Modern.az

Moskva türk birliyi məsələsində Ankaranı qısqanır? – “Azərbaycan Türk dünyasında Türkiyədən də fəaldır”

Moskva türk birliyi məsələsində Ankaranı qısqanır? – “Azərbaycan Türk dünyasında Türkiyədən də fəaldır”

Aktual

18 Oktyabr 2019, 17:29

Oktyabrın 15-də Bakıda türk dünyasının önəmli tarixi yazıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi. Zirvə görüşünə türkdilli dövlət və hökumət rəhbərlərinin, türk dünyasının fəxri insanlarının qatılması böyük əhəmiyyət kəsb etdi.

Dünya mediasının gündəminə daşınan bu əlamətdar hadisə müzakirələri də qızışdırdı. Sosial şəbəkələrdə və mediada səsləndirilən şərhlərdə Rusiyanın Türkiyə ilə türk dövlətləri arasında nüfuz rəqabətinə çıxdığı iddia olundu. Türkiyənin türk dövlətləri arasında rəhbər imicində olduğu vurğulandığı kimi, Rusiyanın bu duruma qısqanclıqla yanaşdığı önə çəkilir. Xüsusilə, rəsmi Moskvanın ərazi cəhətdən özünə yaxın olan Orta Asiya dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı öz tərəfinə çəkməyə, onlar üzərində Türkiyənin təsirlərini azaltmağa çalışdığı ortaya atıldı.

 

Bu barədə Modern.az-a danışan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa hesab edir ki, bu məsələdə Türkiyə və Rusiyanın yaxınlaşması amili də nəzərə alınmalıdır. Deputatın fikrincə, əvvəllər Rusiya daha şübhəli formada problemə yanaşırdı:

 

“Moskva Türkiyənin bölgəyə hər hansı şəkildə daxil olmasında maraqlı görünmürdü. Amma indiki vəziyyətdə durum fərqlidir. Hətta konfransın bəyannaməsində Türkiyənin “Barış pınarı” əməliyyatını dəstəkləyən müddəanı hamı birmənalı şəkildə qəbul etdi. Bu onu göstərir ki, Türkiyənin məsələ ilə bağlı mövqeyinin Rusiya ilə uzlaşmasında yumşalma var. Çünki Orta Asiya dövlətləri, o cümlədən Azərbaycan üzərində də Rusiyanın təsirləri böyükdür. Bu ölkələr Rusiya faktorunu nəzərə almasa, hər hansı şəkildə birlik modelinin perspektivi barədə addım atmaqda çətinlik yarana bilər”.

 

Fazil Mustafa qeyd edib ki, bütün hallarda indi daha geniş şəkildə türk modeli nümayiş olundu:

“Koreyanın da Türk Şurasında müşahidəçi qismində iştirak arzusu bu modelin nə dərəcədə genişlənmə perspektivi olduğunu sübut edir. İstənilən halda, bu məsələdə Rusiya faktoru nəzərə alınmalıdır”.

 

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov isə rəsmi və ya qeyri-rəsmi şəkildə Rusiya mediasında Türk Şurasının toplantısına qısqanclığının müşahidə olunmadığını deyib:

 

“Amma təbii ki, Türk Birliyinin möhkləmlənməsi geopolitik faktora çevrilib. Bu güclə hesablaşmaq ehtiyacı yaranır. Çünki həm regional, həm də dünya oyunçularının buna xoş münasibəti yoxdur. Amma bir söz demək iqtidarında da deyillər”.

Deputat türk dünyasında Türkiyənin ciddi şəkildə önə çıxdığını düşünmür. O qeyd edib ki, hətta Azərbaycan Türk dünyasında Türkiyədən də fəaldır:

“Sadəcə Türkiyənin ən böyük, ən qüdrətli türk dövləti kimi müəyyən işlərdə payı daha böyükdür. Amma Türkiyənin bu dövlətlər arasında hegemonluğundan söhbət gedə bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu