Modern.az

Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR

Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR

23 Oktyabr 2019, 14:39

 

Türk dünyası 15 oktyabr 2019-cu ildə özünün növbəti əlamətdar gününü  yaşadı. Türk dünyasının uzlaşma nöqtəsi olan Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşünə ev sahibliyi etdi. Bu tədbir böyük Türk coğrafiyasının birlik və həmrəylik ideyalarına sadiqliyini və müstəqil Türk dövlətlərinin qarşılıqlı tərəfdaşlıq əlaqələrini gücləndirməkdə israrlı olduğunu dünya birliyinə bir daha göstərdi.

Bakı şəhərində keçirilmiş zirvə görüşü həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edirdi. 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçiləri kimi türk dövlətləri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatını müəyyənləşdirdilər. 1992-ci ildən davamlı şəkildə keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış Türkdili dövlətlərin Əməkdaşlıq Şurası artıq 10 ildir ki, müstəqil Türk respublikaları və xalqları arasında təhsil, elm və mədəniyyət, iqtisadiyyat, nəqliyyat, turizm sahələrində tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. Bütövlükdə, Şuranın fəaliyyət məqsədləri və vəzifələri xeyli dərəcədə çoxşaxəlidir: Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın vüsətlənməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması kimi fəaliyyət istiqamətləri Təşkilatın fəaliyyətində aparıcı istiqamətlərdir.


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın Türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atmışdır. Şuranın indiyə qədər keçirilmiş yeddi zirvə görüşündə Azərbaycan yüksək səviyyədə təmsil olunmuş, Türk dövlətləri arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi, eləcə də təhlükəsizlik məsələləri üzrə ortaq fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm təkliflərlə çıxış etmişdir. Eyni zamanda, Azərbaycan bu siyasi platformadan istifadə edərək,  Dağlıq Qarabağ münaqişəsi üzrə Şuraya üzv dövlətlərin vahid mövqeyinin formalaşdırılmasına nail olmuşdur. Bu səbəbdən də Şuranın bütün zirvə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyi dəfələrlə qəbul olunan sənədlərdə öz əksini tapmışdır.

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü ərəfəsində baş vermiş ən mühüm tarixi hadisə isə Özbəkistanın bu təsisata qoşulmaq haqqında qərar qəbul etməsi oldu. 2019-cu il sentyabrın 14-də Özbəkistan Respublikası Naxçıvan Sazişinin ratifikasiyasını tamamladı. Bu əlamətdar hadisəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilmiş zirvə görüşündə xüsusi yer verərək Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi. Bu münasibətlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də öz bəyanatında 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin  üzv olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daha bir türkdilli ölkənin – Özbəkistanın qoşulmaq qərarının türk xalqları arasında  çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı daha da möhkəmləndirəcəyindən əminliyini ifadə  etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşündəki çıxışında Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsinə və Azərbaycanın bu yöndə siyasi mövqeyinə dair bir neçə mühüm məqama toxundu. Qarşılıqlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni baxış bucağından yanaşan ölkə başçısı İlham Əliyev qeyd etdi ki, “Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.” Azərbaycan Prezidenti Türk dövlətləri ilə konstruktiv tərəfdaşlıq münasibətlərinin qurulmasının ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Bu müəyyənləşdirici mövqe Azərbaycanın Türk dövlətləri arasında inteqrasiya əsaslı tərəfdaşlıq əlaqələrinin qurulmasında, müstəqil Türk respublikalarının iqtisadi-siyasi birliyinə aparan bütün təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin zirvə görüşündə iştirakı, onun Türk dünyasında inteqrasiyanın vacibliyini və bu istiqamətdə praktiki addımların atılmasını özündə ehtiva edən təklifləri xüsusilə diqqətəlayiqdir. Nursultan Nazarbayev çıxışında qeyd edir: “Bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır. Bununla əlaqədar, mənim iki təklifim var. Birincisi, “Türk baxışı 2040” proqramını hazırlamaq. Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin, xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, “yaşıl” iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik. Proqrama, həmçinin, mədəniyyət və təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma və süni intellekt, eləcə də türk beşiyi – Türküstan şəhərinin inkişafı bölmələrini daxil etmək zəruridir.” Bu təklif mahiyyət etibarilə Türk dövlətləri birliyinə aparan yolun perspektivlərini daha da aydınlaşdırmaq, konkretləşdirmək, Türk dövlətlərinin və xalqlarının mədəni, iqtisadi-ticari, siyasi inteqrasiyasını zamanın yeni çağırışlarına uyğunlaşdırmaq zərurətini  özündə əks etdirir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçməsi ölkəmizin üzərinə Türk dövlətləri və xalqları arasında münasibətləri yeni səviyyəyə qaldırmaq istiqamətində mühüm vəzifələr qoyur. Azərbaycan Prezidenti İlham Əliyev  Zirvə Görüşündəki çıxışında bu məqama toxunaraq, Azərbaycanın Şuraya sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi yönündə səylərini davam etdirəcəyini vurğulamışdır. Cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən türksoylu dövlət başçılarına təşəkkür etməklə yanaşı, indiki gərgin beynəlxalq şəraitdə türk respublikalarının milli təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirərək söyləmişdir: “Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

Eyni zamanda, dövlət başçımız Azərbaycanın Qarabağını bütün ətrafı ilə işğal etmiş Ermənistanın təcavüzkar və məkrli niyyətlərini bu dəfə də başqa yöndən darmadağın edən əsaslı məntiqi ortaya qoyur: “Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, islam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.” Doğrudan da, islam mədəniyyətinin bütün izlərini, hətta müsəlman qəbiristanlıqlarını belə həm Ermənistan ərazisindən, həm də işğal etdiyi Azərbaycan ərazisindən düşməncəsinə yox edən cinayətkar bir rejimlə əməkdaşlıq etmək türk və islam dünyasına mənsub dövlətlər üçün yolverilməzdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyin Qırğızıstandan Azərbaycana ötürülməsi regionda olduqca mürəkkəb siyasi-hərbi proseslərin baş verdiyi dövrə təsadüf edir. Şuranın Bakıda keçirilən VII zirvə görüşündə  Türkiyənin terror hücumları və təhdidləri ilə üz-üzə qaldığı dönəmdə qardaş ölkə tərəfindən başladılan “Sülh çeşməsi” əməliyyatına türk dövlətləri tərəfindən yekdil dəstəyin ifadə edilməsi böyük tarixi əhəmiyyət daşıyır: Türkiyənin beynəlxalq hüquq normalarına əsaslanaraq öz təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı “Sülh çeşməsi” əməliyyatına türk dövlətlərinin məhz Bakıdan verdiyi bu güclü dəstək türk dövlətləri arasında yeni siyasi müttəfiqliyə özül yaradır. Artıq intensiv hərbi fazaya keçmiş bir prosesin ən gərgin çağında – imperialist iddialarından hələ də əl çəkməyərək Yaxın və Orta Şərq ölkələrində müharibə ocaqlarını alovlandırmaqla buradan qazanc götürməyə çalışan bir sıra Qərb dövlətlərinin Türkiyəni təkləmək və oyundankənar vəziyyətə salmaq niyyətlərini açıq hədələrlə ortaya qoyduqları bir vaxtda türk dövlətləri öz tarixi məsuliyyətlərini dərk edərək, Bakıda özlərinin ortaq siyasi mövqeyini dünya birliyinə bəyan etmək əzmi nümayiş etdirdilər.


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü, eyni zamanda, Şuranın statusunun və fəaliyyət dairəsinin genişləndirilməsinə dair bir sıra mühüm təkliflərin irəli  sürülməsi ilə yadda qaldı. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Şuranın Türk Dövlətləri Təşkilatı adlandırılması təklifi ilə çıxış etdi. “Şura”dan “Təşkilat”a doğru atılacaq addım Türk Dövlətləri Birliyinin təşəkkülündə təsisatlanma prosesini sürətləndirən bir addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqları arasında mədəni-mənəvi bağların möhkəmləndirilməsinin, turist axınını təşviq etmək üçün ortaq təşəbbüslərin gücləndirilməsinin, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov informasiya-telekommunikasiya texnologiyaları sahəsində və “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində Türk dövlətləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasının önəmini qeyd etdi.

Avropa İttifaqının üzv dövlətlərindən ənənəvi-tarixi münasibətlər zəminində türk respublikalarına həmişə xüsusi simpatiya ilə yanaşan  Macarıstanın Baş Naziri Viktor Orbanın zirvə toplatısındakı iştirakı və çıxışı Şuranın işini zənginləşdirən fakt idi. Cənab Orban Böyük Britaniyanın Avropa İttifaqından çıxdığı, Aİ-nin ümumi ticarət siyasətindən imtina edəcəyi təqdirdə Böyük Britaniya ilə Azərbaycan, Qazaxıstan və digər dövlətlər arasında yeni ticarət sazişləri barədə danışıqlara başlamağı təklif etdi.


Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı şəhərində keçirilmiş VII zirvə görüşündə dövlət başçılarının çıxışları, ikitərəfli və çoxtərəfli görüşlərdə səsləndirilən fikirlər onu deməyə əsas verir ki, müstəqil türk respublikaları dərin tarixi, etnik, dini-mənəvi bağlılığa söykənən potensial inteqrasiya imkanlarını gerçəkləşdirmək əzmindədirlər. Ümumtürk inteqrasiyasının reallaşması eyni dil, mədəniyyət və din daşıyıcısı olan türk xalqlarının bir araya gəlməsi, ortaq dəyərlər təməlində sülhpərvər birgəyaşayış ənənələrinin möhkəmlənməsi ilə yanaşı, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə böyük töhfə verəcəyi şübhəsizdir.


Müstəqil Türk dövlətləri arasında iqtisadi-ticari inteqrasiyanın məqsədəyönlü axarda davam etməsi, eyni zamanda, Avrasiyanın geopolitik mərkəzində yeni iqtisadi gücün yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda müstəqil Türk dövlətlərinin toplam ümumi daxili məhsulunun həcmi təqribən 1,5 trilyon dollara bərabərdir. O cümlədən, Şərq-Qərb nəqliyyat dəhlizinin türk coğrafiyasından keçməsi çoxşaxəli inkişafa stimul yaradan digər mühüm amildir. Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi qeyd etdiyimiz iqtisadi potensialı daha da artırmağa, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizindən daha səmərəli istifadəyə imkan verir.


Beləliklə, Türk dövlətlərinin sarsılmaz birliyinə doğru aparan bu proseslərin bütövlükdə dünya siyasət meydanında yeni keyfiyyət dəyişiklikləri yaradacağı şübhəsizdir. Dezinteqrasiya və bölücülük meyllərinin getdikcə gücləndiyi müasir dünyamızda özünəməxsus tarixi-siyasi ənənələri, dövlətçilik təcrübəsi, milli koloriti və ümumbəşəri dəyərlərə sədaqəti ilə meydana çıxacaq Türk Dövlətləri Birliyi dünya siyasi sistemində konstruktiv-hərəkətverici qüvvə rolunu oynayacaq, beynəlxalq həyatı canlandıracaq, onun problemlərinin həllinə kömək edəcək, mövcud konfliktləri dayandırmağa qadir siyasi birliyin əvəzsiz örnəyi olacaqdır. Müasir dünyada hadisələrin bu günkü inkişafı bütün məntiqi və qanunauyğun prosesləri ilə türk respublikalarının belə bir müttəfiqliyinə yol açır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi