Modern.az

Fətəli şahın topu - Və ya Təbrizdən Peterburqa “atəş”

Fətəli şahın topu - Və ya Təbrizdən Peterburqa “atəş”

21 Oktyabr 2019, 11:13

İran şahənşahı Fətəli şah Qacarı yaxşı tanıyırsınız. Əbdürrəhim bəy Haqverdiyev onu cəhənnəmdə "Odabaşı" ("Xortdanın cəhənnəm məktubları") kimi "yüksək məqam"a layiq görmüşdü:

"...Bu halda gördüm, mənə tərəf bir кişi gəlir: arıq, uzun, bоğazı naziк, başı balqabaq bоyda. Burnu qaraquş burnuna və saqqalı кeçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: “Şоr sudur, nə əhəmiyyəti var. Ver töкsün atasının gоruna”.

 

Yazını оxuyan təк, кişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar. Tanımayanlar varsa, vəzir Mirzə Ağa Asinin divanını оxusunlar, о saat tanıyarlar.
Кişidən xəbər aldım:
– Mərdəкə, burada nəmənə qayırırsan?
Dedi:
– Elə ölən gündən məni cəhənnəmdə оdabaşı ediblər.
Dedim:
– Çоx gözəl mənsəbdir, mübarəк"
( Böyük ədibi andıq, Əbdürrəhim bəyin ruhuna salam olsun).
Mirzə Ağa Asinin divanında isə deyilir ki, Türkmənçay anlaşmasının maddələrindən şahı xəbərdar edən baş vəzir deyir ki, rus padşahı Mazandaran (Xəzər) gölünü də istəyir.
Fətəli şah:
- “Abəki-şürəst, çi faidə darəd, bedəh birizəd bəguri-pədərəş!” ( yəni “şor sudur, nə faydası var, ver töksün atasının goruna!”).

Gələk əhvalatımıza. Həmin o Fətəli şah Təbrizə, varisi Abbas Mirzənin yanına təşrif buyurur. Hadisə vaqe olur təxminən 200 il əvvəlin bu vaxtlarında. Bu o dönəmdir ki, rus çarı I Nikolayın qoşunları Təbriz civarına çatıb və gecə-gündüz şəhəri topa tutur.
Padşah əyanlara, orduya, üləmaya qəzəblənir:
- Siz nəmənəsiz ki, urusların topu gecəmizi, gündüzümüzü zəhər edib. Hanı bizim topumuz?
- Qibleyi-aləm, urus padşahı nə karədir, biz elə top tökərik ki, onun yuxusu ərşə çəkilər, - deyə sarayın alimi biəməlləri Fətəli şahı sakitləşdirirlər.
Şah:
- Nə vaxta, pədərsüxtələr!
- 10 günə!

 

Alimlər topu hazırlayıb şaha xəbər göndərirlər. Fətəli şahın kefi kökəlir və təntənəli mərasim elan edir.
Belələliklə, prezentasiya günü yetişir: şah, vəzir-vəkil, əyanlar, sərkərdələr, Təbriz camaatının seçilmişləri yığışır topun başına. Top nə top - uzunluğu 10 metr, görkəmi öd partlatan.
Topun ixtiraçısı:
- Qibleyi-aləm, topu hara tuşlayaq?
Rusların əlindən yanıqlı olan Fətəli şah:
- Düz Fitilbörkə (yəni Peterburqa)!

 

Topu tuşladıqdan sonra hava nəm olduğu üçün arxasına kağız-kuğuz, əsgi-məsgi basırlar ki, barıt tez alışsın.
Əlqərəz, fitili alışdırırlar, millət barmaqları ilə qulaqlarını tıxayır ki, atəş səsi baş-beyinlərini aparmasın. Amma barıta çatmamış od sönür. İkinci cəhd: yenə qulaqlar tıxanır, fitil yenə sönür. Üçüncü cəhd: artıq qulaq tıxayan yoxdur, topdan ümid kəsilib. Amma bu dəfə fitil işə yarayır, barıt alışır, top atır: boooom!

Topun səsindən qulaqlar zingildəyir, gözlər qaralır və ətrafı his-pas, əsgi tüstüsü bürüyür...
Və baxıb görürlər ki, topun arxasında özünə şərəfli mövqe tutan padşah kəllə-mayallaq gedib, arxası üstə yerə sərilib.
Saray əhli qorxuya düşür ki, kəllələri getdi.
Vəzirin köməyi ilə yerdən qalxan, üz-gözü his içində olan Fətəli şah özünü o yerə qoymur:
- Bu topun dalı bizi bu günə qoyubsa, gör qabağı Fitilbörkü nə günə qoyub!

 

Qəzənfər Həmidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir