Modern.az

“Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ

“Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ

17 Oktyabr 2019, 08:42

Aida Eyvazlı Göytürk


əvvəli burada...

                            
205 min insanın  iştirak etdiyi İsıax bayramı...


...Artıq gün-günortanın yerinə gəlmişdi.  Yeri gəlmişkən onu da deyim ki,  Isıax bayramına təkcə dünyanın hər yerdində yaşayan saxalılar deyil,  həm də xarici qonaqlar qatılmışdılar. Rəsmi qonaqlar  siyahısında Koreya Xalq Respublikasının baş naziri,  Rusiya Federasiyası Prezidentinin səlahiyyətli  nümayəndəsi Qriqoriy Kuranov, Şimali-Şərqi Asiya ölkələri üzrə Regional Assosiasiyanın baş katibi Ok Çxe, almaniyadan olan qonaqlar da vardır. Isıax Tuymadının keçirilməsi üçün Üs Xatında 23 meydançada türk xalqlarına məxsus müxtəlif növ  idman yarışları—ox atma, at çapma, qol yarışı, milli yarışlar keçirilir. Bu yarışlardan 17-si milli, 7-si idman yarışlarıdır. Buraya gələn qonaqlar həm də müxtəlif sərgilərlə tanış olurlar, iki gün ərzində burada 56 konsert proqramına tamaşa etmək mümkün  olacaq. Tədbirin sonunda biləcəyik ki, bu ilki bayramda 205 min insan iştirak edib. Ölkə hüdudlarından bayramı izləməyə 900 qonaq gəlib.

Əliş Məmmədov bizi Saxa Parlamentinin qurduğu çadıra aparır. Baxmayaraq ki, bizi Saxa prezidentinin də çadırında gözləyirlər, ağsaqqal belə məsləhət görür ki, o öz  həmkarları ilə birlikdə oturçaqdır. Parlament çadırının  qarşısında  spiker  Pyotr Qoqolyev  , çoronu alqış deyən ağsaqqalın əlindən alıb, ətrafa  səpələyir. Bundan sonra hamılıqla əl-ələ verib, Osuoxay rəqsinə qoşuluruq. Burada böyükdən kiçiyə, hamı öz milli paltarını geyinib, prezident də, Milli Məclisin sədri də, daxili işlər naziri də, bütün deputatlar da... Onları necə tanıdıq? Əliş müəllim Əkbər Qoşalını və məni  dövlət rəsmilərinin hər birinə təqdim etdikcə, xüsusi fəxarət və qürurla “Onlar “Qırmızı şaman” kitabını azərbaycan dilinə çeviriblər , Azərbaycandan gəliblər”- deyirdi. Xatirə şəkli çəkdirdikdən sonra, bizi də  yüksək mənsəbli qonaqlar oturan süfrəyə dəvət edirlər.  Bol bərəkətli və nemətli süfrə başında yenə əvvəlcə ağsaqqallar çıxış edilər, sonra  isə məclisin qonaqlarına söz verilir. Bu məclisdə biz də unutmurlar. Ətrafda qurulan hər çadırdan  musiqi səsi gəlir. Burada unutmayacağımız bir məqamı oxucumun diqqətinə çatdırmaq istəyirəm. Azərbaycanlı oğlu, sak oğlu, şəkili balası Əliş Məmmədovla dövlətin bütün rəsmi və qeyri rəsmi şəxsləri, ziyalıları elə hörmət və məhəbbətlə görüşürlər ki… Hər biri onun qarşısına gəlib, saxalılara məxsus qaydada qucaqlaşıb, təzim edirlər. Və bu görüşdən məmnunluqları  gözlərindən sezilir. Ən maraqlısı da odur ki,  bu sevgi və hörmətdə heç umacaqlıq və asılılıq olmaması sezilir. 

Biz düşərgəni tərk edirik. Buraya toplaşan ailələr iki gün iki gecəni səhərə qədər günəşi qarşılayıb,  iki gecə sonra  evlərinə dönəcəklər.  Yeni gün bir də gecə saat 3-də doğacaq. Yeni Günəş çıxanda isə  Isıaxa gələn insanlar  dizləri üstə oturub günəşin çıxmasını müşahidə edəcək, əllərini  sinələrinin üstündə günəş kimi irəliyə açaraq günəşin ilkin şüaların özlərinə çəkib, və onun enerjisini alacaqlar. Və ürəklərindən keçən bütün arzu-diləklərini  yeni çıxan günəşə söyləyəcəklər.


49 min il yaşı olan mamontlar…


Rüstəm Kajekin və və Qavril Andros Isıax bayramından sonra bizi Yakutskdakı  Y.M.Yaroslavski adına şimal xalqlarının milli muzeyinə ziyarət etməyi məsləhət görürlər. Bu muzeyin yaranma tarixi 1887-ci ilə təsadüf edir. Hazırda muzey  yaşayış və ictimai binaların arasındadır. Lakin muzey yaradılanda buralarda boş bir meydança və köhnə birmərtəbli taxta evlər olub. Muzeyi quranlar isə siyasi sürgünə göndərilənlər idi.  Y.Yaroslavskiy özü də burada 1893-1917-ci illərdə sürgündə olmuşdu.  O muzeyə gəldikdən sonra yenidənqurma işləri aparıb, muzeyi yenidən bərpa edib. Muzeydə Platon Oyunskinin, V.V Nikifirovanın  şəxsi arxiv sənədləri , səs yazıları da saxlanılır.

Burada həmçinin 30 min il yaşı olan Tiryaxtyax mamontunun skleti nümayiş olunur. Arxeoloji qazıntılar zamanı tapılan heyvan sümükləri onu deməyə əsas verir ki, qədim heyvanlar Yakutiya ətazisində 100 milyon illər əvvəl də yaşayıblar. Təkcə Yakutiya ərazisində dünyada ən qoca sayılan 15 mamont tapılıb.  Ən sonuncu tapılan mamontun 49 min il bundan əvvəl bu ərazilərdə yaşadığı təsdiq olunub. Alimlər belə hesab edirlər ki, soyuq diyarlara gəlib çıxan mamontlar  vaxtilə Xəzər hövzəsndə yaşayıblar, Xəzər hövzəsindən tapılan  tüklü mamontlar onların əcdalarıdır. Ən son tapılan mamontun dərisinin üzərində dərin tük qatı vardır.  Onun da burada skletinin üzərində qurulan maketi dayanıb.  Bu mamontun donmuş bədəni  torpağın buz qatından tapılandan sonra, tədqiqatlar nəticəsndə mədəsindəki   yediyi otun da bu günümüzə qəədər qaldığı müəyyən edilib. Belə ehtimal olunur ki, ya torpaq sürüşməsi, ya süxurların aralanması nəticsəində digər heyvanlar kimi bu mamont da  sonsuz buzlaşma ərazisində düşüb və bu günə kimi öz formasını itirmədən qalıb. Yakutiyada bu günə qədər də 30-40 min əvvəl donmuş əbədi soyuq olan yer qatlarından  qədim heyvanlar tapılmaqdadır.



30 kilo gümüşlə bəzənən  gəlinlər…


Muzeyin arxeologiya və etnoqrafiya bölməsində Şimaldakı azsaylı xalqların həyatlarının, məişətlərinin  ayrılmaz hissəsi olan dəmir, taxta , gümüş və qızıldan olan alətlər, məişət əşyaları nümayiş olunur. Buradakı şamanların həyat tərzini göstərən eksponatlar, kamlal etdiyi ocaq başı, qadınların uşaq dünyaya gətirmələri üçün ayrılan meydança,  taxtadan tikilən yakut evləri,  vəhşi təbiətin və insanın əhilləşdirdiyi heyvanların maketi, insana çox bilgilər verir.  Diqqətimizi bir daha gümüş alətlər və qadın bəzəkləri çəkir. Yakutlar belə hesab edirlər ki, gümüş insanları pis göz və nəfisdən, pis ruhların hücumundan qoruyur.  Hər bir varlı yakut qızı və ya gəlini hər hansı bir mərasimə gedərkən üzərində 30 kiloya qədər gümüş bəzək əşyası daşıyırdı. Gözəl işləmələrlə nəqqaşlar və zərgərlər tərəfindən düzəldilmiş böyük sinəbənd və kürəkbəndlər, qolbağlar, ayaqların dabandan yuxarısına bağlanan çıqqalar, kəmərlər...  uzun hörüklərdən asılan gümüş işləməli  müxtəlif bəzək əşyalarının hər birinin öz mənası var. Hörüklərdən asılan gümüşlər  qız –gəlin yeriyəndə səs edirdi. Bu səsdən torpağın altında olan  qara ruhlar qorxub qaçaraq, qadının bədəninə keçə bilmirdilər. Həmin dəmir bəzəklər  torpağın altıdan, ətrafdan  gələn təhlükəni qorumaq üçün idi. Yakutlar bir qadını, bir də atı çox dəyərləndirirdilər. Qadını və atı gümüşlə bəzəyərdilər. Atın yəhəri əvvəllər dördkünc taxtadan hazırlanırdı. Atın beli əzilməsin deyə, yəhərin altına ağcaqayın ağacının gövdəsinin qabığını soyub qoyurdular. Belə olanda atın dərisi yaralanmırdı.

Sərt qış burada 8 aya qədər davam etdiyindən, fevral ayının sonlarında günəşin şəfəqləri daha iti olur. Donmuş  ərazilərdə bəyaz qara baxmaq ğözləri sıradan çıxarır. Bizdə “Qar gözlərimi apardı” kimi bir deyim var.  Əgər ağ qara çox baxarsansa, gözlərinin işığını itirə bilərsən.  Bu yerlərin insanlarının da əsas məşğuliyyəti ovçuluq olduğundan, onlar üzərində  nazik bir xətt qədər kəsiyi olan  gümüş və platin eynəklər  düzəldirdilər ki, ağ qarın işığından gözləri ziyan görməsin. Gümüş qoruyucu eynəkləri gözə taxandan sonra, o bədənin temperaturunu götürür və gözləri kənar təsirdən qorumuş olurdu.

                                          
Qədim doğuş adəti...


Yakutlar bir qayda olaraq taxta komalarda yaşayıblar. Onların heç vaxt daş evləri olmayıb. Yakutların  məişətində qadının dünyaya övlad gətirməsi üçün xüsusi mərasim hazırlanırdı. Qadının doğuş sancıları başlayanda xüsusi taxta komada sobanın üstünə ətlə dolu qazan və komanın  künclərinə isə dolu piyalələrdə ərinmiş kərə yağı  qoyulurdu. Əfsanələrə görə, bu yağlar Ayıhııt Ana üçündür. Çünki Ayıhııt Ana bütün doğan qadınlara kömək edir, güc verir. Əgər künclərdə yağ olmasa, onun ruhu  boş evdən küsüb gedə bilər. Ocaqda ət bişəndə  qadındoğuş sancıları da başlayırdı.O  ağcaqayın ağacından hazırlanmış dirəklərdən asılaraq dizi üstə yerə oturur, yerə döşənmiş yonca və ya otun üzərində uşağı dünyaya gətirirdi. Komanın qapısının ağzında isə bir quyu qazılır, qadının uşaqdan sonra gələn cifti dərhal oraya basdırırlar  ki,  yerin altındakı qara ruhlar gəlib uşağa və qadına toxunmasınlar. Paylarını götürüb getsinlər.

                                
Yasəmən  rəngli sirli çaroit daşı...


Və bir dəki...

...Torpağının altı  yaqutlarla, almazlara , ən gözəl daş-qaşlarla dolu olan Yakutiyadan və onun Çaroitindən danışmaq istəyirəm. Onsuzda Yakutiya deyəndə qızıl-zinyət həvəskarlarının fikrinə birinci yakut briliantı gəlir. Yakut briliantından əlavə də daha bir dəyərli  süxur var ki, bənövşəyi –yasəmən rəngli Çaroitdir. 1970-ci ildən bəri  dünyanın müxtəlif ölkələrində aparılan geoloji axtarışların heç birində çaroit süxuruna rast gəlinməyib. Çara çayının sahilində  yerləşən bu mədən dünyada birincidir. Bu qiymətli süxuru ilk dəfə Baykal-Amur magistralının üstündə olan Çara çayının yaxınlığında aşkar ediblər. Süxur maqmatik tərkibli daşdır. Çox mürəkkəb kimyəvi tərkibi vardır. Onu cilalayanda sehirli bir aləm kimi öz rənglərini göstərə bilir. Astroloqlar da belə hesab edirlər ki,  çaroit daşlarını yaradıcı insanlar öz üzərində gəzdirməlidirlər. Bu onlara enerji verir. Təbiətin bu gözəlliyindən və sehrindən faydalanmaq üçün, mən də özümə bir dəst  çaroit daşlı gümüşdən işlənmiş sırğa və üzük  aldım.

                                      
Taxtadan oyulan sirli təqvimlər...


Muzeydə diqqətimizi cəlb edən  taxta, dəmir üzərində oyulan həftəlik, aylıq və illik təqvimlər olur. Yakutlarda il may ayından başlayır. Qədim-qaim qocaların çoxu indinin özündə də  Böyük Ayı bürcünə baxmaqla saatı təyin edə bilirlər. Ayın-ilin bitdiyini Çolbon (bizdəki Ülkər) ulduzu ilə təyin edirlər. Bu ulduza çox vaxt Urqal da deyirlər. Urqal ulduzu yanvar ayında 7 günlük aydan əvvəl çıxırarsa, yazın aprel ayında başlayacağı anlamına gəlinir. Və həmin gündən etibarən də yaza doğru yaxlnlaşmaq sayımı başlayır. Yox əgər göy üzündə ay 9 günlük olanda  Çolbon ulduz görünürsə belə hesab edirlər ki, yaz aprelin axırı başlayacaq. Yox əgər ulduz Ayın göydə seyrinin 10-cu günü görünsə o zaman eldə-obada bir nigarançılıq və qəmginlik yaranır. Çünki, belə olanda qar gec əriyir, yaz may ayında başlayır. Yox əgər, həmin ulduz lap tez mart ayının 14-cü günü görünərsə, o zaman insanlar bunu bayram edirlər. Demək işıqlı günləri, günəşləri bol olacaq. Bu da bol məhsul, ruzi bərəkət deməkdir.

Dördkünc taxta təqvimlərdə bütün il həkk olunur. Üzərində müxtəlif işarələr var. Bu təqvimləri düzəldən insanlardan başqa kimsə oxuya bilmir. Həmçinin həftəlik ovçu təqvimləri var ki, bununla da uzaq Tayqada ova gedən ovçu neçə gün evdən ayrıldığını, neçə günə evinə gedib çatacağının hesabını edirdi. Bir sözlə bu təqvimlərə baxanda bir də əmin olursan ki, qədim mədəniyyətə malik olan yakutlar həm də riyazi hesablamalardan, səmavi cisimlərdən də xəbərdar olublar. Yoxsa ki, adam bu qədər fərqli təqvimləri niyə düzəltsin?

 


Üzü Vətənə doğru...


Saxadakı son görüşümüz “Bakı” İctimai Cəmiyyətində oldu. Görüşdə iştirak edən  həmyerlilərimiz arasında nazir müavini, ədliyyə polkovniki, polis rəisi, həkim, iş adamı, sadə təsərrüfatçılar var. Onların hər biri söz alıb, türk yurdu, soyuq Saxaya-Yakutiyaya gəldikləri gündən, qismətdən danışdılar. Həkim Pahib Süleymanov,  polis polkovniki Nazim Əliyev, 40 il bundan irəli Əliş Məmmədovla təqribən eyni vaxtda Yakutska gələn Mətləb İbadov, Lənkərandan olan Rəşid Əlirzayev,  Ədliyyə polkovniki Araz Qaydarov, ədliyyə polkovniki Ziyafət Ağayev, tikintidə çalışan iş adamı Bəhman Məmmədov, Rövşən Xanməmmədov, Akif Məmmədov, Tofiq Cavadov, Habil Əzizov, Zöhrab Əkbərov  bu yerlərdə kök salıb, qol-budaq atıblar. Hər birinin köksündə bir Azərbaycan yaşayır. Azərbaycançılığı, milli mənsubiyyətimizi əməlləri, bu respublikada yaratdıqları ilə yaşadırlar.  Mavi gözlü Nazim Əliyev saxa-yakut qızı ilə evlənib. Ehtiyatda olan polkovnikdir. Vaxtı ilə nazir müvavini postunda da işləyib. Sonra elə bu postdan pensiyaya göndərilib. Deyir ki, çox istəyirdi ki, nə vaxtsa doğulduğu İmişli rayonuna qayıtsın. Ancaq ki, heç kim də bilməsə, burada oturan həmyerlilərimiz yaxşı bilirlər ki, Saxanın bir cazibəsi var, haraya getsən, dönüb yenə bu torpaqlara qayıdırsan. Söhbətinin bu yerində, məclisin ağsaqqalı Əliş müəllim deyir ki, buralar türk torpaqlarıdır, Tanrı saf türkləri burada saxlayır ki, yurdun ocağı sönməsin. Əslində belədir, buraya gələn həmyerlilərimiz bu müqəddəs torpaqlarda oacaq çatıb, ev qurub, oğul-uşaq sahibi olublar. Azərbaycanın ağır günlərində Vətəndə yaşayan qohum-əqrabaya, dosta-tanışa əl tutublar. Burada qazandıqlarını heç vaxt tək yeməyiblər.

Rahib Süleymanov həkim olmaqla yanaşı, həm də “Bakı” İctimai Cəmiyyətinin sədr müavinidir. Diasporun təşkilatçılıq işləri ona həvalə edilib. O, bizə gördükləri xeyirxah işlərdən şövqlə, sinəsi körüklənə-körüklənə danışdı. Saxada yaşayan imkansız azərbaycanlı ailələri də bu cəmiyyətin qeydiyyatındadır. Burada çörək, mənsəb sahibi olan diasporun  hər bir azərbaycanlı üzvü bilir ki, darda olana kömək etməlidir. Bir atasız qızın təhsil haqqını ödəyirlər, bir əlil və xəstə uşağı olan qadının ailəsinə baxırlar... Təhsildə və idmanda, ictimai işlərdə uğur qazanan gənclərimizə dəstək olurlar.  Saxa Yakutiya Respublikasının ən sayılıb seçilən təşlkilatıdır azərbaycanlıların təşkilatı. Çünki ölkədəki aztəminatlı ailələr, qocalar evi də bizim diasporun üzvləri tərəfindən unudulmur. Bax elə bu səbədəndir ki, bu ölkənin ali qanunvericilik orqanının deputatı Əlş Məmmədovun adı, ölkəninn Şərəf kitabına yazılıb.

Şer-söz adamı olan, keçmiş ədliyyə polkovniki Ziyafət Ağayev öz sözünə belə bir şerlə başlayır:


Heç nə unudulmur, yol gedirik biz,

Yollara iz düşür ləpirimizdən.

Daşalara  yazılır əməllərimiz

Beləcə iz qalır hardasa bizdən...

 

Bəli, soyuq türk torpaqlarında  yaşayan Vətən oğullarını, bu yerlərin soyuğu, şaxtası qorxutmadı. 65 dərəcə şaxtada bişib, bərkidilər. Bu təmiz və müqəddəs yurdu özlərinə ikinci Ana Vətən bildilər. Etibarsızlıqları olmadı. Bu torpaqlar belədir, bu soyuqlar belədir. Şimalı sevənləri sevir. O şimal şaxtasının ayaz və bəyaz gecələrindən, könüllərinə işıq aldılar. İndi bu müqəddəs yurdun, Şamanların alqışlayıb qoruduğu qədim torpağın işığından, istisindən, soyuğundan Vətənə də pay verirlər. İnsan harada olmasından asılı olmayaraq, bilməlidir ki, gördüyü pis əməl də, yaxşı əməl də onun doğulduğu, genetik kodu yazıldığı Vətənə -torpağa bağlıdır. Harada olursunuzsa olun, unutmayın ki, Azərbaycan adlı bir yaralı Vətəniniz var. Siz öz yaxşı əməlləriniz-işinizlə bu vətənə məlhəmsiniz.

                                     
Bu da sonuncu gün, sonuncu vida…


Natalya Xarlampyevanın sədri olduğu Saxa Yakut Yazıçılar birliyində yazıçılarla da görüşümüz bu günə təsadüf etdi. Dilbər xatun bizi Yazıçılar İttifaqının adından təşəkkür məktubu ilə mükafatlandırdı.  Bu gün havanın bir az da tutqun,  tüstülü olduğunun fərqinə varırıq. Bizi müşaiyət edən dostlarımız deyirlər ki, Tayqa yanır. Əslində çox acınacaqlıdır.  Belə qısa ömrü olan yay, sibirlilərə sevinc gətirməklə bərabər, həm də fəlakətlər gətirir. Yerli  insanlar təbiətə nə qədər hörmət və məhəbbətlə yanaşsalar da, qızmar istilərdən istifadə edən iş adamları Rusiyanın  oliqarxları  yerli insanları və meşədəki heyvanları bu əsrarəngiz gözəlliyi olan yurdlardan didərgin salmaq , onların torpaqlarına sahiblənmək üçün   bilərəkdən od vurub Tayqada yam-yaşıl meşələrı, ormanlarır yandırırlar. Təbii ki, bəzən  təbiət hadisəsi olan yanğınlar da vaş verir. Bu zaman yanğın bəzən  ağacların ətəyində, bəzən isə  baş hissəsində başlayır.  Belə yanğınlar olanda Tayqanın həm florası, həm də faunası alışır, heyvanlar ölürlər. Onları xilas etmək  çətin olur. 


Saxa yakutlarının vətənində ulu türk diyarını ziyarət edəndən sonra, bir mətləbi anladım ki, buradakı insanlar da təbiətlə harmoniyada yaşayırlar. Onlar zaman-zaman soyuq şaxtalardan, boranlardan qorxmadılar, Berinq dənizindən, Qazaxıstan səhralarından, Xəzər sahillərindən  hər hansı fəlakətdən qurtulmaq üçün bu soyuq diyarlara gəlib, buraları VƏTƏN etdilər.  Bəzən onların güclü ruha malik olduğunu görüb kimliklərini  türk qövmünə yazmamaq üçün , adlarına “qırmızı dərililər” dedilər. Lakin bu da onların yurda, kökə, təbiətə bağlılığına xələl gətirmədi. Soyuqlarda bərkiyib, hər bahar 4 ay göy üzündə gəzən günəşi gözlədilər. Günəşdən aldıqları istiliyi məhəbbətə çevirib ətrafa səpələdilər. Bu insanlar Tanrıya aşiqdirlər. Bu məkanda ulu ruhlar  təmiz və saf insanların kökünü kəsilməməsinə yardımçı oldu. Tanrı ona uznanan əlləri geri qaytarmadı. Saxalaılar tarixin bu gününə qədər gəlib yetişdilər. Və dünyanın heç bir yerində görünməyən bir şəkildə dəmir iradə, milli özünüdərk və genetik bağlılıqla öz milli kimliklərini qoruyub saxladılar. Bu gün onların min bir əzabla, sevə-sevə  qoruyub saxladıqları  milli adət- ənənələri, tarixləri, o ulu  tarixdən yadigar qalan muzeyləri, kitabları, musiqiləri onları bir tayfadan xalqa çevirdi. Tanrı sevdiklərini soyuq torpaqarda da qoruya bilir. Təki qəlbin saf, eşqin təmiz olsun. Bir də ki, Saxa yakutlar bu yerlərin əngin yaşıllıqlarına,  bol sulu çaylarına, geniş göy səmasına, qışda qarla örtülən bəmbəyaz çöllərinə, meşələrinə, dağlarına baxıb, təbiətdən səxavət öyrəndilər. İnsan nə qədər səxavətli olarsa, Tanrıdan qarşılığını alar. Onlar şamanlıqla özlərini ilahləşdirdilər. Şaman Leonidin dediyi kimi,  İnsan yaşamağa ev tikməzdən əvvəl qəlbinin içərisində bir abad ev tikməlidir. Bu yerlərdə olanda bir mətləbi anlayırsan ki, hər kəsin içərisində abad  bir ev var. Axı abadlıq könlüdən başlayır.

Bizimsə Saxaya olan səfərimiz bununla başa çatdı. Görüşdük, hallalşdıq, ayrıldıq.

Amma içimizdə Böyük Türk Ellərinin oduna bir sönməyən  ocaq çatdıq. 


Son

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir