Modern.az

“Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev

“Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev

17 Oktyabr 2019, 23:02

Xəbər verdiyimiz kimi, 15 oktyabr 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Dövlət başçısı müşavirədə ölkədə keçirilən islahatlar, ictimai-iqtisadi durum barədə geniş açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının (MŞ) sədr muavini Umud Mirzəyev öz fikirlərini "Eurasia Diary" ilə bölüşüb:

 

“15 oktyabr tarixində keçirilən iqtisadi müşavirə prezidentin son dərəcədə ciddi mesajları ilə yadda qaldı. Ölkə başçısının bu mesajlarla dolu nitqi bəzi dövlət məmurları üçün sonuncu xəbərdarlıq kimi qəbul edilə bilər. Həmçinin, prezident çıxışında ölkədə hər şeyə rəğmən yenilənmə və köklü islahatların həyata keçirilməsi prosesinin davam etdiriləcəyini qeyd edib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar doğrudan da qarşısıalınmazdır. Sözügedən müşavirədə cənab İlham Əliyevin verdiyi mesajlar, açıqlamalar bir daha ölkə başçısının illərdir uğurla həyata keçirdiyi gənclər siyasətinin bəzi aspektlərini ön plana çıxardı. Belə ki, prezident kadr islahatında gənclərin xüsusi yerinin olduğunu haqlı olaraq bir daha qeyd etdi.

Cənab prezident hər zaman olduğu kimi, bu dəfə də mətbuatın ölkə siyasətindəki vacib rolunu vurğuladı. Dövlətin uğurlarına çamur atmağa çalışan, müxtəlif məmurların əlində oyuncağa çevrilən, bəzi “mətbuat orqanları”nın fəaliyyəti sirr deyil və prezidentin açıqlamalarından bu tip qurumların rəhbərləri və onları maliyyələşdirən məmurlar nəticə çıxarmalıdır”.

 

U.Mirzəyev, həmçinin qeyd edib ki, Mətbuat Şurası illərdir “Reket jurnalistika” ilə, sarı mətbuatla effektiv mübarizə aparır.

"Mətbuat Şurası bu tip fəaliyyətlə məşğul olan mətbuat orqanlarını özünün “qara siyahısı”na daxil edir. Şura ictimai qurum olduğundan onun “Reket jurnalistika” ünsürləri ilə mübarizə imkanları bundan o tərəfə keçə bilmir. Buna baxmayaraq, Mətbuat Şurası sözügedən ünsürlərlə maarifləndirici tədbirlər keçirmək və ictimai qınaq yaratmaq vasitəsilə mübarizəsini uğurla davam etdirir.

Bununla birlikdə, Azərbaycan mətbuatı, Azərbaycan jurnalistləri dövlət başçısını bu yolda hər zaman dəstəkləyib və dəstəkləyəcək. Azərbaycan jurnalistləri cənab prezidentin mətbuata ayırdığı diqqəti hər zaman yüksək qiymətləndirib və ona minnətdar olub. Prezidentin sonuncu müşavirədə qeyd etdiyi fikirlər cəmiyyətin ürəyindən gələn mesajlardır. İlham Əliyevin islahatlar kampaniyası start götürüb və böyük uğurla davam etdirilir. Azərbaycan media mənsubları da bu prosesə öz töhfəsini verəcək. Bu kampaniya geniş xalq kütlələrinin dəstəyini qazanıb. Ona görə də, mütləq şəkildə ölkə başçısının islahatları öz uğurlu nəticəsini verəcək", - deyə MŞ sədrinin müavini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?