Qənirə Paşayeva Türkiyə mətbuatına Xocalı soyqırımından danışıb

Qənirə Paşayeva Türkiyə mətbuatına Xocalı soyqırımından danışıb

23 Fevral 2012, 18:10


Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və  Türk Ocaqları İzmir şöbəsi tərəfindən  Selahattin Çiçek Kültür Mərkəzində “Türkiyə-Azərbaycan əlaqələri və Xocalı soyqırımı” adlı konfrans keçirilib.
Konfransda iştirak edən Azərbaycanın İstanbuldakı baş konsolu Həsən Zeynalov Xocalı Soyqırımı ilə bağlı çıxış edib və  Fransa Parlamenti tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanununu tənqid edib:
“Türkiyə dövlətini erməni soyqırımını etməkdə günahlandıranlar, təəssüflər olsun ki, ermənilərin dünən Anadoluda, bu gündə Azərbaycanda etdiklərini görməzdən gəlməkdədirlər”.

Konfransda iştirak edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımının sadəcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı bir cinayət olduğunu bildirib.

“Xocalıda günahsız körpələri, uşaqları və qadınları qətlə yetirən ermənilər bununla qürur da duyurlar. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Xocalı Soyqırımı – təkcə sənin, mənim, onun, bunun deyil, bütün  Türk millətinin problemidir”.

Qənirə Paşayeva fevralın 26-da saat 14-də İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsi  “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq”  mitinqində iştirak etməyə cağırıb. 
Konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Sinan Oğan və Ali Özgündüz  də Xocalı Soyqırımı ilə bağlı geniş çıxış ediblər. 

Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavanşir Vəliyev də iştirak edib.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzetində, TRT kanalında və “İhlas” Xəbər  Agentliyində Qənirə Paşayevanın Xocalı Soyqırımı ilə bağlı fikirləri yayımlanıb.

“Hürriyet” qəzetinin “Anlatırkən ağladı” başlıqlı yazısında qeyd edilir: 

Xocalı soyqırımının  yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan  Qənirə Paşayeva bunları söylədi: “Soyqırımı edənlər ədalət qarşısında hesab verməlidir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir.  Xocalı Soyqırmını anlatmaq üçün konfranslar təşkil edirik. Ermənistan Azərbaycanın  20%  torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Biz də bunu dünyanın müxtəlif ölkələrində izah edirik. Meksika parlamenti və Pakistan senatının Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq üçün qərarlar qəbul etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu başqa ölkələrin də gündəminə gəlməlidir. İnanırıq ki, yaxın zamanda Xocalı Soyqırımını tanıyan ölkələrin sayı artacaq”.

Türkiyənin TRT kanalında və “İhlas” Haber Agentliyi ilə yanaşı millət vəkili Türkiyənin bir sıra KİV-lərində də çıxışlar edərək Xocalı Soyqırımı, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, böyük güclərin bunun arxasında dayanan maraqları, ermənilərin və Ermənistanın törətdiyi soyqırımlar barədə ətraflı məlumatlar verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir