Modern.az

Daha bir universitetdə maaşlar artırıldı

Daha bir universitetdə maaşlar artırıldı

25 Oktyabr 2019, 14:36

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

BMU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda rektor, professor Havar Məmmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində atılan addımların ardıcıl xarakter daşıdığını vurğulayıb.

Rektor bildirib ki, son illər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər əməkhaqqı və digər sosial ödənişlərin artımına yönəldilməkdədir:

“Cari ildə də bütün sahələrdə çalışan vətəndaşlarımızın əməkhaqları, həmçinin minimum əməkhaqqı və minimum pensiya iki mərhələdə artırılıb. Bu sırada elm adamlarının, xüsusilə müəllimlərin əməkhaqlarının da əhəmiyyətli şəkildə artımı baş verib”.


Daha sonra iclasda BMU əməkdaşlarının əməkhaqlarının cari ilin 1 sentyabr tarixindən etibarən artırılması haqqında qərar qəbul edilib. Qərar verilərkən universitetin mövcud maliyyə imkanları, xüsusilə BMU-nin Azərbaycan universitetləri arasında ən yüksək əməkhaqqı sistemi tətbiq edən ali təhsil ocaqlarından biri olması nəzərə alınıb.


Qeyd olunub ki, əməkhaqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının icrası çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır:

“Belə ki, yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı müvafiq qərarlar verilib. Həmin qərarlara əsasən, müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Eyni zamanda, iclasda universitetin maliyyə imkanları nəzərdən keçirilməklə gələcəkdə də əməkhaqlarının artırılması məsələsinə baxılması qərara alınıb”.


Sonda rektor H.Məmmədov universitetin professor-müəllim heyəti və əməkdaşları adından, onların sosial müdafiəsinin yaxşılaşdırılması üçün atılan davamlı addımlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir