Modern.az

Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR

Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR

Parlament

15 Oktyabr 2019, 14:34

NATO PA-nın növbəti 65-ci payız sessiyası Birləşmiş Kralığın paytaxtı Londonda keçirilib.

NATO PA-da  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Milli Məclis Aparatının Beynəlxalq şöbəsinin əməkdaşı iştirak edib.

Modern.az-ın məlumatına görə, Azərbaycan  nümayəndə heyətinin üzvü  Məlahət İbrahimqızı deyib ki, NATO PA-nın ümumi qaydalarına görə sessiyanın gündəliyində olan mövzular öncədən təsdiq olunduqdan sonra paylanır:


“Sözsüz ki, hər zaman olduğu kimi ermənipərəst qüvvələr tərəfindən bu sessiyada da Azərbaycan üçün gözlənilməz sürprizlərin ola biləcəyinə hazır idik. Eyni zamanda bu gün dünya mətbuatının gündəmində olan qardaş Türkiyənin terrora qarşı başladığı  “Barış pınarı” hərəkatına qarşı qərəzli mövqelərin,anti-türk əhvalının ola biləcəyini düşünürdük. Gözlədiyimiz kimi də oldu... Belə ki, elə iclasın başlamasını bildirən kimi Türkiyənin Suriya ərazisində həyata keçirməyə başladığı hərbi əməliyyatın da müzakirə olunacağı elan edildi. Ümumiyyətlə, prosedura  görə, öncə gündəlikdə olan məsələlər  müzakirə olunmalı idi, Sessiyada qəbul olunacaq Qətnamə layihəsi üçün öncə hesabat müzakirə edildi. Bu sessiyada komitə iclasında müzakirəyə təqdim edilən elə ilk hesabatda ölkəmizlə bağlı bəzi qərəzli yanaşmalar var idi”.


Məlahət İbrahimqızı bildirib ki,  bir neçə dəfə söz alaraq çıxış edib:


“Bu cür qərəzli yanaşmaların və əsası olmayan “faktların” Qətnamə layihəsinə salınmasının yolverilməz olduğunu bildirdim. Prosedura görə,  NATO PA-nın qəbul etdiyi sənədlər, eləcə də Qətnamələr öncə müvafiq komitələrdə, sonra isə ümumi plenar iclasda müzakirə olunaraq qəbul edilir. Yəni komitələrdə qəbul edildikdən sonra plenar iclasda qəbul edilir. Mənim çıxışım və təkliflərim komitənin iclasında iştirak edənlər  və məruzəçi tərəfindən nəzərə alındı. Qeyd etdiyim kimi, hesabatdakı əsassız “faktlar” Qətnamə layihəsinə salınmadan komitə iclasında səsvermə yolu ilə qəbul olundu və təsdiq üçün plenar iclasa tövsiyə edildi. Komitə iclasında bu layihə çox ətraflı müzakirə olunduğu üçün plenar iclasda müzakirə çox uzun çəkmədi və qəbul edildi. Beləliklə Azərbaycana qarşı növbəti ədalətsiz və ikili standartın qarşısı alındı”.


Xanım parlamentarinin sözlərinə görə, NATO PA-nıin builki payız sessiyasının iclasında gözlənilmədən Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın müzakirə olunacağı elan edilmişdi:


“Yəni artıq neçə illərdir ki, NATO üzvü olan Türkiyə qlobal terrora qarşı təkbaşına mücadilə edir. Türkiyə Yaxın Şərqdən gələn 5 milyona yaxın qaçqına qucaq açıb. Avropanın yükünü azaldıb.  Əslində NATO-nun nizamnaməsində  qeyd edilir ki, üzv ölkənin biri təhlükə ilə üzləşirsə, digər üzv ölkələr də ona dəstək verməlidir. Amma çox təəssüf ki, tam əksi olan  bir mənzərənin şahidi oluruq. Əlbəttə, belə müzakirələrdə hər zaman Türkiyənin yanındayıq. Təsəvvür edin ki, müzakirələrdə bəzi çıxış edənlər Türkiyə tərəfindən həyata keçirilən antiterror əməliyyatına hətta “işğal əməliyyatı” adı verməyə çalışırdı. Yəni bu qədər ədalətsizlik... NATO-nun qurucu dövlətlərindən  olan qardaş Türkiyə indi öz ölkəsini, ərazi bütövlüyünü, əhalisini dövlətini müdafiə edir, üzvü olduğu təşkilat isə ikili standartlarla münasibət bildirir”.


Azərbaycan nümayəndə heyətinin üzvü qeyd edib ki,  bu müzakirələrdə həm Qüdrət Həsənquliyev, həm də o çıxış edərək, qardaş Türkiyənin haqlı olduğunu bildirib, onun haqq işini müdafiə ediblər:


“Bilirsiz,  son illər beynəlxalq təşkilatlar açıq-aşkar riyakarlıq edirlər. Bu müzakirədə də bəzilərinin antiTürkiyə, qara propaqanda motivli çıxışlarına qarşı biz də etiraz etdik. Türkiyənin həm öz milli qanunvericilikləri və həm də beynəlxaq qanunvericilik çərçivəsində, xüsusilə də  BMT və Avropa strukturlarının qəbul etdikləri rəsmi hüquqi sənədlərə görə tam haqlı olduğunu xatırlatdıq. Mən çıxışımda qeyd etdim ki, Azərbaycan da uzun illərdir ki, işğaldan və erməni terrorundan əziyyət çəkir, 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqındır. Bütün beyməlxalq təşkilatlar susqunluq nümayiş etdirir. BMT və Avropa strukturları Ermənistanı işğalçı tanıyan sənədlər qəbul etsə də ölkəmizə olan ikili standartlara görə işğal hələ də davam edir. Çıxışımın sonunda dedim ki, ümid edirik ki, NATO PA növbəti bir iclasında da Ermənistanın işğalçılıq siyasətini pisləyəcək və  müzakirələrdə işğalçıya “Azərbaycan torpaqlarını tərk edin!” deyəcək. 

Bilirsiz, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev də beynəlxalq təşkilatların məsuliyyətsizliyini, ikili standartlarla yanaşmasını çox ciddi və qətiyyətlə tənqid edir. Bu yaxınlarda Soçidə Valday Klubunun XVI iclasında da belə  fikirlər səsləndirdi.  

Necə ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. 

BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqan olduğu halda 25 ildən çox müddətdə onun qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda biz  həmin təşkilatın səmərəliliyi haqqında necə danışa bilərik. Beynəlxalq təşkilatlar bəzən bu qətnamələri bir neçə gün ərzində yerinə yetirirlər, ona görə də  müəyyən hərbi əməliyyatların həyata keçirilməsinə heç ehtiyac da qalmır. Çox təəssüf ki, Qarabağın işğalı ilə bağlı məsələdə  qətnamələr kağız üzərində qalır. Hansı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir