Modern.az

“Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA

“Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA

17 Oktyabr 2019, 15:51

Ötən həftə paytaxtın Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olarkən ağır yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir. Onun bir qolunu amputasiya edən həkimlərin qızcığazın ayaqlarını da kəsəcəyi söylənilir. Sosial şəbəkələrdə gedən müzakirələrdə hadisədə günahkar tərəf kimi “Azərişıq” ASC-nin adı hallanır. Eyni zamanda, qurumun azyaşlı qızın xəstəxana xərclərilə maraqlanmadığı iddia olunur.

 

Modern.az məsələyə aydınlıq gətirmək üçün aidiyyatı şəxslərlə əlaqə saxlayıb.


Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov
Modern.az-a açıqlamasında hazırda Zəhra Əliyevanın müalicəsinin davam etdirildiyini, vəziyyətinin ağır olduğunu bildirib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Zəhra Əliyevanın vəziyyəti ağır olaraq qalır:

“Hələlik həkimlər onun qolunu amputasiya ediblər. Ayaqlarının amputasiya olunması üçün son dəqiqələrədək gözləmə mövqeyini tutublar. Əgər bərpa mümkün olsa, amputasiyaya ehtiyac qalmayacaq. Amma vəziyyətdən çıxmasa, yəqin ki, ayaqları da amputasiya olunacaq”.

 

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Modern.az-a danışarkən xəstəxana xərclərilə maraqlanmamaqda təmsil etdiyi quruma qarşı səslənən fikirlərlə razılaşmayıb:

“Hazırda bizim bir əməkdaşımız Respublika Yanıq Mərkəzindədir və xəstənin səhhəti üçün tələb olunan hər şeyin xərci tərəfimizdən ödənilir. “Azərişıq”ın rəhbərliyi hər gün uşağın vəziyyətilə maraqlanır. Məsələ ilə bağlı sosial şəbəkələrdə ““Azərişıq” Zəhra ilə maraqlanmır” fikirlərinin hamısı cəfəngiyyatdır”.

 

T.Mustafayev Zəhranın başına gələnlərdən bir insan kimi kədərləndiklərini vurğulayıb:

“O da bizim balamızdır, bütün kollektivimiz bu hadisəyə təəssüflənir. Bu, bədbəxt hadisədir, heç kim bundan sığortalanmayıb. Lap transfarmatorun yanında baş verməmiş olsa belə, o, Azərbaycan vətəndaşıdır. “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən, balaca qızımızın sağlamlığı üçün hər bir şey edilir. Allahdan şəfa diləyir, tezliklə sağalmasını arzulayırıq!”.

 

Xatırladaq ki, hadisə ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kVt gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

 

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq, gərginliyə toxunub.

 

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?