Modern.az

Deputatlar Nazarbayevin “Türk dövlətləri” təklifini dəstəklədilər: “Doğrudur”

Deputatlar Nazarbayevin “Türk dövlətləri” təklifini dəstəklədilər: “Doğrudur”

15 Oktyabr 2019, 14:52

Qazaxıstan Respublikasının birinci Prezidenti-elbaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Bakıda Prezident İlham Əliyevlə görüş zamanı bir sıra təkliflər irəli sürüb. Belə ki, N. Nazarbayev “türkdilli ölkələr” ifadəsinin düzəldilməsinə ehtiyac olduğunu bildirib.

 

“Artıq “türkdilli ölkələr” sözlərinin nəsə başqa bir formasına, “türk dövlətləri”nə keçmək haqqında düşünmək lazımdır”, - deyə fəxri sədr bildirib.

 

Nazarbayevin irəli sürdüyü təklifələ bağlı Azərbaycam Milli Məclisinin deputatları öz fikirlərini Modern.az-la bölüşüblər.

 

Deputat Fəzail Ağamalı Nazarbayevin təklifini dəstəklədiyini deyib:

““Türk dövlətləri” ifadəsi daha məntiqəuyğundur. Mən də belə düşünürəm ki, bu ifadə işlənməlidir. Qeyri-rəsmi olsa da “türk dövlətləri” ifadəsi mətbuatda az da olsa işlənirdi. Doğurdan da, “Türkdilli ölkələr” ifadəsində “dil” ifadəsinə gərək yoxdur. Nazarbayev tamamilə düzgün vurğulayıb ki, ifadə dəyişib “Türk dövlətləri” olmalıdır. “Türk dövlətləri” anlayışı daha doğrudur, çünki Türk Şurasına daxil olan dövlətlər BMT-də və dünya miqyasında dövlət statusu daşıyırlar. Ola bilsin ki, bugünkü Zirvə Görüşündə bu məsələ də öz həllini tapacaq”.

 

Deputat Musa Qasımlı  bildirib ki, türk dünyasının ağsaqqalı, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təklifi tamamilə doğrudur:

 

“Bu təklif həm tarixi gerçəklikləri, həm də müasir reallıqları əks etdirir. Bu gün Türk Şurasında iştirak edən ölkələrin xalqlarının soykökü eynidir. Onların hamısı türksoyludurlar. Həqiqətən də “türkdilli ölkələr” ifadəsi yerinə “türk dövlətləri” ifadəsi işlətmək daha doğrudur. Bu həm tarixi keçmişi düzgün əks etdirir, həm də müasir vəziyyəti. Hesab edirəm ki, “türkdilli ölkələr” ifadəsinin “türk dövlətləri” ifadəsi ilə əvəz edilməsi zamanı gəlib çatıb”.

 

Deputat Fazil Mustafa isə bildirib ki, Nazarbayevin bu təklifi özü tərəfindən çoxdan irəli sürülüb.

 

“Biz on illərdir ki, bu təklifi irəli sürmüşük, amma gərək kimsə Qazaxıstandan gələ ki, təklif qəbul edilsin. Əlbəttə, məntiqli təklifdir. Mən dəfələrlə qeyd etmişəm ki, “türkdilli” və “türk”, “rus dilli” və “rus”  ayrı-ayrı mənaları daşıyır. Kimsə rus dilində danışa bilər, amma bu o demək deyil ki, o, rusdur. Burda da söhbət dildən deyil, kökdən gedir. Ona görə də “türkdilli” əvəzinə “türk” ifadəsi düzgündür. Elə türk ola bilər ki, türk dilində danışa bilməsin, amma onun soykökü türkdür axı. Bu yanaşmanı mən də doğru hesab edirəm”, - deyə F.Mustafa bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı