Modern.az

“Yeni dalğa gəlir” - Elman Rüstəmov Prezidentin islahatlarından danışdı

“Yeni dalğa gəlir” - Elman Rüstəmov Prezidentin islahatlarından danışdı

25 Oktyabr 2019, 12:25

“Prezident İlham Əliyev andiçmə mərasimində növbəti 7 il üçün proqram xarakterli çıxış etdi. Bunun da əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasətin həyata keçirilməsi dayanır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Prezidentin son günlər start verdiyi islahatlara münasibət bildirərkən deyib. E.Rüstəmov qeyd edib ki, ölkə başçısının bütün siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır:

"İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır".

Elman Rüstəmov deyib ki, islahatların dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək:

"Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır".

E.Rüstəmovun sözlərinə görə, dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır:

"Bu gün dünyada 15 trilyon vəsait 0 və mənfi faiz altındadır. Bu o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda ozlərinə gəlir gətirən mənbə tapa bilmirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üzərində mübarizə aparmalıyıq".

Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütüm seqmentlərini inkişaf etdirməkdir:

"Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm: Beynəlxalq konsaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq".

Onun sözlərinə görə, qütbləşmənin artması üçün olduqca böyük təşviq tədbirləri var:

"Zəmanət Fondu, Aqrar Kreditlərin Maliyyələşdirilməsi Fondu, Sahibkarlığa Yardım Fondu və s. bu tipdə fondlar var ki, onların təşviqinə ehtiyac yaranıb. Onların hər biri analiz edilir: nə dərəcədə sistemlidir, cənab Prezidentin qoyduğu məqsədlərə necə xidmət edir, yeni iş yerləri yaradılırmı, istehsal gücləri aktiv kapital gətirimi və s. Bunlar çox ciddi analiz olunacaq ki, biz yeni strateji baxış yaradaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?