Modern.az

Siyavuş Novruzov: “Paşinyan onların “düymə”lərini sıxıb ki, dayanmayın, hərəkət edin”

Siyavuş Novruzov: “Paşinyan onların “düymə”lərini sıxıb ki, dayanmayın, hərəkət edin”

18 Oktyabr 2019, 17:07

“Müxalifət indiyə qədər icazəli və ya icazəsiz keçirdiyi bütün tədbirlərdə “Sərbəst toplaşmaq azadlığı haqqında”  qanunu pozub”.

 

Bunu Modern.az-a Milli Şuranın oktyabrın 19-a planlaşdırdığı icazəsiz mitinq haqqında danışarkən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, elə son piketdə də müxalifət onlar üçün xüsusi yer ayrılmasına məhəl qoymadan qanunun bir neçə maddəsini pozub:

 

“Müxalifət piketi yürüşə çevirdi, yolu bağladı, nəqliyyatın hərəkətinə, yaxındakı idarə və müəsissələrin işinə mane oldu. O cümlədən piketdə əvvəlcədən xəbərdarlıq edilmişdi ki, qanunun müvafiq maddəsinə uyğun olaraq, qarşıdurmaya çağırış, şəxsiyyətin təhqir olunması, dini, irqi ayrıseçkiliyə yol verilməməlidir. Amma müxalifət nümayəndələri polislə qarşıdurma yaratmaq üçün bütün cəhdləri göstərdilər. Piketi mühafizə edən polisləri, onların valideynlərini təhqir etməkdən çəkinmədilər ki, polisləri qarşıdurmaya çəksinlər”.

 

Deputat vurğulayıb ki, Azərbaycanın iqtisadi uğurları artıb, dövlət müstəqilliyi möhkəmlənib, haqq səsini dünyaya çatdırır. Ölkə başçısının ardıcıl çıxışları əhali tərəfindən çox müsbət qarşılandı:

“Xarici tədbirlərdə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər, Ermənistanın baş nazirinə verilən cavab o dövlətin faşizmlə, separatizmlə məşğul olduğunu bir daha göstərdi. Ölkə başçısı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı mövqeyini göstərdi.

Prezidentin daxildə keçirdiyi müşavirələrdə hər şeyin Azərbaycan vətəndaşının xeyrinə olduğunu diqqətə çatdırması, islahatların davamlılığını vurğulaması həm xaricdə, həm də daxildə bəzi adamları narahat edir. Ona görə, müəyyən dairələr öz əlaltılarını öyrədirlər ki, qarşıdurma yaratsınlar. Azərbaycanda ictimai-siyasi sabitliyi məhv etmək, islahatlara kölgə salmaq və ümumiyyətlə islahatların aparılmasına mane olmağa çalışırlar. Lakin bu qüvvələr anlamırlar ki, sadəcə kiçik bir dəstə, dərnəkdirlər. Onlar geniş iradənin qarşısında heç nə edə bilməzlər”.

Azərbaycanda keçirilən Türk Şurasının “Zirvə” görüşünü xatırladan S. Novruzov hesab edir ki, türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün birgə mübarizədən bəhs etdikdən sonra ölkəmizi istəməyən qüvvələr daha da aktivləşib:

“Görünür ki, Nikol Paşinyan onların “düymə”lərini sıxıb ki, dayanmayın, hərəkət edin.

Milli Şuraya mitinq üçün yer ayırılıb. Heç kimə maneçilik törətmədən orada rahat şəkildə mitinq keçirə, dünya ictimaiyyətinə öz şəkillərini çəkib göndərə bilərlər.

Amma metronun “28 May” stansiyasının çıxışında hər gün ən azı 3 min insan harasa tələsir, alış-veriş edir, işləyir, universitetlərdə oxuyur. Dəmir Yolu Stansiyası orada yerləşir, rayonlara gedən, rayondan gələn insanlarla doludur. Yaxınlıqda bir neçə universitet var. Təkcə metrostansiya ən çox istifadə edilən stansiyalardan biridir.

Aydın görünür ki, müxalifət elektoratı olmadığına görə, həmin məkanı seçib. Onlar ətrafdakı insanların, mitinqə aidiyyəti olmayan şəxslərin də şəklini çəkib xaricdəki ağalarına göndərəcəklər ki, əvəzində onlardan kifayət qədər vəsait alsınlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir