Modern.az

Təhsil nazirinin müavini: “4000-dən çox şagird sinifdə saxlanılıb”

Təhsil nazirinin müavini: “4000-dən çox şagird sinifdə saxlanılıb”

15 Oktyabr 2019, 15:50

"Müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük".


Modern.az
 xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır: "Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

Bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizinin məktəbəhazırlıq təhsilinə cəlb olunduğunu xatırladan M.Vəliyeva bildirib ki, bu kifayət qədər yaxşı göstəricidir:

"Hər bir məktəbəhazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir. Bu uşaqlara kimlər dərs deyəcək, onlarla fəaliyyətdə hansı prioritetlər əsas olacaq, məktəb valideyni necə maarifləndirəcək kimi sualların cavabını müəllim verə bilməz. Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır. Məktəbəhazırlıq təhsilinin vacibliyini bu qədər qeyd etdiyimiz üçün yaxşı olardı ki, Bakı məktəblərinin heç olmasa bir neçəsi özünün bu qabaqcıl təcrübəsini ortaya qoyardı".


Nazir müavini deyib ki, ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb.

 
Nazir müavini qeyd edib ki, onları maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəblərinə heç vaxt bəraət qazandırmaq olmaz. Daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır. Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nolur?".

 

M.Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi: "Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi. Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Çünki ola bilər elə hal olsun ki, məktəb rəhbərliyi məcbur olub şagirdi sinifdə saxlasın. Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagird ikinci ilə qalanda 99 % halda məktəbə gəlmir, ya da ümumiyyətlə təhsilə marağı olmur. Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb onu müsbətə doğru dəyişəcəksə, bu, onda başqa məsələ olar. Təhsil standartları onsuz da ən minimum həddi müəyyənləşdirib və normal təfəkkürə malik hər bir uşaq bunu mənimsəyə bilər. Buna görə də bu məsələni nəzarətə götürmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər