Modern.az

Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ

Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ

17 Oktyabr 2019, 00:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Modern.az xəbər verir ki, müşavirdə aparılan müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.

Maliyyə naziri Samir Şərifov deyib:

- Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.

2020-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa uyğun olaraq hazırlanıb və büdcə hesablamaları aparılarkən 2019-cu ildə artıq tətbiq olunan büdcə qaydasına istinad olunmuşdur. Büdcə layihəsinin hazırlanması zamanı Maliyyə Sabitliyi Şurasında bir neçə dəfə bu məsələyə baxılmış və Şuranın yekdil fikrinə görə büdcədə bir sıra əsas parametrlər üzrə razılıq əldə edilmişdir. O cümlədən büdcəmiz üçün, büdcə daxilolmaları üçün mühüm əhəmiyyətə malik olan neftin qiyməti ilə bağlı xeyli müzakirələr aparılmış və neftin 55 dollar/barrel qiyməti üzərində dayanılmışdır. Bunun əsasında isə büdcə qaydasına uyğun olaraq xalis maliyyə aktivlərinin dəyəri və eyni zamanda, icmal büdcənin yuxarı həddi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir, Maliyyə Sabitliyi Şurasında baxılan məsələlərdən biri də o idi ki, orta və uzunmüddətli dövr üçün büdcə qaydasında bəzi məqamlar mövcuddur ki, onlar bizim xərclərimizin ahəngdar həyata keçirilməsi üçün müəyyən çağırışlar yaradır. Şübhəsiz ki, biz bunları nəzərdə keçirməliyik. O cümlədən vacib məsələlərdən biri də inflyasiya səviyyəsinin tam nəzərə alınmasıdır və onun dövlət büdcə hesablamalarında əks etdirilməsidir.

Möhtərəm cənab Prezident, bildiyiniz kimi, büdcə qaydasına uyğun olaraq, növbəti ilin icmal büdcə xərcləri əvvəlki ilin xalis maliyyə aktivləri əsasında formalaşır. Eyni zamanda, burada digər vacib göstəricilərdən biri də ondan ibarətdir ki, növbəti ilin icmal büdcəsinin yuxarı xərcləri əvvəlki ilin icmal büdcəsinin yuxarı xərclərinin 103 faizindən yuxarı olmamalıdır. Hazırda təklif olunur ki, həmin göstəriciyə biz inflyasiya prizması baxımından yanaşaq və beləliklə, inflyasiya meyilləri nəzərə alınmalıdır, yəni, real artımdan söhbət gedə bilər.


Prezident İlham Əliyev:
 Bəli, düzdür.


Maliyyə naziri Samir Şərifov
: Bununla əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alınmış, həmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bu proqnoz nəzərə alınmaqla biz icmal büdcənin yuxarı həddinə yenidən baxmışıq və artıq müəyyən hədəf nəzərdə tutulur.


Prezident İlham Əliyev:
 Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?


İqtisadiyyat naziri Şahin Mustafayev:
 Bəli, cənab Prezident, əsasən doğruldur.


Prezident İlham Əliyev:
 Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq.


Nazir Şahin Mustafayev:
 Beynəlxalq praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər sonradan nəzərə alınır və hər üç aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən düzəliş etmişik və bu gün artıq gələn il üçün proqnoz 3 faizdir.


Prezident İlham Əliyev:
 Artım?


Nazir Şahin Mustafayev:
 Bəli, 3 faiz görürük. Qeyri-neft sektoru üzrə 3,8 faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır. Yəni, proqnoza müxtəlif amillər təsir edir.


Prezident İlham Əliyev:
 Əlbəttə, investisiya proqramı da burada önəmli rol oynayır.


Nazir Şahin Mustafayev:
 Bəli, bu, birbaşa təsir edən amillərdən biridir və digər amillər də var. Biz üç aydan bir düzəliş veririk.


Prezident İlham Əliyev
: Amma biz çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?


Nazir Şahin Mustafayev:
 Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.


Prezident İlham Əliyev:
 Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.


Nazir Şahin Mustafayev:
 Cənab Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim. Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir.


Prezident İlham Əliyev:
 Düz deyirsiniz, bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı.


Nazir Samir Şərifov:
 Cənab Prezident, bu inflyasiyanın bizim büdcə qaydasında nəzərə alınması üçün Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Yəni, dəyişiklik ondan ibarətdir ki, inflyasiya nəzərə alınmalıdır.


Prezident İlham Əliyev
: Bunu gərək əvvəlcədən edərdiniz.


Nazir Samir Şərifov:
 Birinci ildir cənab Prezident. Ola bilsin, lazım idi ki, biz bunların hamısını sınayaq. Biz prinsipcə onun üzərində çalışırıq.


Prezident İlham Əliyev:
 Belə olan halda artım daha da böyük olacaq. Neçə faiz?


Nazir Samir Şərifov:
 Belə olan halda, cənab Prezident, bizdə 28,1 milyard manat məbləğində icmal büdcənin yuxarı xərcləri formalaşmışdır. Dövlət büdcəsinin xərcləri müvafiq olaraq 25,6 milyard manatdır.


Prezident İlham Əliyev:
 Yəni, bu ilin büdcəsindən neçə faiz artıb?


Nazir Samir Şərifov:
 İndi biz artırandan sonra artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin.


Maliyyə naziri Samir Şərifov bildirib ki, cari ildə dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib. Nəticədə büdcədə müəyyən struktur dəyişikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb. İnvestisiya xərclərinin ümumi daxili məhsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti nəzərə alınaraq onu əvvəlki səviyyələrə çatdırmaq üçün tədbirlər görülür.


Maliyyə naziri onu da vurğulayıb ki, görülən tədbirlər nəticəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir. Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasını təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət büdcəsinin maliyyələşdirilməsinin təmin olunacağını vurğuladı. Prezidentin sosial sahə ilə bağlı tapşırıqlarının dövlət büdcəsi layihəsində öz əksini tapdığını deyən Maliyyə naziri ölkədə iqtisadi sabitliyin təmin edilməsi üçün Mərkəzi Bankla çox sıx tədbirlərin əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı.


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin optimallaşdırılması istiqamətində görülən işlərdən danışdı. Nazir Fondun büdcəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldığını, bunun cari ilə nisbətən 16,9 faiz çox olduğunu dedi, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğuladı. Ümumi sosial sığorta yığımlarında 22,5 faiz artımın olduğunu bildirən nazir Fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını vurğulayıb.


Transfertin məbləğinin cari illə müqayisədə 81 milyon manat artacağını qeyd edən Sahil Babayev deyib:


-Transfertin məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə, artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma deməkdir. Bu da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin təmin edilməsi baxımından çox önəmli amildir. Əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaqdır. Yəni, ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində olacaqdır. Ümumi artımın 16,6 faiz olacağı gözlənilir. 651 milyon 700 min manat məbləğində artım gözlənilir. Bu 651 milyon 700 min manatın 475 milyon manatı məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən əməkhaqqı artımları nəticəsində ölkədə orta əməkhaqqının artmasının nəticəsi olacaqdır. Beləliklə, indeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaqdır və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır. Eyni zamanda, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcəkdir.


Nazir bildirib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb. Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb. Nazir qeyd etdi ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır. Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək.


Sahil Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirib. Qeyd edib ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.


Dövlət Sosial Müdafiə Fondunun xərclərinin strukturunun optimallaşdırılması üzrə görülən işlərdən danışan nazir deyib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım 30 faizdən çoxdur. Bu məbləğin 111 milyon 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarına yönəldiləcək. Qeyri-büdcə təşkilatlarının sayı artıq 68 faizə çatıb ki, büdcə təşkilatlarından toplanan payın ümumi gəlirlərdəki payı daha da aşağı düşüb. Eyni zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.


Çıxışını davam etdirən Sahil Babayev deyib:


- Xərclərimiz 128 milyon 200 min manat məbləğində nəzərdə tutulur və bunun ana xəttini Sizin tapşırığınıza müvafiq olaraq İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi təşkil edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.


Prezident İlham Əliyev: Dünya Bankı da bu layihəyə qoşulur. Onların da vəsaitini nəzərə alsaq bu rəqəm daha da artacaqdır.


Nazir Sahil Babayev: Bəli, cənab Prezident, Sizin tapşırığınızla Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə biz ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Cari ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq. Haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək.


Prezident İlham Əliyev: BMT İnkişaf Proqramının maliyyə təminatını biz öz üzərimizə götürmüşük, elədirmi?


Nazir Sahil Babayev:
 Bəli, cənab Prezident.


Prezident İlham Əliyev:
 Sadəcə, onlar məsləhətçi qismində çıxış edirlər.


Nazir Sahil Babayev:
 Bəli, layihənin icrasına nəzarəti təmin edirlər. Bizim üçün də çox gözəl təcrübədir ki, ən müsbət beynəlxalq təcrübəni gətirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik.

Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlərimizdən əlavə iki peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulmuşdur.

Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur. Cari ildə əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü