Modern.az

Elinanın intihar etdiyi məktəbin keçmiş direktoruna HÖKM OXUNDU

Elinanın intihar etdiyi məktəbin keçmiş direktoruna HÖKM OXUNDU

24 Oktyabr 2019, 12:31

Bu gün 162 saylı orta məktəbin intihar etmiş şagirdi Elina Hacıyevanın ölümündə təqsirləndirilən keçmiş direktor Sevinc Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Modern.az xəbər verir ki, hökmü Səbail rayon Məhkəməsi çıxarıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sabiq direktorun vəkili Sadiq Bağırov ittihamları qəbul etmədikləri bildirib.

Vəkil zərərçəkmişin həm keçmiş direktor, həm də Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddiasına da etiraz edib: 

“Sevinc Abbasovanın əməlində cinayət tərkibi yoxdur. Ona verilən ittihamlar nə istintaqda sübut olundu, nə də məhkəmədə. Ona görə də Sevinc Abbasovaya bəraət verilməsini xahiş edirəm”.

S.Abbasova özü də son sözündə bəraət istəyib. Deyib ki, o, 25 ilin müəllimidir, həm məktəbdə, həm də universitetdə dərs deyib: «Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində direktor təyin olunan 12 nəfərdən biri oldum. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləyiş olub. İşimə heç vaxt səhlənkar yanaşmamışam”.


Hökmə əsasən, Sevinc Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

Bundan başqa sabiq direktor Elinanın anasına 18 min 500 manat təzminat da ödəməlidir.

Elinanın ailəsi və vəkilləri hökmlə razı olmadıqlarını və apelyasiya şikayəti verəcəklərini deyiblər. 

Bakıdakı 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluq bildirmişdi.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir