Modern.az

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

25 Oktyabr 2019, 17:04

Son zamanlar yayılan soyuqdəymə, qrip virusu valideynləri ciddi narahat edir. Sağlam uşaqlarının məktəbdə xəstəliyə yoluxduğundan narahat olan valideynlər istəyir ki, məktəb göstəriş versin ki, xəstəliyə yoluxan uşaqlar sağalanadək dərsə gəlməsinlər.

 

Maraqlıdır, ümumiyyətlə xəstəlik daşıyıcısı olan uşağın məktəbə gəlməsi nə dərəcədə doğrudur ? Məktəb rəhbərliyi xəstə uşaqlara sağalanadək dərsə gəlməmələri ilə bağlı xəbərdarlıq edirmi?

 

Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxubsa, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

“"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məktəblərdə şagirdlərə tibbi xidmət pulsuz göstərilir. Ümumi təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalar ilə sıx əlaqəli işləyir. Şagirdlər hər gün məktəbə daxil olarkən ümumi baxış keçirilir, həmçinin sinif rəhbəri və müəllimlərin səhhətində narahatlıq müşahidə etdiyi məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Eləcə də vaxtaşırı məktəblərdə tibbi-gigiyenik maarifləndirici görüşlər təşkil olunur, şagirdlər və valideynlərin məlumatlandırılması yerinə yetirilir”.

 

Pediatr Vaqif Qarayev deyir ki, uşaq xəstədirsə qəti şəkildə məktəbə getməməlidir. Həkimin sözlərinə görə, bir dəfə asqırmaqla 10-12 nəfəri yoluxdurmaq olar.

“Əgər xəstə uşaq məktəbə gedərsə, həmin uşaq gec sağalacaq, xəstəliyinin ağırlaşma ehtimalı daha da artacaq və ən əsası da sağlam uşaqları yoluxduracaq. Məktəb rəhbərliyi də virusun yayılmasında günahkardır, çünki xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır. Bəzi hallarda valideynlər xəstəlikdən qurtarmaq üçün immuniteti gücləndirən dərmanlar alırlar. Lakin qəti şəkildə deyirəm ki, o dərmanların heç biri uşağın immunitetini gücləndirməyəcək. Yaxşı olar ki, valideynlər uşaqların qida rasionuna, təmiz havayla təmasda olmasına xüsusi fikir versinlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir